Общественно-политическая интернет газета
Deyir bir ağsaqqal ölürmüş, uşaqlarını yığır, onlara son öyüdünü vermək istəyir. Tapşırır çoxlu odun, çubuq gətirsinlər. Gətirirlər. Sonra deyir indi bu çubuqları bir-bir qırın, qırırlar.
Ağsaqqal bic-bic qımışır, deyir əla, indi qalan çubuqlardan şələ bağlayın. Bağlayırlar, ağsaqqal deyir, əziz uşaqlarım, buyurun, şələni sındırın. Kişinin böyük oğlu heyvərə şey imiş, şələni qoyur dizinin üstünə, “cart”, ortadan bölür. Ağsaqqal pərt olur, uşaqları deyir ki, dədə, öyüd verəcəkdin, onu ver nəhayət. Ağsaqqal deyir: “Əşşi, sizə nə öyüd, eşşək şeysiniz”.
Amerikada payızda prezident seçkisi olacaq. Əsas 2 namizədin - hazırkı prezident Baydenin və Trampın teledebatı keçirildi, ilkin rəylərə görə Bayden debatı uduzdu. 67 faizin 33-ə nisbətində. Baydenin partiyası, tərəfdarları bundan şok keçiriblər. Ancaq 80-dən çox yaşı olan ağsaqqal geri çəkilmək istəmir. Dirənib. Bunun axırı necə olacaq, mən bilmirəm. Hər halda, vaxtında getməyi bacarmaq özü də bir bacarıq, qoçaqlıqdır. Niyə şitini-şorunu çıxarıb hamını bezdirmək istəyir? Halbuki deyilənə görə Bayden ABŞ üçün babat prezidentlərdən biridir, onun dövründə camaat daha yaxşı yaşayıb, iqtisadiyyat yüksəlib, təhlükəsizliyə ciddi problem yaranmayıb və sairə.
Vaxtında getməməyin necə pis olduğunu futbol azarkeşləri bu Avropa çempionatında, Portuqaliya ilə Sloveniya arasında səkkizdə bir final oyununda əyani gördülər. Məncə, həmin oyunu universitetlərdə, politologiya dərslərində tədris etmək lazımdır. Niyə? Çünki FİFA reytinqində dünya üzrə 6-cı Portuqaliya millisi 57-ci yerdəki Sloveniyanı udmaq üçün itin zülmünü çəkdi. Hamısı da... Kriştianu Ronaldo üzündən.
Ronaldo Portuqaliyanın, həmçinin dünyanın indiyəcən gəlib-keçmiş ən güclü futbolçularından biri olub. Titullarını saymağa başlasaq, gərək sabahacan burada duraq. Qazandığı pulları, xeyriyyəçiliyi, cinsi istismarda, vergidən yayınmaqda suçlanmasını və sairəni də yazaq, adamın rəngarəng həyatının isbatı kimi. Ancaq hazırda adamın 39 yaşı var. Son illər isə Səudiyyə Ərəbistanı kimi bir zəif liqada top qovur. Deməli, Ronaldo, bütün keçmiş xidmətlərinə baxmayaraq, hazırkı Avropa çempionatına, onun müdhiş dinamikasına uyğun gəlmir.
Sloveniya ilə oyunda əski Kriştianu müəllimin yalnız şəkli, xəyalı qalmışdı. Adam açıq-aşkar qaçmağa, rəqibi aldatmağa çətinlik çəkirdi. Komanda yoldaşları isə ağsaqqala hörmət əlaməti olaraq bütün cərimə zərbələrini vurmaq üçün ona verirdilər, o da vura bilmirdi. Az qala künc zərbəsi, aut olanda da Kriştianu dəvət edilirdi, hətta bir penaltini vura bilmədi. Kriştianu elə yaşındadır ki, 21 yaşlı Fransişku Konseysanın, 24 yaşlı Vitinyanın, nə bilim, 22 yaşlı Nunu Mendeşin elçiliyinə apar, ağsaqqallıq eləsin.
Halbuki Portuqaliyanın heyətində yetmiş Sloveniyanı qatlayıb dizinin altına qoyacaq oyunçular vardı (öncəki abzasda bir neçəsinin adını yazdım). Sürət, fəndlər, ötürmələr və sairə - gözəl oynayırdılar. Lakin komandanın üzərindən sanki Ronaldo kabusu asılmışdı. Bütün heyət qələbə üçün deyil, Ronaldo üçün oynayırdı. Ronaldo mütləq bu oyunda qol vurmalıydı, rekord təzələməliydi və sairə - açığı, Portuqaliyanın zülmünün səbəbi mənə tam aydın deyildi.
Bax, vaxtında vida etməyəndə hər iş belə olur: sən komanda üçün yox, komanda sənin üçün oynamağa başlayır, tənəzzül, çökmə baş verir. Heyət üçün ağır daşa, ballasta çevrilirsən. Yazıq portuqaliyalıların durumunu ağırlaşdıran isə tək ağsaqqalı yola vermək deyildi. Komandanın heyətində 39 yaşlı Kriştianodan da yaşlı başqa oyunçu var. 41 yaşlı müdafiəçi Pepe. 2 ağsaqqal 22 cavanın ömrünü puç eləməklə məşğuldur.
İndi söz əlaqədar təşkilatlarındır.
КомментарииОставить комментарий