Общественно-политическая интернет газета
Yanlış təsəvvür var ki, guya biz heç yana tələsmirik, səbirli, dözümlü xalqıq. Düzdür, hövsələli insanlarımız da az deyil, ancaq ümumilikdə, elmi dillə desək, orta statistik azərbaycanlının hesabıyla tələskən toplumuq.
Bunun ən geniş örnəyinə işıqforlarda rast gəlmək olar. Yaşıl işıq yanır, qarşıdakı avtomobil saniyənin mində biri qədər gec tərpənsə arxadakı avtomobillərdən siqnal ulartıları asimana bülənd olur. Məlum deyil bu adamlar bir-iki saniyə tez getsələr nə əldə edəcəklər. Köhnə vaxtlar olsa “bəlkə həyat yoldaşı doğmaq üzrədir, o səbəbdən tələsir”, yaxud, “xaricə bilet alıb, avtobus çıxır” kimi bəhanələr uydurmaq olardı, lakin xaric yavaş-yavaş üzümüzə qapanır, maşallah, solçu ətcəbala qədeşlərimiz bir neçə ilə sovet quruluşunun bu gözəlliyini canlı müşahidə etmək imkanı əldə edəcəkdir; doğum faizi də ildən-ilə aşağı düşür, deməli doğum siqnal üçün səbəb ola bilməz.
Hətta bir dəfə piyada keçidində yol mənim olsa da avtomobil az qala ayağımın üstündən keçirdi, özümü saxlaya bilmədim, ona “çoban” dedim. İnanmazsınız, azacıq gedib təzədən maşını arxaya verdi, soruşdu ki, niyə ona çoban deyirəm. Ona keçid işarəsini göstərdim, dedi: “Əcəb eləyirəm, mən həmişə belə sürürəm”. Dəmir məntiq idi, nə sözüm olacaqdır?
Xülasə, sürətlilik, dəqiqlik canımıza hopur. Bunun “bariz misalı” (əski qəzetçilər demiş) təzəlikcə Bakıda yaşandı. Ağa Nemətulla küçəsində - “Nərimanov” metrosu tərəfdə bir binanın təpəsində böyük saat var. Hələ sovet vaxtından ordadır, yəqin paytaxt sakinlərinin çoxu görmüşdür. Və, açığı, o saatın dəqiq, ya qeyri-dəqiq işlədiyi haqda heç zaman xüsusi bilgim olmamışdır. Əsas da ona görə ki, əslində o saat çox solaxay və hündür bir yerdədir, zamanı ondan öyrənmək üçün insan çox bekar olmalıdır: küçədə xüsusi yer seçib baxmalıdır. Bu yaxında kimsə ona baxmışdı və dəhşətli bir faktın üstü açılmışdı. Sən demə saat 5 dəqiqə geri qalırmış. Ya da qabağa gedirmiş – dəqiq xatırlamıram.
Bu haqda müvafiq dövlət orqanlarına şikayət edilmişdi. Sonra saatı düzəltdilərmi, bunu da bilmirəm. Ancaq şübhə etmirəm. Ki, saatın düzəldilməsi üzrə müvafiq dövlət komissiyası yaradılmış, bəlkə NK-ya üç aylıq zaman ayrılmışdır.
İsveç alimlərinin araşdırmalarına görə hazırda dünyada ən dəqiq iki camaat vardır. Biri bizik, ikincisi də yaponlardır. Almanlar üçüncü yerə güclə çıxıblar.
Orfoqrafiya, orfoepiya da bizim üçün həddən artıq önəm daşıyır. Xalq acından ölər, lakin hansısa yazıda “məşhur”, “layihə” sözlərinin səhv getməsinə dözməz! O cümlədən, “da”, “də” şəkilçilərinin bitişik və ayrı yazılması böyük diqqət mərkəzindədir.
Örnək üçün, bu yaxında şimal bölgəmizdə kənd sakinlərinin şiddətli şikayəti kütləvi informasiya vasitələrinə sızmışdı. Onlar kəndə qaz verilməsini, iş yerləri açılmasını, sosial yardımlar... Əşşi, zarafat edirəm, bizdə elə problemlər aradan qalxıbdır, kəndlilər öz yurdlarının adının xəbərsiz dəyişdirilməsindən narahat idilər. Sən demə kəndin adı Əvəcuq imiş, indi isə hökumətin hansısa qərarıyla olub Əvəcük. Əvəcuqlular əvəcüklü olmağın sənəd, kağız-kuğuz işlərində onlara çətinlik törədəcəyini haqlı olaraq düşünürdülər.
Kəndin adını dəyişdirən deputatlar və başqa məmurlarımızın məntiqi də maraqlıdır. Əvəcuqla Əvəcükün fərqi nədir, şəxsən mən anlamıram. Bəlkə Əvəcük qədim türk sözüdür, “inanılmaz inkişaf” deməkdir – o zaman bir iradımız yoxdur. Bu temada ata sözümüz var, deyir adımı güvəc qoy, ancaq ocaq üstünə qoyma.
P.S. Güvəc – içində qatıq-filan saxlanan, bəzən yemək bişirilən dar boğazlı saxsı qabdır. Nədənsə son vaxtlar plastik uşaq qarşokuna da millətimiz güvəc deməyə başlamışdır. Yəqin zamanla etiraz etməyimiz lazım gələcəkdir.
КомментарииОставить комментарий