Свобода людям, независимость нациям!

Erməni pulunun gücü və Solovyovun anti-Azərbaycan “cəh-cəh”i

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 1-ci bəndində yazılıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Russia Uncovers 'Ukrainian Assasination Plot' Against State TV Host - The  Moscow Times

Amma sanki jurnalist Vladimir Solovyov and içib ki, Rusiya ilə Azərbaycan arasında təfriqə salmaqda, suları bulandırmaqda davam edəcək. Açığı, bu qaranlıq missiyanın müqabilində Rusiyadakı erməni diasporundan nə qədər aylıq aldığı məlum deyil, hər halda bu, bir reallıqdır ki, rus jurnalist öz peşəsinə elə-belə xəyanət etməzdi, Rusiyadakı erməni milyarderlərin bu prosesdə “töhfə”si istisna oluna bilməz. Yoxsa, Solovyova nə düşüb ki, şeytanın da ağlına gəlməyən iddianı ortaya atsın. Solovyov Moskvada törədilmiş dəhşətli terror aktında “Azərbaycan izi” axtarışına çıxıb. Təsəvvür edin, qanlı cinayət azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Hol”da törədilib, bu işdə ən böyük zərərçəkən həm də azərbaycanlıdır. Elə iş adamı Araz Ağalarov və oğlu Emin Ağalarov bu gərgin günlərdə ayaqda olublar, baş verənlərlə bağlı mövqelərini ifadə ediblər. 100-dən artıq günahsız insan qətlə yetirilib, yaralıların sayı daha çoxdur. Törədilmiş terror aktı nəticəsində iş adamlarına külli miqdarda ziyan dəyib, amma insan itkiləri varkən maddi zərərdən danışan yoxdur, etik də sayılmır. Eyni zamanda böyük Müslim Maqomayev Muzeyinin də yerləşdiyi ünvanda terror aktının törədilməsi də burada anti-Azərbaycan izinin olması ehtimalının ortata çıxmasına daha çox əsas verir, nəinki Solovyovun sərsəmlədiyi iddianı...Amma istintaq gedir, hələ heç kəs konkret fikir bildirməyə tələsmir, necə deyərlər, “qara qutu”nun açılmasını gözləyir. “Krokus”da qətlə yetirilənlər azərbaycanlı Maqomayevin “Durnalar”ı ilə son mənzilə yola salınır, hansısa “bülbül” anti-Azərbaycan “cəh-cəhi”nə başlayıb...

Heç terror aktının törədilməsində əsas təqsirkarlar olaraq saxlanılan Tacikistan vətəndaşlarının prosesdə olması da hələ hər şeyin aydın olduğunu deməyə əsas vermir. Qoca tarix o qədər “İlanın Seyid Əhməd əli ilə tutulması”na şahidlik edib ki...Burada nə tacik xalqının, nə də Tacikistanın suçu ola bilməz. Azərbaycanda günahkar axtarmaq isə sadəcə axmaqlıq deyil, həm də böyük tərbiyəsizlik və əclaf təxribatdır! Eyni zamanda Moskvada baş vemir terror aktı ilə Azərbaycan arasında hansısa əlaqələrin olması haqda ehyamlar heç də rusiyalı jurnalistin adi səhvi deyil, bu, birmənalı şəkildə Azərbaycana qarşı informasiya təxribatıdır! Rəsmi açıqlama var, özü də bu açıqlama ABŞ, ya Ukraynanın rəsmi qurumlarına aid deyil, Rusiyanın müvafiq orqanlarına məxsusdur. Terrorçuların ad-soyadları bəlli olmasına baxmayaraq, “nostradamusluq” edən Vladimir Solovyov terrorçular arasında azərbaycanlı axtarır. Məntiq(sizliy)ə baxın, kiminsə soyadında guya “oğlu” sözünün olması və onun azərbaycanlı olması qənaətini yaradırmış. Yazıqlar olsun! Terror aktının qurbanları sırasında azərbaycanlı da var, heç bundan danışmır bircə “oğlu” sözünə görə uzaqgedən nəticə çıxaran “ağıllı” jurnalist. Hələ bu aktın daha ağır nəticələri ola bilərdi, hətta azərbaycanlı sənətçilər də qətlə yetiriləcəkdi az qala, son anda bəxt üzlərinə gülüb. Belə olduğu halda niyə Solovyov azərbaycanlıların qurban və zərərçəkmiş olmasından bəhs etmir? Demək məqsədli, sifarişli səsləndirir cəfəng iddialarını...

Məqsəd bəllidir, yalan-palanları tirajlamaqla olduqca həssas zamanda Rusiyadakı azərbaycanlıları hədəf göstərmək, Bakı-Moskva münasibətlərini korlamaq, Ermənistandakı anti-Rusiya ovqatını arxa plana keçirib, erməni diasporunun, kilsəsinin, revanşist ermənilərin məkrli məqsədlərinə çatmasına yardımçı olmaqdır. Fakt budur ki, Solovyov hər zaman erməni oliqarxlarının əlində alət olub. Biz buna Qarabağın işğalda olduğu illərdə də şahid olmuşuq, torpaqlarımızı işğaldan azad etdiyimiz 44 günlük müharibədə də, ondan sonra da...Marqarita Simonyandan qəti şəkildə fərqlənməyib Solovyovun Azərbaycana münasibəti, bəzən erməni “dişi canavar”dan da irəli getməyi bacarıb...Rusiya-Azərbaycan münasibətlərinin inkişafından narazı qalan Simonyan, Aram Qabrielyanov və digərləri ilə birlikdə ənənəvi missiyanı davam etdirir bu adam. 2016-cı ildə sosial şəbəkələrdə Simonyan, Qabrielyan və digərlərinin SMS yazışmalarını xatırlayırsınızmı? Həmin yazışmalarda İŞİD-in guya Azərbaycana dəstək verməsinə dair feyk xəbərlərin hazırlanması müzakirə olunmuşdu. Bir tərəfdən Türkiyənin Azərbaycanla birgə Qarabağda müharibə apardığı iddiası, digər tərəfdə də Türkiyəyə qarşı xain terror aktları törədən təşkilatın da guya bu savaşda erməni işğalına qarşı döyüşdüyü haqda cəfəng fikirlər...

