Общественно-политическая интернет газета
Doğrusu, bu haqda çoxdan yazmaq istəyirdim, əslində imkan düşəndə dəfələrlə yazmışam da.
Yenidən yazmağa, mövzuya təkrar qayıtmağa isə bir-iki ay bundan əvvəl aparılan müzakirələr, yazılar həvəsləndirdi məni.
Ən birinci, ən əsas səbəb də, bir neçə dəfə yazdığım kimi, budur ki, internetin daha çox yayıldığı, elektron medianın daha çox inkişaf etdiyi ölkələrdə insanlar, hələ də qəzet və jurnalları oxuyurlar, mən heç kitabları demirəm! Biz isə nəinki qəzetləri, hətta jurnalları, ümumiyyətlə, çap mediasını tamamilə dəfn etdik, indi də növbə gəlib kitablara çatıb...
Kiçik haşiyə kimi qeyd edim ki, ötən həftələrdə, seçkilərə iki-üç gün qalmış, ABŞ-da bir sıra böyük qəzetlərdə baş vermiş bir neçə böyük qalmaqal haqqında xəbərlər yayıldı. Buna sözüm yoxdur. Yalnız onu deyim ki, qəzetlərin tirajı və çeşidi əvvəlki kimi heyrətləndirməsə də ABŞ-da onlar ən əsas ictimai “aktor”lardan biri kimi qalırlar; qəzet sahibləri milyarderdirlər, redaktorlar və yazarlar isə cəmiyyətin nüfuzlu insanları hesab olunurlar, onlar hətta prezident seçkisi kimi çox möhtəşəm siyasi prosesin gedişinə də ciddi təsir edə bilirlər! Bəs bizdə nə var? Qəzetlər artıq yoxdur, çap mediasında böyük böhran və tənəzzül hökm sürür, cavanlar daha bu sferaya gəlmirlər və əslində gəlməyə yer də yoxdur, hətta gəlsələr belə bu peşə ilə həyatlarını qura bilməyəcəklər, çünki çap mediasının nisbətən yaşlı jurnalistləri artıq dərman almaqçün də pul tapmırlar...
Odur ki, qəzetçiliyin, kitabçılığın, jurnalistikanın və hətta yazıçılığın-şairliyin gələcəyi çox böyük sual altındadır – bir daha deyirəm ki, qəzetlər çoxdan “dəfn” olunub, indi də kitablar növbələrini gözləyirlər!..
Amma nə yaxşı ki, dünyadakı proseslərə biz istiqamət, yön vermirik – bəli, öz ölkəmizdə istədiyimiz hoqqanı çıxara bilərik, amma bundan nə yaxşı ki, nümunə götürən yoxdur, bizim “innovasiya”larımızın nəinki Dünyaya, heç yaxın regiona da elə bir təsiri yoxdur və bu çox böyük bir xoşbəxtlikdi–inanın, hamı bizə bənzəsəydi Dünya çox darıxdırıcı olardı!
Elə bu səbəbdən də hər dəfə bu mövzuda uzun, məşəqqətli düşüncələrdən sonra yenə də bu nəticəyə gəlirəm ki, bütün hallarda sualı “Qəzetlər qalacaq?”, “Kitablar qalacaq?” kimi yox, “Jurnalistika qalacaqmı?”, “Ədəbiyyat qalacaqmı?” kimi qoymaq lazımdır və sizi bir az təəccübləndirsə də bu məsələdə hələki nikbinəm: nəinki daha ciddi və çətin sahə olan ədəbiyyat, hətta jurnalistika da qalacaq!..
Baxın, şanlı ölkəmizdə tənqidi çap mediası sıradan çıxdı, amma o, tamamilə yox oldumu? Əlbəttə ki, yox! Əvəzində sosial şəbəkələrdə daha bayağı “tənqidi media” yarandı!..
O ki qaldı böyük ədəbiyyata, bu daha ciddi məsələdir. Əvvəlcə deyim ki, bu məsələni də “milli-yerli özəlliklər”imizlə yox, daha çox kapitalizmlə bağlayırlar.
Bəli, guya kapitalizm başqa meyarlar aşılayır insanlara. Biri deyir ki, o, insanları vulqarlaşdırır, digəri ərz edir ki, onu “maşın”a çevirir! Burada, əlbəttə, bir az həqiqət var – elə böyük Kafka da təxminən belə yazırdı.
Amma istisnalar da yox deyil. Məsələn, Drayzerə görə, kapitalizmdə cəmiyyət də, elə insanlar da meşə kimidir: ayrı-ayrı ağaclar sına, quruya bilərlər, amma meşə möhtəşəmliyini saxlayır...
