Общественно-политическая интернет газета
Ermənistan hakimiyyəti özünü “süddən çıxmış ağ qaşıq” kimi təqdim edərək davamlı şəkildə sülh bəyanatları verir. Bu gün, İrəvanda mer seçkilərində iştirak edən baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan Bakı ilə sülhə hazır olduqlarını açıqlayıblar.
Qarabağdakı qondarma rejimin təxribatçı addımları davam etdirməsi, qanunsuz hərbi birləşmələrin hərəkətliliyi və müxtəlif istiqamətlərdə mühəndis işlərinin həyata keçirilməsi cəhdləri, atəş açılması ilkin baxışda təəccüb doğurur: Azərbaycan ordusunun ovcunun içərisində olan erməni hərbi birləşmələr, xunta rejimi nəyə arxalanır? Bu sualın sadə cavabı var, erməni məkri yenə də öz işindədir. Qarşıda BMT Baş Assambleyasının 78-ci sessiyası var. XİN başçısı Ararat Mirzoyanla sessiyada təmsil olunacaq Ermənistan sülh bəyanatları ilə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Qarabağdakı xunta rejimi isə təxribatların miqyasını genişləndirməklə Azərbaycanı hərbi əməliyyatlar keçirməyə və BMT Baş Assambleyasında Mirzoyanın “baxın, Azərbaycan yazıq Qarabağ ermənilərini genosid edir”-iddiasını səsləndirmək üçün fürsət qazanmağa cəhd edir. Ümumilikdə bu planın koordinasiyalı şəkildə həyata keçirildiyinə şübhə yoxdur. Bu arada, Xankəndidəki qanunsuz rejimjn Ağdam yolunun Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlıları üçün açılması qərarını qəbul etməsi də səbəbsiz deyil. Musavat.com xəbər verir ki, Qarabağdakı qondarma rejim BQXK və Rusiya sülhməramlılarının Laçın yolu və Ağdam - Xankəndi marşrutu üzrə yüklərin paralel çatdırılması təklifini qəbul etmək qərarına gəlib.
Bildirilir ki, daşınma Qırmızı Xaç avtomobilləri ilə həyata keçiriləcək. Ermənistanın İctimai Televiziyası xəbər verir ki, qərar təhlükəsizlik mülahizələri və mövcud böhran vəziyyəti nəzərə alınmaqla qəbul edilib.
Göründüyü kimi, Azərbaycanın göndərdiyi və üç həftədir Ağdamda gözləyən yüklərlə bağlı hələlik mövqe yoxdur. İstisna deyil ki, bu “qərar” Azərbaycanın qəti və prinsipial mövqeyinin məntiqi nəticəsidir. Xunta rejimi ötən gecəyarısı yerli sakinlərə ünvanlı müraciət edərək onları sakitləşdirməyə çağırmışdı. Separatçı xunta rejimi qorxaq tula kimi həm qorxutmaq üçün hürür, əsgərimizə atəş açır, həm də qorxusundan “quyruq bulayır”, sonuncu qərar da bunun əlavətidir. Həmçinin terrorçu rejim on illərdir girov saxladığı mülki ermənilərə xitab edərək Azərbaycan ordusunun hərəkətlənməsinə görə təşvişə düşməmələrini istəyir. Hələ də reallıq hissini itiriblər, anlamırlar ki, açdıqları atəş mövqeyi bir gün havaya sovrulacaq, yaxud basdırdıqları minalara görə ölümcül cavab alacaqlar.
Azərbaycan Müdafiə Nazirliyinin bu anlarda yaydığı məlumata görə, sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Təxribatların miqyasını görürsünüzmü? Hər vəcdlə Azərbaycana “vur, başımızı əz”-deyirlər terrorçular. Elə bu gün Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Birinci Qarabağ müharibəsində Azərbaycanın 3900-ə yaxın vətəndaşının - İkinci Qarabağ müharibəsində daha 6 hərbçimi itkin düşüb - itkin düşdüyünü, indiyə kimi 10 kütləvi məzarlığın aşkarlandığını, amma basdırılan minaların kütləvi məzarlıqların aşkarlanmasını işini çətinləşdirdiyini bildirib. Azərbaycan mina xəritələrini tələb etsə də, “sülh quşu” Ermənistan saxta minalarla bu tələbi icradan imtina etdi. Üstəlik, Qarabağdakı xunta rejimi fürsət düşən kimi yeni minalar basdırır, hətta itlərin boynuna mina bağlayıb, Azərbaycan hərbçilərinin üstünə qısqırdıb. Düşmən bu dərəcədə mundardır.
Beləliklə, separatçı-terrorçu rejim davranışları ilə, həmçinin Ağdam yolunun açılmasına “qərar verməklə” həm qorxduqlarını gizlətmək, həm də Baş Assambleyadakı tərəfdar iştirakçılara əlavə “arqument” vermək üçün məhz bu ərəfədə müxtəlif addımlar atıblar.
Ermənistanın və Qarabağdakı cinayətkar rejimin BMT Baş Assambleyasının sessiyaları ərəfəsində bənzər təxribatlara əl atması ilk deyil. 2020-ci ilin 24 sentyabrında Assambleyanın iclasında çıxış edən Prezident İlham Əliyev dünya ictimaiyyətini xəbərdar etmişdi ki, Ermənistan növbəti təxribata hazırlaşır. Baxmayaraq ki, bundan əvvəl Tovuz döyüşləri baş vermiş, həmçinin avqust təxribatı olmuşdu, amma 4 qətnaməsi ayaqlar altına atılmış BMT bu xəbərdarlığı nəzərə almadı, Ermənistanı “yeni ərazilər uğrunda” hücumdan daşındırmaq üçün hərəkətə keçmədi və nəticədə 27 sentyabrda 44 günlük müharibə başladı.
Ötən illərin təcrübəsini nəzərə alıb, təmkinli, qətiyyətli olduğumuz qədər, ayıq-sayıq olmalı, düşmənin desinformasiyalarına yox, rəsmi dövlət qurumlarımızın məlumatlarına istinad etməliyik.
Dövlətimizə, Ordumuza, Baş Komandanımıza inanırıq, güvənirik!
КомментарииОставить комментарий