Общественно-политическая интернет газета
Reyqanın qızı Pettinin dünən dediyi söz çox xoşuma gəldi. Ledinin sözləri bu cürdür: “Ronald Reyqan indiki ABŞ-a göz yaşı tökmədən baxa bilməzdi”.
İndi bir xeyli adam, o cümlədən gənclər deyəcəklər ki, Reyqan kimdir.
Nə bilsinlər? Bunu bilsə-bilsə, ABŞ tarixini, bu ölkənin prezidentlərinin həyatını öyrənən gənclər bilər. Reyqan 40 il əvvəl prezident olub – onların təvəllüdündən 15-20 il qabaq.
Çox zabitəli kişiydi Reyqan. Keçmişdə aktyorluq etmiş, 54 filmə çəkilmişdi, prezident olanda artistlik eləmədi. O, hakimiyyətə yeni gələndə sovet təbliğatı onu alaşalvar eləmişdi, karikaturistlər seri ələ salan rəsmlər cızırdılar, yekə-yekə politoloqlar adamın keçmişdə aktyor olmasını qabardırdılar. Bir də o, sui-qəsdə məruz qalıb ölümdən dönəndə sovet mətbuatında “ona əcəb olub” mənası verən şeylər yazılırdı.
Amma Reyqan sonradan Qorbaçovla bir danışdı, iki görüşdü, Moskvaya gəldi, Raisanın əri Mixail Sergeyeviçi Vaşinqtonda qəbul etdi, nə oyun durğuzdusa, axırda SSRİ dağıldı. 37 il əvvəl o, Qorbaçovla söhbətində iki qanadlı ifadə dilə gətirmişdi. Biri “Yaşayarıq, görərik” idi, o biri “Güvən, amma yoxla”ydı.
Reyqan və Qorbaçov uzun yaşadılar. Birinci 93 yaşında vəfat etdi, ikinci ömrünün 91-ci ilində öldü. Amma ikisi də çox şey gördülər – SSRİ-nin süqutundan tutmuş ta Nyu-Yorkdakı əkiz qüllələrin qaçırılmış təyyarələrlə taran edilməsinə, prezident Buşun qaçıb bunkerdə gizlənməsinə qədər.
11 sentyabr teraktı zamanı prezident postunda Reyqan özü olsaydı, güman ki, qaçıb bunkerə təpilməzdi. Amma nə bilmək olar? ABŞ-da belə vəziyyətlərdə mühafizə xidmətinin rəisi çox hökmlü olur, prezidenti yerə yıxır, deyir, tərpənmə, ya da sürüyüb özüylə daldabasar bir yerə aparır.
İndi elə bir kişinin qızı ABŞ-da baş verənlərə baxır, deyir, papam bugünkü ABŞ-a sakit baxa bilməzdi, ağlayardı. Petti ona görə belə deyir ki, Bayden və Tramp ölkəni ağlamalı günə qoyublar. İki qoca kişi yeniyetmə oğlan uşaqları kimi höcətləşir, ölkə xalqı da ortada qalıb.
Ona qalsa, bəs Lenin və Stalin indiki Rusiyaya və postsovet məkanına baxsa, nə edərdi?
“Proletariatın dahi rəhbəri” mütləq saçını-başını yolardı, kağız-qələm götürüb yazardı: “İşğal! İşğal! İşğal! Bütün keçmiş ərazilərimizi yenidən işğal edin! Müqavimət göstərənlərin hamısını güllələyin!”
“Ellər atası” isə ağlamaz, amma hiddətlənərdi və hiddətini büruzə verməzdi, sadəcə, telefonu götürüb lazımi adamlara əmr verərdi: “Ölkəni bu günə qoyanların hamısını güllələyin!”
Güllələnənlərin sırasında vaxtilə kommunist, komsomolçu olan, dövlət əmlakını mənimsəyən, sonradan biznesmenə çevrilən, deputat seçilən, indinin özündə “SSRİ bərpa edilməlidir” deyən yüz minlərlə adam olardı.
Şarl de Qoll indiki Fransaya baxsa, gözü dolardı, amma tez özünü yığışdırardı ki, Makronun gey nazirləri kimi kövrək, duyğusal görünməsin.
Uinston Çörçill indiki İngiltərəyə baxsa, siqarından dərin bir qullab alıb, deyərdi: “Ya o vaxt mən Mahatma Qandiyə “yarıçılpaq dərviş” deyərkən səhv etmişəm, ya da siz onun soydaşı Rişi Sunakı ingilis dövlətinə baş nazir seçərkən səhv etmisiz”.
İosip Broz Tito Balkan ölkələrinin bu gününə baxsa, zırın-zırın ağlayardı, deyərdi, hanı o gözəl Yuqoslaviya.
Amma Çinin köhnə lideri Mao Tzsedun indiki Çinə baxsa, fərəhlənərdi, hakim kompartiyanın yeni rəhbərliyinə təşəkkür edərdi, deyərdi, sizə halal olsun, arzularımı çin etmisiz, işimi yaxşı davam etdirmisiz, ölkəni çiçəkləndirmisiz.
Zahir şah bugünkü Əfqanıstana baxsa, cəmi üç söz deyərdi: “Boyunuzu yerə soxum!”
İran şahı Məhəmmədrza Pəhləvi hazırkı İrana baxsa, ağlamazdı, çünki vaxtında ölkədən ağlaya-ağlaya qaçmışdı, özündən sonra nə olacağını bilirdi.
Yumjagiyn Sedenbal bugünkü Monqolustana baxsa, nə ağlayar, nə də sevinərdi, eləcə düşünərdi ki, ölkəni necə qoyub gedibsə, eləcədir.
David Ben Qurion indiki İsrailə baxsa, dəqiq ağlayardı, deyərdi, mənim zavallı balalarım, hələ də döyüşürsüz.
Müəmmər Qəzzafi bu günün Liviyasına baxsa, acıq verə-verə deyərdi: “Ta dincəldiniz? Çomağınızı götürüb tökülmüşdüz üstümə. Di gedin!”
Brejnev isə Rusiyanın bu gününə baxsa, hönkür-hönkür ağlayar, deyərdi, nalivay, Kostya, gör, bizim Ukraynanı nə günə qoyublar.
Xüləs, 30-40 ilin əvvəlin siyasi liderləri indiki dünyaya, eləcə də öz ölkələrinə baxsaydılar, bir-iki istisna ilə hamısı yekdilliklə “dünyanın zayı çıxıb” deyər, kədərlənərdilər.
КомментарииОставить комментарий