Свобода людям, независимость нациям!

Fəallaşmış yazıçılar

Qusarda meşə ərazisini pulla satan bələdiyyə sədri yaxalanmışdır. Korrupsiya ilə mübarizə tədbirləri şiddətlə davam etdirilir. Ondan bir-iki gün qabaq da Qaradağ rayonunda, icra başçısının Lökbatan qəsəbə nümayəndəsi tutulmuşdu. Həmin yoldaş da təxminən eyni cinayəti törədib. Torpaqları ev tikilməsi üçün qanunsuz şəkildə, rüşvət alaraq satırmışlar. 

Maraqlıdır ki, Qusarla Qaradağın təbiəti bir-birindən yerlə göy qədər fərqlənir. Qusar dağlar, meşələr, Qaradağ səhralıq, ot bitməyən torpaqlar. Xüsusilə Lökbatan tərəflər boz çöllərdir. Yəni, hardan baxırsan bax, bu vətənin torpağı qızıldan qiymətlidir. İstər Qusar olsun, istər Qaradağ. Hamısı yaxşı pula gedir. Təbii ki, bunu oğurlamaq istəyənlər də daim olacaqdır. 

Lakin hörmətli baş prokurorluq belə “çirkin rüşvətxorlarla” (Hacıbala müəllimin sözü idi, Bakı ŞİH-in müdiri işləyəndə bir müşavirədə söyləmişdi) mübarizə apararkən onların diqqətini yayındırmaq istəyənlər tapılır. Belə qara qüvvələrdən biri yazıçı Əkrəm Əylislidir. Çox adamın yadında qalar, uzun illər qabaq Əkrəm müəllim nəsə sarsaq bir yuxusunu qələmə almışdı. Ermənipərəst yuxu idi, indi görməsin. Hərçənd, görsə də olar, artıq o cür işləri ədəbi-bədii üsullarla həll eləmirik, qələmin xeyri olmadı, qılınca keçdik.

Uzun sözün qısası, Əkrəm müəllimin yuxusu daş kimi ortaya düşəndə xalq qəzəbləndi, hökumət hərəkətə keçdi, Əkrəm müəllimin kitablarını yandırdılar. Xalq yazıçısı adı da ləğv olundu. Daha sonra Əkrəm müəllim hava limanında hansısa sərhədçini yıxıb yerə əzişdirdi, cinayət işi açıldı və sairə. 

İndi Əkrəm müəllim prokurorluğa müraciət yazıb, deyir, 8 ildir həmin cinayət işi nə bağlanır, nə sona çatır, mənim də şəxsiyyət vəsiqəmi əlimdən alıblar, heç yerə gedə bilmirəm və sairə. Sitat: “Mən 87 yaşın içindəyəm, cənab Baş Prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar İncəsənət Xadimi, ölkənin yüksək ”İstiqlal" ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib. Bütün bunlara baxmayaraq, artıq 8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm". 

Həqiqətən, Əkrəm müəllimin 79 yaşında sərhəd-gömrük xidmətçi əməkdaşını döyməsi bir az qəribə əhvalat idi. Lakin biz kimə inanmalıyıq? Əlbəttə, prokurorluğa. Yoxsa niyə iş açılmışdı? Bizdə əməkdar incəsənət xadimlərinə yaxşı pul verirlər, dövlətimiz ovcunda saxlayır. Elə dünən iki dənə teatra milli statusu verildi. Buna qədər dövlət teatrı idilər, sabahdan milli dövlət teatrı adlanacaqlar. İnşallah, özlərini yaxşı aparsalar “hovuza su buraxılacaq”: tezliklə akademik milli dövlət teatrı olacaqlar. 

Hamısı puldur, boşuna deyil ki. Dövlət teatrı olanda aktyor antrakt zamanı “peraşki” yeyirsə, milli teatr adı alanda artıq bozbaşa keçirlər. Akademik statusu isə hətta qabırğa kababıyla bəslənməkdir. Ona görə akademik milli dram teatrımızın xalq artistləri tez-tez dalaşırlar, bəzən rejissoru döyürlər. Kababın enerjisidir. Hərdən həmin enerji salona da ötürülür, xalq əl çalır. 

Bütün hallarda, mövzumuza qayıtsaq, Əkrəm Əylislinin rüşvətxorluqla mübarizə aparan prokurorluq əməkdaşlarının diqqətini “bir abbası” ilə - öz 8 illik şəxsiyyət vəsiqəsizliyi ilə yayındırması neqativ hadisədir. 

Özü də deyir tanınmış ziyalıyam. Tanınmış ziyalının sənəd nəyinə lazımdır ki? Onsuz hara getsən xalq səni tanıyır. İmkan ver, ağac qıranları tutsunlar. Sonra “Adamlar və ağaclar”ın davamını yazmaq da olar. 

P.S. Ümumiyyətlə, son günlər yazıçılar bütün dünyada pis mənada aktivləşiblər.



Нет комментариев

Новости автора