Свобода людям, независимость нациям!

Fransa Ermənistana SEZAR-la gəlir və ya Arakelyanı kim öldürdü?

Ermənistan Müdafiə Nazirliyi 31 yaşlı leytenant Gerasim Arakelyanın güllə yarasından öldüyünü açıqlayıb və növbəti dəfə şər-böhtana əl ataraq Azərbaycanı ittiham edib. Ötən ay da bənzər iftiraya əl atmışdılar, intihar edən, yaxud “dedovşina”nın güdazına gedən hansısa Vartanın ölümünə görə bizi günahkar elan etmişdilər.

Azərbaycanın Müdafiə Naziriliyi qətiyyətlə təkzib etdi. Bildirildi ki, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atəş açmayıb: “Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti şəkildə təkzib edirik”.

Hay-küyçü haylardan nə Ermənistanda, nə də ondan kənardakı havadarlarından kimsə soruşmur ki, bu, nə şivəndir, Azərbaycan sizə niyə atəş açsın ki? Azərbaycan işğal altındakı ərazilərini demək olar ki, azad edib, 8 kənd qalıb, onu ya azad edəcək, ya da edəcək! Belə olan təqdirdə niyə tətiyə bassın ki?

Azərbaycan dövləti qurub-yaratmaqdadır, bir neçə gün əvvəl Laçının Ermənistanla şərti sərhədləri boyunca keçib, dövlətimizin Laçın qapısının, Həkəri körpüsünün altından keçərkən də aydın müşahidə etdik möhtəşəm quruculuq işlərini. Azərbaycan dövləti ermənilərlə üzbəüz ərazilərə, Zabuxa belə dinc əhalini köçürür, vətəndaşlarımız öz evlərində rahat həyata başlayıblar 30 ildən sonra, bundan sonra hərbi toqquşma bizim nəyimizə gərəkdir? Bəli, düşmən təxribata əl atacaqsa, dərhal cavabını alacaq, elə sərhədçilərimiz, ordumuz, təhlükəsizlik qüvvələrimiz də Ali Baş Komandanın bir işarəsini gözləyirlər, ayıq-sayıqdırlar. Amma və lakin indiki durumda Azərbaycan hətta Ermənistana anlatmağa çalışır ki, artıq münasibətləri yenidən başlamaq, sülh-əminamanlıq halında yaşamaq, kifli iddialardan imtina etmək lazımdır. Yəni Azərbaycan dövləti həm də erməni xalqının taleyini düşünür, belə olduğu halda savaşı niyə istəsin ki?

Bəs, bu durumda savaşı istəyən, gərginliyi tətikləyən kim(lər)dir? Birinci elə Ermənistanın özü. Elə bu gün, 4 dekabrda İrəvanda ağ bayraq qaldıraraq, xunta rejimini dəfn edərək Qarabağdan getmiş separatçı yığını keçmiş oyuncaq “parlament”in iclasını çağırmışdı. Digər tərəfdən bir dəstə revanşist cani toplaşıb Ermənistan parlamentinə yeni qanun layihəsi təqdim ediblər: Qarabağı Azərbaycan ərazisi hesab edənlərə və saxta “soyqırım”ı inkar edənlərə cəza verilməsi mexanizmini təklif edirlər bu quldurlar. Ermənistan parlamenti isə revanşistlərin qana çağıran təşəbbüslərini zibil qutusuna atmaq əvəzinə, onun müzakirəsini iki aylıq təxirə salıb. Bu, nə deməkdir? Elə Azərbaycanı müharibəyə çəkmək deyilmi? Baş nazir Nikol Paşinyan gecə-gündüz bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, həmin parlamentin sədri Alen Simonyan bildirir ki, hətta 15 günə sülh imzalamağa hazırıq, baş diplomatları Ararat Mirzoyan da özünü “ağ göyərçin”ə bənzədir. Amma bütün bunlar beynəlxalq aləmin gözündən pərdə asmaq üçündür. Arxa fonda hər cür alçaqlığa əl atırlar. Elə həmin Simonyandır deyir Azərbaycan Ermənistanın 31 kəndini “nəzarət altına alıb”. Əbləhlik sərhəd tanımır. Azərbaycan dövləti sülh istəməsə, Ermənistana göndərdiyi sülh təşəbbüslərinə 70 gün cavab gözləməzdi, Ermənistanla sərhəd müzakirəsinin elə sərhəd bölgəsində aparılmasına qərar verməzdi. Ermənistan sülh danışıqlarının gah Vaşinqton, gah Brüssel, gah Qranadada, özünün “böyük bacısı”nın, yaxud digər hamilərinin müşayiəti ilə aparılması üçün canfəşanlıq etdiyi halda, Azərbaycan açıq şəkildə bildirdi ki, danışmaq istəyirsənsə, bu meydan, bu da şərti sərhəd! Sadəcə Ermənistan Azərbaycanla təkbətək, üzbəüz qalmağa cəsarət etmədiyi üçün növbəti dəfə çevrəsinə dəstəkçilər toplamağa çalışır. Bu mənada istisna deyil ki, hərbçisinin ölüm ssenarisini də əvvəlcədən hazırlayıb, özünə marağı artırmaq, daha çox dəstək qazanmaqdan ötrü.

