Общественно-политическая интернет газета
Neçə gündür gündəmin əsas mövzusu 3-cü dünya müharibəsinin başlaya biləcəyi ətrafındadır. Təbii ki, Azərbaycanda da məsələ həssaslıqla izlənir və müzakirə predmetidir. Hər necə olmasa, Rusiya və Ukrayna Yaxın Şərq kimi coğrafi baxımdan bizdən uzaq məmləkətlər sayılmaz.
Ancaq dünya savaşı olası deyil. Nə Rusiyanın başında duranlar, nə də Qərbin söz sahibləri ağlını itirməyib. Özünüqoruma instinkti deyilən bir anlayış var. Bu xalqlara da xasdır. Bəşəriyyətin sonunu gətirəcək nüvə başlıqlarını işə salmağa göstəriş vermək, üstəlik, bundan ötrü hansısa prezidentin 7 mərhələli təsdiqə nail olması sizə asan gəlməsin.
Bu, Odessanın yaşayış məhəlləsinə raket zərbəsi üçün əmr vermək deyil. Hətta 7 qatlıq əngəl keçilsə və nüvə zərbəsi endirilsə belə, bunun dərhal cavabı olacaq. ABŞ çoxdan xəbərdarlığını edib. Bunu Moskvada bilirlər. Odur ki, ATACMS raketləri ilə bağlı hədələr daha çox psixoloji savaşın növbəti elementlərinə oxşayır...
Ukraynadakı müharibənin nə vaxt, necə bitəcəyinə gəlincə, Kremlin mətbuat katibi Dmitri Peskovun dünənki açıqlamasını yada salmaqda fayda var. “Xüsusi hərbi əməliyyat niyə bitmir” sualına cavabında Putinin sözçüsü deyib ki, “Xüsusi hərbi əməliyyat Kiyev rejiminə qarşı başlamışdı, lakin Rusiya-NATO qarşıdurmasına çevrildiyi üçün uzandı”.
Əlbəttə ki, bir az şişirdir. Birbaşa NATO-Rusiya müharibəsi yoxdur, olmayıb. Proksi-müharibə var. Klassik anlamda NATO-Rusiya savaşı olsa, sonuncu bircə il də tab gətirməz. Şimal qonşumuz burdan-bura 3 ildir Ukrayna ilə bacarmır, o ki ola kollektiv NATO ölkələrinin toplam hərbi gücü ilə. Moskvanın yeganə ümid etdiyi nüvə başlıqlarıdır ki, ondan daha artığı Qərbin nüvə dövlətlərində var.
Bunlar öz yerində, diqqəti çəkən başqa bir məqam Azərbaycanda da son olaylardan dolayı yerli mediada, telekanallarda açıq-aşkar Rusiyanın haqlı çıxarılması, ABŞ-ın isə Ukraynaya ATACMS raketləri verməsinə görə suçlanması yönündə şərhlərin üstünlük təşkil eləməsidir. Sanki işğala məruz qalan Ukrayna yox, Rusiyadır. Sanki vəziyyəti bu həddə gətirən, “evə girən oğruda” heç bir günah yoxmuş...
Bəli, müharibə artıq Rusiyaya qayıdıb və belə tezliklə oradan uzaqlaşmayacaq. İlahi ədalət deyilən bir şey də var axı. Bəs Moskva nə düşünürdü, Qərb Ukraynanın əl-qolunu bağlayacaq, rus ordusu da itkisiz-filansız 2-3 günə Kiyevdə qələbə paradı keçirəcək? Hə halda, BMT Nizamnaməsinə görə, hərbi təcavüzlə üzləşən istənilən ölkə başqa dövlətdən və ya dövlətlər qrupundan kömək istəmək hüququna malikdir. BMT Nizamnaməni heç kim ləğv etməyib.