Moskova'daki Crocus City Hall saldırısı zanlıları hakim karşısında

Solovyovun Moskva terroru ilə bağlı yaydığı feyk məlumatda da eyni dəst-xətt və üslub görünür. Azərbaycan və Rusiya liderlərinin imzaladığı müttəfiqlik sazişinin 18-ci maddəsinə diqqət edək: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”. Azərbaycan və Rusiya bu öhdəliklərə sadiqdir. Elə bir müddət öncə şimal sərhədlərimizdə iki ölkənin birgə sərhiəd-sipər-darama əməliyyatı keçirildi. Azərbaycan öz ərazisində sülhyaratma funksiyasını icra etmək üçün məhz Rusiya hərbi kontingentinə etibar edib, yaxın və uzaq tariximizdə baş verənlərə rəğmən. Bütün bunlar Azərbaycanın Rusiya ilə normal qonşuluq münasibətlərinə sadiqliyini bir daha ortaya qoyur. Ancaq Solovyov kimilər münasibətlərə zərbə vurmaq üçün əlindən və dilindən gələni edir.

Moskova'daki Crocus City Hall saldırısı zanlıları hakim karşısında

Təbii ki, Solovyov bu təxribatına görə Azərbaycan dövlətindən və xaqlından üzr istəməlidir. Amma bu, nəyisə dəyişəcəkmi? Çətin. Çünki ilk deyil. Ona görə də Rusiya Solovyov kimi təxribatçıların əməllərinə diqqət etməlidir. Rəsmi Moskva informasiya sahəsinə cavabdeh olan hər kəsi prezident Putinin 22 fevral 2022-ci il tarixli imzasına hörmətlə yanaşmağa çağırmalıdır, qırmızı xətti keçənləri cəzalandırmalıdır! Solovyov isə qırmızı xətt tanımır, tanıtmaq gərək! Unutmamışıq, David Babayan adlı erməni separatçısını qondarma rejimin “xarici işlər naziri” kimi “Tam əlaqə” müəllif verilişinə çıxarmışdı. Babayanın ““Artsax” Azərbaycanın tərkibində olmayacaq, ermənilər minilliklər boyu burada yaşayıb, Qarabağ həmişə erməni torpağı olub” kimi yuxusunu püskürmüşdü, Solovyovu məmnun edərək... Sonrakı gün Solovyov Babayanı efirə çıxardığına  görə üzr istədi, “Sözün yalnız bir tərəfə verilməsi mənim səhvim idi. Bu, mənim səhvimdir, üzr istəyirəm və Azərbaycan tərəfini efirə verməyə hazıram”-deməklə əslində daha böyük səhvə və təxribata yol verdi. Azərbaycana separatçını “tərəf” kimi sırımaq idi niyyəti...Artak Beqlaryanı “dövlət naziri” kimi təqdim edən “RİA Novosti”nin ölkəmizdə bloklanmasını da unutmasın gərək Solovyov və digər ermənilərə yarınanlar.

Moscow concert hall attack: Death toll rises to 133 with scores injured |  In Pictures News | Al Jazeera

Bəli, heç şübhəsiz ki, Solovyovun “Krokus City Hall”da törədilmiş terror aktına etnik fon verməsi Rusiyada yaşayan və bu ölkənin büdcəsinə böyük miqdarda vəsaitlər ödəyən milyonlarla azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaqdır. Ermənilərin ssenarisinə uyğun şəkildə təfriqə salmağa çalışır. Necə olur ki, şahidlərin “Krokus”da hətta erməni izi ilə bağlı dediklərini eşitməyən Solovyov Azərbaycanı hədəf seçir? Yaxud başqa bir misal: Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın Murmansk şəhərində yaşamış Azərbaycan vətəndaşının terror cəhdinin qarşısını alıb. Ancaq heç bir azərbaycanlı jurnalist bu terror aktının arxasında şimal qonşumuzun dayandığını iddia etmir.

IŞİD'in üstlendiği konser saldırısında 11 gözaltı – DW – 23.03.2024

Və ən nəhayət, İkinci Qarabağ Müharibəsində İŞİD-çi axtaran Solovyov nədənsə Moskva terroruna görə məsuliyyəti öz üzərinə götürən İŞİD-i görməzdən gələrək, azərbaycanlı “oğlu”nu axtarışına çıxıb. Absurdluğun son həddi və həyasızlıq! Erməni pulunun gücü öz sözünü deyir. Rusiyanın rəsmi qurumları anti-Azərbaycan mövqeli, sərsəm iddiaları ilə araya təfriqə toxumu səpən bu şəxsi nəhayət ki, susdurmalıdır!

Elşad Paşasoy,
Musavat.com

Нет комментариев

Новости автора