Общественно-политическая интернет газета
“Ermənilər Rusiyaya güvənməyə bilər, lakin onlar Qərbə o qədər də inanmırlar”.
ABŞ-ın dünyaca məşhur “Foreign Policy” jurnalı “Armenians Wonder Who to Trust After Lost Wars” (Müharibəni uduzan ermənilər kimə güvənəcəklərini bilmirlər) adlı məqalə ilə çıxış edib. Ani Çxikvadzenin qələmə aldığı geniş məqalədə deyilir ki, Qarabağı itirən Ermənistan Moskvadan kənarda özünə yeni müttəfiqlər axtarır.
Məqalə belə bir girişlə başlayır: “İrəvanın qaranlıq küçələrində maşın sürən yerli taksi sürücüsü Aram məyusluğunu dilə gətirir: “Biz baş nazir Nikol Paşinyanı asacağıq”, - o, çuxurlarla örtülmüş yollarda məharətlə hərəkət edir. Sovet dövründən qalma bərbad binaların yanından keçirik. Şəhərdə yeni tikilmiş cansıxıcı müasir konstruksiyalar da nəzərə çarpır.
“Biz özümüzdən başqa heç kimə arxalana bilmərik - nə ruslara, nə də başqa heç kimə”, sürücü deyir.
Məqalədə deyilir ki, 2023-cü ilin sentyabrında Azərbaycan əvvəllər etnik ermənilərin nəzarəti altında qalan mübahisəli Qarabağ bölgəsinin son hissələrini uğurla geri aldı və bu da ermənilərin kütləvi şəkildə qaçmasına səbəb oldu.
Bakı Qərbin tərəddüdləri, Türkiyənin dəstəyi və Rusiyanın Ukrayna ilə məşğul olması fonunda fürsətdən istifadə edərək münaqişəyə mükəmməl şəkildə son qoydu. Rusiyanın dəstəyi ilə 30 ilə yaxın işğal altında olan ərazilər Ermənistanın əlindən çıxdı. Hazırda Ermənistan əsas müttəfiqi Rusiya tərəfindən tərk edilib. Belə bir fonda Bakıdan gələn ritorikaya qulaq tutan İrəvan növbəti müharibədən qorxur.
2020-ci ildə Azərbaycan minlərlə insanın həyatına son qoyan 44 günlük həlledici müharibədə regionun əhəmiyyətli bir hissəsini nəzarətə götürdü. Ancaq inzibati mərkəzi “Stepanakert” (Xankəndi) olmaqla ətrafda xeyli erməni qaldı. Moskva 2 min rus sülhməramlısını əraziyə yeridərək atəşkəsə vasitəçilik etdi, lakin keçənilki qarşıdurma Rusiya sülhməramlılarının səmərəsizliyini və ya hərəkətə keçmək istəmədiyini ortaya qoydu.
İrəvanda yerləşən Orbeli Mərkəzinin tədqiqatçısı Conni Melikyan “Foreign Policy”yə müsahibəsində “Reallıq tam olaraq hələ də anlaşılmır”, deyib.
“İnsanlar Rusiya sülhməramlılarının hərəkətə keçəcəyinə ümid edirdilər. Bu olmadı. Nəticədə anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır, lakin insanlar beynəlxalq ictimaiyyətin hərəkətsizliyindən də məyusdurlar”, Melikyan əlavə edib.
Qarabağı tərk etməli olan yerli fəal Marut Vanyan deyir: “Biz bütün ömrümüzü Qarabağda yaşamışıq. Mən ilk müharibənin, sonra da 2020-ci il münaqişəsinin şahidi oldum və indi də belə... həyat cəhənnəmdən keçən bir səyahətə bənzəyir”, o, telefon danışığı zamanı deyib: “Gələcəyi təsəvvür etmək çətindir. Qarşıda nələr olduğunu təsəvvür edə bilmirəm”.
Ondan nə vaxtsa Azərbaycanın nəzarəti altında yaşamaq fikrində olub-olmadığını soruşduqda deyir: “İndi bu suala cavab verə bilmərəm. Hazırda İrəvanda yaşamaq belə çətin məsələdir”.
Şəbnəm Uğurlu deyir ki, 1992-ci ildə Qarabağı tərk edəndə onun 6 yaşı var idi. İndi o, Laçındakı evinə qayıdıb və burada yerli məktəbdə dərs deyir.
“Erməni əsgərlərinin bizə hücum edəcəyindən qorxaraq yük maşınının arxasında bir-birimizə sıxılıb yola düşdük”, o, ağrılı şəkildə xatırladı. O, necə, erməni qonşularının olmasını təsəvvür edə bilərmi? “Hazırda, bu, çətin olardı, amma zaman keçdikcə və ermənilər belə bir seçim edərsə, bu, baş verə bilər”.
