Общественно-политическая интернет газета
“Göz gördüyündən qorxar”
(Azərbaycan ata sözü)
Türkiyədə, Tik-tok şəbəkəsində bir qadın “100 min lirə göndərin, sinəmi açım” yazıbmış. Bizim pulla 6 min manat edirmiş. Açıb, açmayıb, xəbərim yoxdur. Ancaq deyəsən ona cinayət işi açıblar. Qardaş ölkəmizdə əxlaqi münasibətlər ciddi şəkildə tənzimlənir. Heç kim internetdə ora-burasını aça bilməz. Dərhal tuturlar.
İndi ağlıma gəldi ki, burada hansısa əlaqə var: hansı ölkədə qapalılıq varsa, orda daha çox cinayət işi açırlar. Şair demişkən, bir yandan boşalan, bir yandan dolan dünyadır... Hərtərəfli qapalı olmaq çətindir. Bir yanı qapadınsa, o biri yanı açmalısan.
Məni bu mövzuya isə bir dostum yönəltdi. Link göndərmişdi və həmin linkdə azərbaycanlı keçmiş deputatın bir mövzuya münasibəti açıqlanırdı. Sitat: “Ölkəmizdə də TikTokda qeyri-etik davranışlarla, diqqət üzərinə çəkməklə qazanc əldə edən şəxslər var. Bəs bu şəxslərin cəzalandırılması üçün Azərbaycanda yeni bir qurum - ”Əxlaq polisi" yaradıla bilərmi? Bununla bağlı Bakıvaxtı.az-a danışan sabiq deputat bildirib ki, əxlaq polisinin yaradılması çox asan məsələdir: “Məncə, hazırkı vəziyyətdə əxlaq polisi yaradılsa yaxşı olar. Bu, sosial şəbəkələrdə təbliğ olunan əxlaqsızlıqların qarşısını alar. Heç olmasa, bu istiqamətdə müəyyən qədər iş görüləcək”. Sitatın sonu.
Sayt deputatın adını yazmışdı, mən çıxartdım, istədim özüm ayrıca yazım. Çünki çox maraqlı şəxsiyyətdir. Nəsə, sizi çox intizarda qoymaq istəmirəm: Hüseynbala Mirələmov. Yəni, Hüseynbala müəllim təklif edir ki, bizdə əxlaq polisi yaradılsın, internetdə əxlaqsızlığı təbliğ edənləri tutub bassınlar. Bir daha yazıram: Hüseynbala Mirələmov əxlaq polisi yaradılmasını təklif edir. Hətta istəyirəm üçüncü dəfə yazım, oxuculara yazığım gəlir.
Əlbəttə, lazımdır. Əxlaq polisini nəzərdə tuturam. Bunu Hüseynbala müəllim tamamilə düzgün söyləyir. Çünki bizim cəmiyyətdə əxlaqsızlıq baş alıb gedir. Pozğun adamlar nəinki ekran-efirlərə çıxır, xalqın tərbiyəsini pozur, hətta zavod direktoru və parlamentar da ola bilir. Eyni zamanda, belə şəxslərə uzun zaman dözən cəmiyyətin əxlaqı ciddi şübhə altındadır.
1976-cı ildə çəkilən “Oyuncaq” adlı fransız filmi var, baş rolda Pyer Rişar oynayır. Orda müdir əməkdaşına şalvarını soyunmağı əmr edir, işçi tabe olanda isə deyir: “İndi bizim hansımız daha eybəcərik? Sizə şalvarı çıxartmağı əmr edən mən, yoxsa dalını açmağa hazır olan siz?” Nə edək ki, bizim Şekspir sualımız bu formadadır. Atalarımızın canını qurtarmaq üçün söylədiyi sözün yeridir: malımız budur, yarısı sudur, alsan da budur, almasan da budur.
Sanki əxlaq polisi olmasa biz davranışımızı tənzimləyə bilmərik. Qoy onda dil polisi də yaradılsın, ana dilimizi qorusun. (Bu təklifin müəllifi mən deyiləm, Sabir Rüstəmxanlıdır). Gül polisi güllərə baxsın, əl polisi, məsəl üçün, əluzunluq edən deputatları nəzarətdə saxlasın və sairə və ilaxır - baxır cəmiyyətimizin fantaziyalarına. Elə yuxarıdakı sitatda saytın jurnalistinin “düşüncəsinə” diqqət elədinizmi? Yazır ki, diqqət cəlb edib pul qazananlara cinayət işi açılsın. Sanki bunu məcbur edib Tik-toka salırlar. Xoşun gəlmir, baxma. Nə məcburdur?
Hərçənd, insaf naminə qeyd edək ki, ölünü özbaşına qoymaq da çətindir. Bu yaxında Bakı şəhərində dövlət reklam idarəsi dükanların canına düşüb reklam lövhələrini sökür, kvadratına görə pul, rüsum tələb edirdi. “Sahibkarlar” isə narazı qalmışdılar. Deyirdilər niyə bizə dükanı reklam etməyə imkan verilmir. Halbuki, bu əcaib dükan reklamlarına qarşı nəsə tədbir görməyin vaxtı çoxdan çatıb, hələ bəlkə keçib. Kimin ürəyi necə istəsə, hansı ölçüdə, hardan istəsə palaz boyda reklamlar asır. Bəzən səkidən keçmək olmur, reklamlar adamın başına, gözünə girir. Şəhərin estetikası da zibil günündədir, hər yer əcaib yazı-pozu ilə doludur. Sanki təzə yazmağa başlayan uşağa reklam şirkəti açıblar, deyiblər haranı istəsən yaz. Korrupsiya ehtimalını bir qırağa qoyub bu aksiyanı dəstəkləmək lazımdır, lakin bizimkilər nə etdilər? Ağız büzürdülər.
КомментарииОставить комментарий