Qayıdaq özümüzə. Birincisi, hətta sosializm vaxtında da şanlı xalqımız elə də mütaliə edən cəmiyyət olmayıb.
İkincisi, həmişə demişəm və yazmışam ki, bizim yaratdığımız kapitalizmin, hətta “demokratiya”nın da dünyadakılara oxşamasına hələ çox var.
Bunun obyektiv, xeyli də subyektiv səbəbləri var. “Keçid dövrü bitib” desək də əslində hələ də “ilkin kapitalizm” dövrünü yaşayırıq. Mövcud siyasi sistemin naqislikləri bir tərəfə, çox lazımlı dəyərlər aşınıbdır, hətta halal-haram bilmirik, “axı bu başqasınındı, ona toxunmaq olmaz!” demirik, acgözlüklə hələ də “ilkin kapital” toplamaqda davam edirik.
Məmurlarımız “doydum!” deməkdən çox uzaqdır. Üstəlik, bir nazir gedir, başqası gəlir və təkrar “mülkiyyət bölgüsü”, təkrar “özəlləşdirmə - özünküləşdirmə” başlayır!..
Əslində bu heç “mülkiyyət bölgüsü” də deyil, əsl bolşevik prinsipidir: “Oğurlanmışı sən də oğurla!”.
Bolşeviklər, heç olmasa, oğurlanmış mülkiyyəti yaratdıqları dövlətə qaytarırdılar. Bunlar isə...
Qərəz, yeni vəzifəli başlayır ya özündən əvvəlkinin “obyekt”lərini mənimsəməyə, ya da onu sıxışdırıb özünkünü yaratmağa! Odur, bizim milli “kapitalizm”in “yonulması”, normallaşması üçün hələ on illər tələb olunacaq, özü də ən azı! Nə isə, bunu sözgəlişi dedim...
Üçüncüsü, düzdür, kapitalizm başqa həyat ritmi, hətta başqa meyarlar diktə edir bütün insanlara. Amma gəlin unutmayaq ki, məhz kapitalizm dövründə çap texnologiyası geniş vüsət aldı, kitablar daha çox insançün əlçatan oldu!
O ki qaldı indiki kapitalist həyat ritminə, xüsusən də müxtəlif əyləncələrə (belə deyilir ki, guya insanlar boş vaxtlarında da daha çox əyləncə axtarırlar!), bu da bir az qəliz məsələdir.
Söhbət ədəbiyyatdan, kitablardan gedirsə, əvvəla, inanmıram ki, nəinki indi, hətta iki yüz il bundan əvvəl insanlar Dostoyevskini, hətta Hüqonu əyləncə, necə deyərlər, vaxt keçirmək üçün oxuyurdular. Kamyu, Sartr, hətta Folkner doğrudanmı insanı əyləndirə bilər? Axı onları insanlar vaxt keçirmək üçün yox, düşünmək üçün oxuyurlar...
“Karamazov qardaşları”nı çoxdan, tələbəlik vaxtı oxumuşam və mümkündür ki, burada bəzi məqamları qarışdırıram, amma onu bilirəm ki, əsərin qəhrəmanlarından birinin – İvan Karamazovun keçirdiyi qızdırmanı mən də hələ də bədənimdə və canımda hiss edirəm və deyim ki, bunu Dostoyevskinin başqa əsərləri haqda da demək olardı. Məsələn, “Cinayət və cəza”nı əyləncə üçün oxumaq olarmı?..
Həm də burada “əyləncə” ilə bağlı başqa məqam da var. İnsanların intellektual və hətta mədəni səviyyəsindən asılı olaraq əyləncələr də müxtəlif olur – məsələn, Eynşteyn “əylənmək”, bir az da fizikadan ayrılmaq, uzaqlaşmaq və ona başqa rakursdan qayıtmaq üçün Spinozanı oxuyurdu, “Kabbala”nı öyrənirdi, Dostoyevskiyə baş vururdu. Hətta Karl Marks da siyasi iqtisaddan və yaxud da fəlsəfədən dincəlməkçün riyazi məsələlər həll edirdi!..
Düzdür, indi daha çox insan vaxt keçirmək və ya dincəlmək üçün axşamlar evə tələsir ki, həyətə düşüb qonşularla bir az domino və yaxud nərd oynasın! Bundan daha artığının, xüsusən də gənclərin isə əlindən telefon düşmür! Bəli, bu da reallıqdır, özü də acı reallıq: bir də görürsən, cavan oğlanın metroda və yaxud avtobusda başı telefona elə qarışıbdı ki, qarşısında dayanan, gah bu, gah da o biri ayağının üstündə duran yaşlı qadını və yaxud da kişini “görmür”...
