Общественно-политическая интернет газета
Dünən həmkarımız İlhamə Rəsul bir paylaşım edib, həm ağlamalıdır, həm də gülməli.
Bu yerdə əslində təhkiyə belə davam etməlidir: “Ağlamalıdır ona görə ki... gülməlidir ona görə ki...”
Ancaq gəlin şərh verməzdən öncə paylaşımın özünə baxaq. Həmkarımız yazır: “Deməli, bir qohumun oğlu hərbi təhsil almaq üçün tibbi komissiyadan keçdi. Uşaqda ağlagəlməz xəstəliklər tapdılar: “Dişin əyridir, qaymaritin var, dalağın iki dənədir, yaramırsan”. Görüm-baxım elədilər. Uşaq oldu yararlı. Amma universitetə qəbul olunmadı. İndi əsgər gedəcək. Xəstələnib. Tibbi komissiya deyir, dəf kimisən, get xidmətini elə”.
Göründüyü kimi, indi həmin zabit olmaq istəyən oğlanın valideynləri yenidən tibbi komissiyaya “görüm-baxım” eləməlidirlər ki, bu dəfə gənc çağırışçının qaymaritinin (əslində onun adı haymoritdir, biz ruslardan götürüb qaymarit deyirik) olduğunu, iki dalaq gəzdirdiyini təsbit eləsin.
Haymorit ciddi sağlıq problemidir və haylara aidiyyatı yoxdur. Haymoriti olanlar soyuqda, açıq havada çox olanda tez xəstələnilər. Bu, xəstəlik törədən mikrobların haymar boşluğuna daxil olması nəticəsində iltihab ocağının yaranmasıdır. Dəqiq deyə bilmərəm, amma, məncə, haymar boşluğunda problem olandan düz-əməlli əsgər olmaz – xüsusulə də cəbhə bölgəsində.
Dişin əyriliyi isə əksinə, sırf hərbi səciyyəli məsələdir. Xüsusilə də düşmənlə üzbəüzdə olarkən onlar əyridiş əsgərimizi binoklla görsələr, qorxarlar, bir-birinə deyərlər, ara, türklər təzə priziv gətiriblər, canavar kimi uşaqlardır.
Dalağın iki dənə olmasının da məsələyə dəxli yoxdur. Heç olmamasındansa iki dənə olsun, nə olacaq. Maşına ehtiyat təkər ağırlıq etmədiyi kimi, iki dalaq da insana yük deyil.
Bizim ölkədə tibbi komissiyalar çox prinsipialdırlar, hələm-hələm saxtakarlıq etməzlər. Amma 10-15 il əvvəl cənub zonasında bir əsgəri sırf sağlam gənc kimi hərbi xidmətə göndəriblər, özü də təmas xəttinə, uşaq hərbi hissəyə çatdığının ertəsi günü komandir görüb ki, nəsə qaydasında deyil, gənc əsgər 2 metrliyindəki komandiri görmür. Komandir baxıb ki, bu oğlan nəinki hərbi xidmətə yaramır, əslində gərək bir yerə gedəndə ya yanında kimsə olsun, ya da çubuq-filanla yolu yoxlaya-yoxlaya getsin ki, çalaya, arxa, uçuruma düşməsin. Zabit çox qəzəblənib və “səni bura göndərənin...” feli ilə başlayan uzun bir cümlə qurub, sonra da raport yazıb, görmə əngəlli çağırışçını geriyə, öz rayonuna göndərib.
Bu hadisə mediaya da çıxmışdı, ta bilmədik, vicdansız “voenkomat”ı və ondan daha vicdansız olan həkimləri (tibb komissiyasının üzvlərini) cəzalandıran oldumu, yaxud Hippokrat andı onları tutdumu. Cəzalandıran deyəndə, əlbəttə, söhbət adı çəkilən şəxslərin boz otaqlara çəkilib, qorxudulub, 3-5 min ziyana salınmasından getmir. Hələlik bizdə ən ağır cəza budur – bəd əməl yiyəsini işdən çıxarmırlar, tutub türməyə salmırlar, eləcə, yığdıqlarını əlindən alırlar, buraxırlar.
O gün rayon yerində çalışan bir həkim danışır ki, istəyən adamlara hazır blanklarda sağlamlıq haqqında arayış verirmişlər, daha dəqiqi, adamı yoxlamadan-eləmədən arayışı 5-10 manata satırmışlar. Hüquq-mühafizə orqanlarından birinin əməkdaşı qohumunu öyrədib göndərib bunların üstünə, o “işverən” də pulunu verib arayışı alıb və həkimləri ilişdirib. Sonra baş həkimdən bir ətək, o biri həkimlərdən də yarım ətək pul alıb işi bağlayıblar. Nəticədə arayışın qiyməti onqat qalxıb.
Yəni belə şeylər də var. “Görüm-baxım” milli mentalitet məsələsidir. Əslində heç o qədər də milli deyil, axtarsan, beynəlmiləldir, dünyanın 200 ölkəsindən azı 170-də var. Ancaq baxır kim “görüm-baxım”ı nəyə görə edir və ya umur. Heç ağlınız kəsməsin ki, mədəni və ciddi ölkələrdə sağlıq problemi olan gənci hər hansı “görüm-baxım”la hərbi məktəbə qəbul etdirmək mümkün ola.
Eləcə də o cür ölkələrdə sağlam gənci hərbi xidmətdən “görüm-baxım”la saxlatmaq çətindir. Hərçənd pul qazanmaq istəyən ölkələr onun da çarəsini tapıblar, hərbi xidmət keçmək istəməyən pullu gənclər üçün “alternativ xidmət” icad ediblər, pullarını alır, 1 ay hərbi forma geydirib tərxis edirlər.
Övladının əvvəlcə zabit olmasını istəyən, indisə əsgər olmasını istəməyən valideynə isə deyəcək söz yoxdur. Bu, orta statistik vətəndaşdır, bəlkə də haymoritin nə demək olduğunu bilmir, ya da indi anlayıb ki, o şoqəribdən özündə də var.
КомментарииОставить комментарий