Общественно-политическая интернет газета
Dünən Feysbukdakı itoynadan dostlar bir video paylaşmışdı. Elə bir video idi ki, çoxdan bu ölkədə heç nəyə, hətta Xankəndidəki ABDA (Arayik, Bako, David, Arkadi) çetesinin cələklənərək Bakıya gətirilməsinə təəccüblənməyən bəndəniz xeyli heyrətləndi və o, videoya 2-3 dəfə təkrarən baxdı ki, görsün, yanlış eşitmir ki.
Video belədir: bir gənc və gözəl qız divanda oturub mahnı oxuyur. Əynində pencək var və deyəsən, olanı elə odur. Geyimi özünə qalsın, özü bilər. Amma mahnıda işlətdiyi sözlər gerçəkdən də dilə gətiriləsi deyil.
O sözləri burda olduğu kimi yazsa, yazsa, ölkənin ən həyasız adamları yaza bilər, onlar da sonra utanar, silər.
Ona görə də o mahnıfason şeyin bir sətrini belə sitat gətirə bilmirəm. Eldən ayıbdır. Yalnız mənsur şəkildə onu deyə bilərəm ki, qız Balaəlinin “Rang Rover”indən umur, xüsusi şofer, mənzil açarı, İstanbulda macəralar, bahalı ətir-filan istəyir və deyir ki, gənc qızam, pulum yoxdur. Amma o, Allah tərəfi, bütün bunları əldə etməyin yolunu-yolağasını da bilir. Yəni qızın əlində aydın “yol xəritəsi” var, politoloqlar demişkən.
İndi təsəvvür edin ki, bu gənc qız həmin “yol xəritəsi”nin bir feldən ibarət olan detalını, yəni nə etməli olduğunu hecalaya-hecalaya oxuyur. Burasını isə gələcəkdə onu alıb arvad edən oğlan düşünə bilər, bizə dəxli yoxdur.
Bizə dəxli olan odur ki, abırsızlıq, həyasızlıq, pozğunluq o həddə çatıb ki, bəzi qadınlar artıq fahişə adlandırılmaqdan qorxmurlar, hətta bunu norma, üstünlük sayırlar. Bu, infeksiyon mərəzdir, sirayətedicidir, yoluxucudur, ona görə də epidemiyaya səbəb ola bilər.
Keçmişdə adına söz çıxan qızlar gedib özlərini yandırardılar, faciədən sonra məlum olardı ki, eləcə, qonşunun oğluyla çəpər başından bir-birinə kitab verəndə hansısa küpəgirən qarı onları görüb, camaata duy vurub ki, filankəsin qızını oğlanla tutub.
O dövr keçib. İndi əksinədir, bəzi sənətçi qadınlar öz adlarına söz çıxarırlar ki, populyarlaşsınlar, müştəriləri, saxlamaq istəyənləri artsın, bir az kasıb sponsorun əvəzinə daha pullu sponsor tapsınlar. Çəkdirdikləri kliplərdə öz gözəlliklərini (əsasən omba və süd tuluğunu) göstərmək, bacarıqlarından, niyyətlərindən bəhs etmək bundan ötrüdür. Kimsə onlara “fahişə” deyəcəksə, cəhənnəmə desin, əsas odur ki, xanımın lüks avtomobili, ikimərtəbəli həyət evi olsun, ildə 3-4 dəfə xarici kurortlarda macəra yaşamağa, bahalı plastik əməliyyatlara girib, özünü yığdırmağa pulu gəlsin.
Bəzən adları çəkilməyəndə, efirlərə dəvət edilməyəndə, özləri demişkən, qalmaqal yaratmayanda, dilxor olurlar və bir şeylər fikirləşirlər. Müasir dövrdə populyarlığın təminatı belə şeylərdir. Məşhur rus aktrisası Faina Ranevskaya deyirmiş ki, son vaxtlar mənə fahişə demirlər, deyəsən, populyarlığım azalır. Bunlar da elə düşünür.
Yadıma uzun illər öncə təyinat yerində işlədiyim zaman şahidi olduğum bir məqam düşdü. Rayon mərkəzindən 3-4 kilometr aralıda, dərə-təpələrin arasında ləziz yeməklər verən bir restoran vardı, adı yadımdan çxıb. Zatən, restoranın adını çəkən yox idi, hamı bir-birinə oranı “Vəsmə dərəsi” kimi isnad verirdi: “Atışaq, gedək “Vəsmə dərəsi”nə, osetrin kababı yeyək”; “O gün müdir “Vəsmə dərəsi”ndə bizə əla bir qonaqlıq verdi”; “Bakıdan qonaqlar gələcək, gərək onları “Vəsmə dərəsi”nə aparaq” və s. və i.a.
Bir dəfə baş iqtisadçımızdan soruşdum ki, ora niyə “Vəsmə dərəsi” deyirlər. Məndən 4-5 yaş böyük adam idi, bir andaca sifəti qızardı, əvvəlcə cavab vermək istəmədi, sonra aramızdakı yaş fərqinin çox olmadığını mülahizə edərək dedi: “Burda əvvəllər Vəsmə adlı bir qız olub... yəni tras şeyi... müştərilərini o dərəyə aparırmış. Elə də adı qalıb”.
Sonra o, mənə xəbərdarlıq etdi: “Amma sən yerli adamların yanında Vəsmə barədə heç nə soruşma, xətirlərinə dəyir”.
Qəribəydi, həm dərəni o qadının adıyla adlandırırlar, həm də onun özü barədə danışmağı sevmirlər. Güman ki, bu nəsə rayon təəssübü, el qeyrəti çəkmək məsələsiydi. (Əslində mən də sırf camaatın qorxusundan dərənin adını dəyişmişəm).
Yəni adamlar belə intim məsələlər xüsusunda açılışmağı sevmirdilər, eldən arlanırdılar, indi bəziləri rayon adını özlərinə təxəllüs götürürlər və heç kəsdən çəkinib-eləmirlər, üstəlik, bu cür mahnılar oxuyur, özləri barədə açıq afişa vururlar.
Feysbuk dostlarımızdan biri sözügedən videonun altına iki kəlmə söz yazıb, düz onluqdan vurub: “Fa...lərin himni”. Dəqiq. Himnləri var, gerb-zad da düzəldərlər, iş tamam olar.
КомментарииОставить комментарий