Amma bu da şübhə doğurmur ki, Ermənistan bu təhlükəli ssenarini təkbaşına yazmayıb, o cürətin sahibi deyil. Bəs ki? ABŞ Senatının “erməniləri müdafiə aktı”nın, Ermənistana hərbi və maliyyə yardımının edilməsi ilə bağlı addımların ardınca Fransa Senatı estafet çubuğunu aldı. Ötən həftə fransız senatorlar “növbəti dəfə səhv etmək olmaz” deyib, Ermənistana növbəti silah-sursat, zirehli texnika partiyasının göndərilməsini sürətləndirməyə çağırdılar. Bundan əvvəl “Bastion” tipli 24 zirehli texnika göndərilmişdi Gürcüstan yolu ilə, indi də daha 26-sını yollamağa hazırlaşırlar. Eyni zamanda Ermənistan Fransadan GM-200 radarlarının alınması ilə bağlı müzakirələrə başlayıb. Fransa Senatı isə SEZAR artilleriya sistemlərinin mümkün qədər tez Ermənistana tədarük edilməsini zəruri sayır. Diqqət edin, “sülh sazişi” imzalamaq istəyən ölkə SEZAR alır, artilleriya sistemləri. Sülh imzalamaq üçün artilleriya sistemləri lazım imiş...

Dünyanın bir çox nöqtələrindən qovulan Fransa Ermənistanda mövcudluğunu bərqərar etməkdən ötrü hər cür fitnələrə əl atıb. Avropa İttifaqının müşahidə missiyasının şəxsi heyəti son bir il ərzində 3-4 dəfə artırılıb, həmçinin müddət uzadılıb. İstisna deyil ki, Fransa sonda Ermənistanı özü üçün “qala”ya çevirmək istəyir, İrana, Rusiyaya, Türkiyə və Azərbaycana qarşı istifadə üçün. Bəs, silah-sursatı necə gətirmək olar bu ölkəyə? Təbii ki, başqa adlar altında buna çalışsa, müqavimətlə rastlaşacaq. Deməli, ən “uyğun” variant yenidən Azərbaycan və Ermənistan arasında gərginlik ocağı yaradıb, hərbçilərini, silah-sursatını, zirehli texnikasını Ermənistana daşımaqdır. SEZAR-ı elə-belə yollamırlar Ermənistana. Məntiq onu deyir ki, Ermənistan düşmənini tanımalıdır. Bu dəfə “atan kazaklar”...deyil. 3 yaşlı qız atası olan Gerasim Arakelyanı qətlə yetirən...onun “böyük bacısı”dır, özünün Ermənistanla bağlı planlarını həyata keçirmək istəyən Fransa. Təbii ki, həm də Fransasayağı üstümüzə gələn digər güc mərkəzləri sıxıb tətiyi...

 

 

Нет комментариев

Новости автора