Общественно-политическая интернет газета
Yer planetində əsasən iki paralel dünya var. Biri müsəlman dünyasıdır, digəri isə bu biri dünyadır. “O biri dünya” desək, elə çıxardı ki, axirət-filan nəzərdə tutulur (o da əsasən müsəlmanlarındır).
Həmin bu biri dünyanın sakinləri yaponlar, çinlilər, induslar, zuluslar, hollandlar, finlandlar, yəni Avropa xalqları və başqa dinlərə etiqad edən xalqlardır. Müsəlman dünyası ilə bu biri dünya neçə yüz ildir bir-biri ilə çulğaşmır, qaynayıb-qarışmır, hələ il-ildən toqquşmaları artır,
Sanasan, bu, qərbindəki suyu şirin, şərqindəki suyu duzlu olan Balxaş gölüdür, şirin və duzlu suyu bir-birinə qarışmır. (Yeri gəlmişkən, Balxaş dünyada bu özəlliyə sahib olan yeganə göldür).
Müsəlman dünyası ilə o biri dünyanın üst-üstə düşməyən şeyləri çoxdur – sağdan sola yazmaqdan tutmuş ta təqvimə, geyimə qədər. O qədər ziddiyyətlər var ki, adama elə gəlir, nə vaxtsa yadplanetlilər Yerə iki kosmik gəmiylə gəliblər – birində müsəlmanlar olub, o birində o birilər.
Budur, xəbər gəlib ki, Küveyt hakimiyyəti əxlaq normalarına uyğun gəlmədiyi və ənənəvi dəyərlərə zidd olan fikirləri yaydığı üçün “Barbi” komediyasının və “Mənimlə danış” qorxu filminin nümayişini qadağan edib.
Bu filmlər, xüsusilə də “Barbi” dünyanın bütün ölkələrində, türkün sözü, bəyaz pərdələrdə nümayiş etdirilib, hələ 1 milyard dollardan da çox pul qazanıb, amma gəlib Küveytdə “ilişib”. Çünki filmdə əxlaq normalarına zidd kadrlar var.
“Əxlaq normalarına zidd kadrlar” deyərkən, elə çıxmasın ki, Küveytdə, eləcə də o biri ərəb-müsəlman ölkələrində yaşayanlar eşq-məşq sahəsində zahidanə həyat keçirirlər və elə şeylərlə araları yoxdur. Bildiyimiz kimi, elə deyil, məhrəm, intim məsələlərdə ən həvəsli elə onlardır, imkanı çatan 4 rəsmi arvad alır, limitsiz sayda da seksual partnyor tapır. Fəqət onlar belə şeylərin bəyaz pərdədə göstərilməsini düzgün saymırlar, deyirlər, bu, gənc nəslin, xüsusilə də qadın tayfasının tərbiyəsini pozar, qafasını qarışdırar.
Bir filmdə qız xeylağı üzü və dizi açıq şəkildə motoskilet sürən oğlanın tərkinə minib yellənə-yellənə, şellənə-şellənə yol gedirsə, bu, ərəb dünyasında romantika-zad deyil, əxlaq qaydalarının pozulmasıdır. Ta o yerdə ar-abır, namus-qeyrət, həya-ismət qalarmı? Qadın xeylağının saçı və topuğu görünməməlidir. “Görünsə, nə olacaq” sualının kafir adlandırılmaqdan ta bəzi ölkələrdə dar ağacının altına dartılmağa qədər geniş çeşiddə cavabı var.
Şair də deyir, “gümüş topuğunda xal, sənə qurban”. Nə topuq, a kişi? O topuq təsvirinə görə adamı elə günə qoyarlar ki, qıçı topal, başı təpəl olar, hələ dili də topuq vurar, iranlılar kimi, “ağa, güzəşt” (yəni, “bağışla”) də deyə bilməz.
Bir dəfə dostlar elektron poçtuma hansısa müsəlman ölkəsinin qadın həndbol komandasının əcnəbi komandayla oyununun videokadrlarını göndərmişdilər. Açıb baxdım ki, əcnəbi idmançıların üz və diz nahiyəsi iri və qara smayliklərlə örtüblər, başdan-ayağa qədər örtülü geyinmiş müsəlman idmançıların isə yalnız üzü “smayliklənib”. Kadrlarda görünən eləcə o idi ki, üzləri görünməyən qara paltarlı insanlar fırfıra kimi fırlana-fırlana o yan-bu yana diyirlənən “smaylik”lərlə həndbol oynayır. Allah tərəfi, topa dəyməmişdilər. Adamın gözü qaralardı.
Nə məcburdur axı? Belə idman verilişi verməkdənsə, verməmək daha yaxşı olardı. Ondan da keçən yerdə, çox vacibdirsə, 7\24 və il/12 ay millətin namus-qeyrətinin təəssübünü çəkən ölkələr beynəlxalq yarışlara qatılmasın, öz paralel dünyalarında paralel və əxlaqlı idman yarışları təşkil etsinlər, həmin idman yarışları televiziya ilə nümayiş etdirilməsin, qadınların yarışına tamaşaçı kişilər, kişilərin yarışına isə tamaşaçı qadınlar buraxılmasın, hamının da qəlbi rahat olsun.
23 il qabaq ölkəmizdə bir özəl telekanal vardı, o da filmlərin məhrəm yerində, yəni bir kişi bir qadına yavuqlaşanda və ya kadrda libassız diz və bel nahiyələri görünəndə ekranı qaraldırdı ki, tamaşaçı həmin o “əxlaqsız epizodu” görməsin. Onunla paralel yayın yapan başqa telekanallarda isə əməlli-başlı pornofilm verirdilər. Axırı yaxşı olmadı, o TV məişət məsələsində nə qədər “əxlaqi dəyərlər”ə önəm versə də, siyasi əxlaq məsələsində səhvə yol verdi, hökumət də valı dəyişdirib “Apardı sellər Saranı” mahnısı qoydu.
Bu məsələdə ən pis durumda qalan biz və bizim kimi olan ölkələrdir. İdman yarışlarına eynilə avropalılar kimi qatılırıq, bircə son vaxtlar idmançılarımızın saqqalı göbəyə tərəf enməkdədir.
Ona görə də Avropada, o biri tərəflərdə bizə “müsəlman ölkəsi” deyir, qıyqacı baxırlar. Dibdən müsəlman ölkələrində isə uzun saqqalımıza baxmırlar, şortikimizə baxırlar və üzümzə deməsələr də, bizi “kafir” sayırlar.
P.S. Gərək “Barbi”yə baxım, bəlkə filmdə doğrudan da uyğunsuz hərəkətlər var – məsələn, “oh, yes” kimi nidalar, sədalar.
КомментарииОставить комментарий