İrəvanda yerləşən Regional Siyasət Mərkəzinin direktoru Riçard Qiraqosyan isə “Foreign Policy”yə belə deyib:
“Paşinyanın hakimiyyətə gəlişi Gürcüstan və Ukraynada olduğu kimi, Putinə meydan oxumağa bənzədi. Gürcüstan və Ukrayna Moskvanın orbitindən çıxmağa cəhd etdikdən sonra Rusiya tərəfindən işğal olundu”.
“Gürcüstan və Ukrayna (Qızılgül və Maydan) inqilablarından sonra xarici siyasətlərini dəyişdilər və əks təsirlərlə üzləşdilər. Biz heç bir dəyişiklik etmədik, amma yenə də Rusiya tərəfindən cəzalandırıldıq”, - Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan bildirib.
“Sizi əmin edə bilərəm ki, Rusiya olmasaydı, Azərbaycan heç vaxt Qarabağa qarşı belə kəskin addımlar atmazdı... 2020-ci il müharibəsindən sonra biz vəziyyəti təhlil edərək təhlükəsizliyimizi yenidən nəzərdən keçirməli olduq”, - Qriqoryan əlavə edib.
Müxalif Respublikaçılar Partiyasının üzvü Hayk Mamicanyanın söylədikləri də diqqət çəkir: “Bizim üçün Ermənistanın Qarabağ məsələsi bitməyib. Bizim üçün bu kitab qapanmayıb. Paşinyan ölkəmizə qan və əzab gətirdi... Ermənistan onun ucbatından tamamilə təcrid olunmuş vəziyyətə düşüb”.
“Son nəticədə insanlar təkcə Paşinyanı günahlandırmır. Onlar başa düşürlər ki, bizim hərbi məğlubiyyətimizə səbəb 30 illik korrupsiya və qüsurlu idarəçilik sistemi olub”, - Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmond Manukyan bildirib.
“Ermənistanın mənəvi və fiziki coğrafiyası arasında fərq var”, - Aleksander İskandaryan qeyd edib: “Küçədəki insanlardan kim olduqlarını soruşsanız, avropalı olduqlarını söyləyəcəklər. Hamısı tətil və təhsil üçün Qərbə getməyi xəyal edir. Amma xəritəyə baxanda, çox şeyin fərqli olduğu üzə çıxır”.
Məqalənin müəllifi yazır ki, Ermənistanın başqa bir problem də var - Türkiyə. Ermənistan rəsmiləri münasibətləri normallaşdırmaq üçün türk həmkarları ilə danışırlar. Ankara isə istəyir ki, İrəvan əvvəl Bakı ilə razılığa gəlsin.
“Ermənistan üçün Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinin çoxu Türkiyə ilə bağlı deyil. Söhbət Qərbə çıxışdan gedir”, - Armen Qriqoryan qeyd edib ki, İrəvan Qərblə daha sıx əlaqələrin Ankara ilə diplomatik münasibətlərin bərpasından asılı olduğunu başa düşür.
ABŞ-ın Cənubi Qafqazda iştirakı əhəmiyyətli dərəcədə zəifləyib. Bu, Barak Obama və Donald Tramp dönəmində də belə idi, prezident Co Baydenin administrasiyası da bu məsələdə həmin xətti davam etdirib. Yəni Ukrayna müharibəsindən əvvəl də Cənubi Qafqaz ABŞ üçün prioritet deyildi. Qərb Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumunun qarşısını ala bilmədi. Bu amil Cənubi Qafqaz regionunda əhalini Qərbin vədlərinə inanmaqdan çəkinməyə məcbur edib.
Ani Çxikvadzenin bu müşahidəsi isə olduqca maraqlıdır:
“Yol soruşmaq bəhanəsi ilə küçədən keçən 20 yaşlarında iki gənc qadına yaxınlaşaraq əvvəlcə onlara rusca müraciət etdim, qəzəb və sükutla qarşılandım. Mən ingilis dilinə keçid edəndə onların əhvalı müsbətə doğru xeyli dəyişdi. Bu, mənə rus dilində danışmağın artıq xoş qarşılanmadığı Kiyev və Tiflisi xatırlatdı – bu, dəyişən geosiyasi vəziyyətin inikasından başqa bir şey deyil”...
Yazının orijinalı bu linkdə: https://foreignpolicy.com/2024/03/16/armenia-nagorno-karabakh-russia-alliances-war/
КомментарииОставить комментарий