Sonra. Kiminsə müharibəni cilovlaya bilmədiyi üçün təcrübəsiz V.Zelenskidən xoşu gəlməyə bilər. Ancaq bağışlayın, məgər bu, Rusiyaya əsas verirdi ki, Ukraynaya ordu yeridib onun 20 faizini işğal eləsin? Günahsız insanları qətliam, şəhərləri yerlə-yeksan, mülki infrastrukturları məhv eləsin, insanları əzab-əziyyətə düçar eləsin, yerindən-yurdundan didərgin salsın? İndi kim güclüdür basıb qonşusunun ərazini tutmalıdır?
Bəli, bir çox şeylərə görə ABŞ dan da zəndeyi-zəhləmiz gedə bilər, amma Allahı sevərsiniz, Ukraynanın özünü müdafiəsi üçün ona hərbi dəstək məsələsində Amerika axı tam haqlı! Buna görə onu necə qınamaq olar? Onu yalnız buna görə məzəmmət eləmək olar ki, həmin raketlərdən istifadəyə çox gec icazə verib, ümumiyyətlə, Ukraynaya qorxa-qorxa hərbi köməklik göstərib...
Ən mühümü, qonşusunun 20% ərazisini (rəqəm tanış gəlirmi?) işğal edən bir dövlətin müdafiəsinə necə qalxmaq olar?
Rusiyanı haqlı çıxarmaq üçün sanki yarışa girib bəziləri. Bu, uzun illər torpaqlarımızın 1/5-ni işğalda saxlamış təcavüzkar Ermənistanı müdafiə eləməyin eynisi! Heç bir fərq yox! Məgər Azərbaycanda kimsə işğalçı Ermənistanı haqlı çıxarırdı? Bəs analoji ədalətsizliyi edən Rusiyaya bu rəğbət, heyranlıq hardandır?
Arada deyəsən hətta belə bir fikir səsləndi ki, “bu boyda Ukrayna Avropa Birliyinə, Qərbə lazım deyil”. Bəs Ukrayna hesabına öz ərazisini böyüdən, XXI əsrdə də işğalçılıqla məşğul olan və qonşularına təhlükə mənbəyi kimi qalan bu boyda Rusiya kimə lazımdır?..
Hamımızın yadındadır, ABŞ başda olmaqla Qərbi daim ikiüzlülükdə suçlamışıq ki, erməni işğalına qarşı Azərbaycana kömək etmədi. Amma Ukraynaya ki, edir. Qərb Rusiyanı işğalçı müharibə aparmasına görə peşman etmək, ona ağır bədəl ödətmək istəyir ki, sabah ağzında “şirə” qalıb başqa bir qonşusuna hücum eləməsin.
Bunun nəyi pisdir görəsən? Və kim zəmanət verə bilər ki, Ukraynada istəyinə çatan, qardaş saydığı xalqa belə rəhm etməyən, 1-ci Pyotrun vəsiyyətindən danışan Rusiya rəhbərliyi eyni ssenarini, presedenti digər postsovet ölkəsində təkrarlamayacaq? Məsələn, Qazaxıstanın şimal vilayətlərini öz konstitusiyasına daxil edib onun suveren ərazisinə girməyəcək? Nəhayət, Günün birində üzünü Güney Qafqaza çevirməyəcək, Şuşa Bəyannaməsini vecinə almayacaq? Necə ki, Ukrayna ilə bağlı özünün də imzası duran Budapeşt Bəyannaməsini (1995) saymadı.
Müxtəsəri, bəzi azərbaycanlıların Moskvanı təcavüzkar siyasətə görə qınamaq əvəzinə, daima Ukraynanı suçlaması, məhz Ukraynana görə “3-cü dünya savaşı” təhlükəsindən danışması “ikili standartlar”ın, siyasi riyakarlığın başqa bir formasıdır. Yarımçıq hamiləlik kimi yarımçıq ədalət olmur. Allah eləməmiş, günün birində Kreml Azərbaycanı da öz vassalı kimi görmək istəyəndə indi Rusiya rəhbərinə simpatiya bəsləyənlərin, daha dəqiqi, burdakı “5-ci kolon”çuların halını görmək istərdik...
КомментарииОставить комментарий