Общественно-политическая интернет газета
Sosial şəbəkələrdə Mahatma Qandinin adından vaxtaşırı paylaşılan bir müdrik kəlam dolaşır. Onu dünyanın məhvinə dair proqnoz da hesab etmək olar.
Oxumuş adamların ibarəsi ilə desək, zənnimcə, Mahatma Qandini oxuculara təqdim etməyə ehtiyac yoxdur. Əgər adam oxucudursa, demək, Qandi haqqında da oxuyub.
Amma böyük hind ideoloq-mütəfəkkiri haqqında bu yaxınlarda öyrəndiyim bir-iki faktı deməsəm, olmaz, çünki hamı zahidanə həyat keçirən ideal, böyük ürək sahibi olan insan hesab edənlər var. O isə adi insan olub, yanlış düşüncələrə də dalıb, səhv qərarlar da verib, ikili standartlara da qol qoyub.
Məsələn, işğalçı ingilislərə qarşı zorakı müqavimətin əleyhinə olan, “onlar sizi döysə də, müqavimət göstərməyin” deyən Mahatma Qandi Hindistanın müstəqillik qazanmasının ilk illərində müsəlmanlarla indusların arasında vətəndaş müharibəsi düşəndə deyib ki, bir öldürülmüş indusun yerində on müsəlman öldürün.
İndi bu nə deməkdir? Demək, güclü, silahlı düşmənin təhqirinə, qəsdinə məruz qalanda, məhəllə qaqaşlarının sözü olmasın, atırsan peysərə, amma hərbi baxımdan zəif müsəlmanlarla toqquşanda şir-pələngə dönürsən? Belə sülhməramlılıq olur?
Daha bir detal. Adam öz təlimləri ilə oğlu Harilalı necə bezdiribsə, oğlan dinini dəyişib, müsəlman olub. Heç demə, Harilal evlənəndə Mahatma Qandi ona deyirmiş ki, arvada yaxın getmə, adam gərək ömrü boyunca öz qadını ilə 3-4 dəfədən artıq, Söylünün sözü olmasın, şeirdən, poemadan, beynəlxalq vəziyyətdən danışmasın. Harilal da bu fikirlə razılaşmayıb, gedib müsəlman olub. (Müsəlmanlarda bu işə qoruq-qaytaq yoxdur axı, bacarırsan, 100 arvad al, 1000 kəniz saxla – İran hökmdarı Fətəli şah Qacar kimi). Belə olanda Mahatma Qandi öğlunu övladlıqdan rədd edib. İndi bu çoxmu xoşməramlılıq oldu?
Bir sözlə, əslində indus millətçisi, amma olduqca mətin, mübariz və dərin adam olan Mahatma Qandinin müdrik kəlamları çoxdur, biri də belədir:
“Dünyanı 8 səhv məhv edəcək: 1. Əxlaqsız ticarət; 2. İkiüzlü siyasət; 3. Dəyərsiz təhsil; 4. Zəhmətsiz varlanmaq; 5. Vicdansız həzz; 6. İnsaniyyətsiz elm; 7. Göstərişli ibadət; 8. Ədalətsiz qanun”.
1. Əxlaqsız ticarətdən başlayaq. Hazırda “ticarət” və “əxlaq” antonim sözlərdir, bir-birinə ziddir. Tacirlərin bütün çabaları alıcını aldatmaq üçündür. Çox pul qazanmaq ehtirası şüurlara hakim kəsilib. Bütün dünyada belədir.
2. Siyasət ikiüzlü olsa nə vardı ki? Müasir siyasət həndəsi fiqur kimi çoxüzlüdür. Kim kimlə dostdur, düşməndir, bəlli deyil. Dostumun dostu düşməndir, düşmənimin düşməni dost deyil, dostumun düşməni dostluq təklifi göndərir, düşmənimin dostu vasitəçi-həmsədr olmaq istəyir və s.
3. Ölkə ali təhsil haqqında diplom alan, amma heç bir savadı, düz-əməlli ixtisası və bacarığı olmayanlarla doludur. Hamısı da etiraf edir ki, 4 il ali məktəbə boşuna gedib-gəliblər, aldıqları təhsilin dəyəri yoxdur.
4. Zəhmətsiz varlananların milyonluq villalarının, restoranlarının, otellərinin, lüks maşınlardan ibarət qarajlarının gerçək mqyasını yalnız “ilişdikləri” zaman saytlarda çıxan “Məmurun sərvətinin siyahısı yayıldı” başlıqlı xəbərlərdən aydın şəkildə bilmək olur.
5. Qandi vicdansız həzzdən bəhs edərkən, güman ki, bəzi bitkilərin, sənaye üsulu ilə əldə edilən mayelərin və həblərin yaratdığı həzzləri nəzərdə tutub. Zinakarlıq da bu qrafaya girə bilər. İkisi də dünyanı başına götürüb.
6. İnsaniyyətsiz elm söhbəti isə yüz faiz süni intellektə, robotlara aiddir. Elm inkişaf edərək dəmir və rezindən “ağıllı insan”lar düzəldib, amma onlarda insanlıq deyilən şey yoxdur, düymələri basılanda, komanda alanda nə desən, edərlər. Ehtimal budur ki, yaxın illərdə robotlar insanları minəcək.
7. Göstərişli ibadətə gəlincə, N qədər danışmaq olar. Mömin olduğunu gözə soxanların, müqəddəs yerləri ziyarət edən və bunun şəklini, videosunu çəkib paylaşanların əlindən artıq sosial şəbəkəyə girmək olmur.
8. Ədalətsiz qanun məsələsi bütün dünyada aktualdır. Bəzi ölkələrdə belə qanunlar var ki, öz vətənini müdafiə edənlər millətçidir, ölüm cəzasını haqq edirlər, müharibəyə qarşı çıxanlar vətən xainidir, cibinə nəşə qoyub adamı ilişdirmək istəyən poqonluya müqavimət göstərmək cinayət hərəkətidir və s. Bunlar nə dərəcədə ədalətli qanunlardır?
Beləcə, məlum olur ki, Mahatma Qandinin fikrincə, dünyanın məhv olmasını təşkil edəcək şərtlərin hamısı hazırdır.
Hərçənd rəhmətlik xanımı Kasturbaya qarşı düz eləməyib. Arvad bərk xəstələnibmiş, ingilis doktor deyib ki, təzə dərman çıxıb, pensillin, vuraq, sağalsın. El atası deyib, olmaz, orqanizmə yad maddələrin daxil olması təbiətə ziddir. Arvad ölüb. Bir müddətdən sonra özü də xəstələnib, doktor yeni pensillini götürüb gəlib. Ağsaqqal deyib, yaxşı, bir ampula vurun, görək nə olur. Vurublar, sağalıb.
КомментарииОставить комментарий