Bir daha ədəbiyyata qayıtsaq, kapitalizm vaxtı da əyləncə üçün bir az “yüngül” ədəbiyyat, məsələn, macəra ədəbiyyatı, detektiv və yaxud da fantastika vardı. Məsələn, Jül Vern, Kanon Doyl və ya məşhur Dümalar bu janrlarda yazmırdılarmı? Burada yazıçıları incitməmək üçün qeyd edim ki, əslində janr şərti bir şeydir. Məsələn, “Cinayət və cəza”nı çox böyük uğurla detektiv janrına da aid etmək olardı. Və yaxud Dostoyevskinin bütün əsərlərindən çox asanlıqla pyeslər düzəltmək mümkündür, bəlkə də buna görə V.Nabokov yazırdı ki, Dostoyevskinin timsalında rus ədəbiyyatı böyük dramaturqu itirib! Nə isə! Bunları da elə - belə, necə deyər, sözgəlişi deyirəm, çünki, məsələn, bir vaxtlar –sovetin dövründə fantast Struqatski qardaşları heç də daha ciddi janrda yazan Aytmatovdan az düşündürmürdülər.
Əlbəttə, kapitalizm həm də daha böyük sürət diktə edir, insanları daha çox praqmatikləşdirir. Onlar hər şeyin daha iti, daha sürətli, daha az vaxt aparan formasını axtarırlar. Hətta son illərdə Qərbdə də belə meyllər sezilir. Daha çox adam etiraz edir ki, niyə biz başqalarının, o cümlədən də yazıçıların uydurmalarını, beyinlərinin məhsulunu oxumalı və buna vaxt sərf etməliyik?..
Amma yenə də bəndəniz belə hesab edir ki, bütün hallarda dəyişən forma olacaq, böyük ədəbiyyat qalacaq, çünki o, böyük mənəvi suallar sənətidir, insanlar isə heç vaxt böyük suallardan imtina edə bilməzlər.
Məsələn, həyatda çox dəyişə bilər, amma həyat, insan, onun missiyası və həyatın mənası haqqındakı suallar həmişə qalacaqdır.
Bəlkə də burada bir az yanılıram, amma mənə elə gəlir ki, ilk olaraq Alber Kamyu “Həyat onu yaşamağa dəyərmi?” sualını qoydu, hərçənd, min illər bundan əvvəl Süleyman peyğəmbər və “Ekleziast” və yaxud da Ömər Xəyyam vardı!..
Amma Kamyunun da bu suala cavabı heç də tamamilə inandırıcı, bir növ, “sonuncu mismar” - nöqtə olmadı bu məsələdə, insanlar hətta buna da qane olmadılar, əlcəzairli fransızın cavabı ilə də kifayətlənmədilər, onlar hələ də bu suala cavab axtarırlar və daim da axtaracaqlar, nə qədər ki, həyat və insan var...
Heç sözsüz, dediklərim tamam təsəlli də ola bilməz. Ona görə ki, ədəbiyyat, hətta jurnalistika insanların bir qismi üçün həm də peşədir, bunlar da hansısa insanların ərsəyə gətirdiyi məhsuldur və əgər söhbət məhsuldan gedirsə, bir azca bayağı, vulqar səslənsə də, bunun da bazarı olmalıdır.
Bu müstəvidə də çox ziddiyyətli proseslər gedir. Bütün dünyada əməyin intellektual tutumu artır.
İndi hətta dəmirçi dükanında da kompüter var, onlar da nəsə axtarmaq üçün internetə baxırlar.
Amma bununla belə intellektual əmək özü üçün bazar tapmaqda çətinlik çəkir, xüsusən də bizim kimi az inkişaf etmiş ölkələrdə.
Bax, elə ən böyük problem də bundadır. Ədəbiyyat, hətta çap jurnalistikası yeni şəraitdə özünə bazar tapmaqda çətinlik çəkir - biz, əlbəttə, burada ən müxtəlif siyasi maneələri, başqa “milli özəllikləri” nəzərə almırıq...
Prinsipcə, məsələn, jurnalist üçün (elə böyük hesabla lap yazıçı üçün də!) böyük fərqi yoxdur ki, onun məhsulunu qəzetdən, ənənəvi kitabdan oxuyacaqlar, yoxsa saytdan və ya diskdən! Amma onunçün böyük fərqi var ki, bunun müqabilində o, nə alacaq? Bax, deyərdim, problem, hətta dərd də bundadır. Amma ümidliyik ki, bunun da gec-tez bir forması, həlli tapılacaqdır, hətta bunu bizim nəslə görmək qismət olmasa da...
КомментарииОставить комментарий