Общественно-политическая интернет газета
Demək belə... Sən demə “ABŞ beynəlxalq humanitar təşkilatın müşayiəti ilə müalicə üçün Ermənistana aparılan Vaqif Xaçaturyanın Laçın dəhlizində həbs olunmasından xəbərdar” imiş.
Bu barədə “Amerikanın səsi”nin erməni xidmətinin sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib. Görün Dövlət Departamentinin “xəbərdar” təmsilçisi ardınca nə deyib: “Birləşmiş Ştatlar Azərbaycanın Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi nəqliyyat vasitələri üçün blokadada saxlanmasını davam etdirməsindən dərin narahatdır. Humanitar hərəkatın dayandırılması humanitar vəziyyəti daha da pisləşdirir və sülh prosesinə etimadın yaradılması səylərini sarsıdır. Laçın dəhlizi ilə kommersiya, humanitar və şəxsi avtomobillərin sərbəst hərəkəti dərhal bərpa edilməlidir. Biz ardıcıl olaraq müdafiə edirik ki, regionda sülh Dağlıq Qarabağ əhalisinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını ehtiva edir. Biz bu məqsədlə irəliləyən dialoqu alqışlayırıq”.
Bunlar da “narahatlıq”dan infarkt həddinə çatdılar, “alqışlamaqdan” əlləri qabar oldu... Özünü ciddi dövlət və ya dövlətin ciddi rəsmisi hesab edən şəxs dinc, köməksiz insanları qətlə yetirən şəxsin hüquqi müstəvidə sorğulanmasından narahat olmamalıdır, əksinə, bunu Azərbaycan dövlətinin daxili işi kimi qiymətləndirib, sonrakı suallara keçməlidir! Xüsusilə də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dəridən-qabıqdan çıxır, ayda bir neçə dəfə “narahat olur”. O gün də Azərbaycanı “Laçın dəhlizi”nin “kommersiya, humanitar və şəxsi məqsədlər üçün” dərhal (!) açılmasını istəmişdi. Elə bil karvansara qapısıdır bunlar üçün Azərbaycanın sərhəd qapısı!!!
ABŞ Dövlət Departamenti 1991-ci ilin 23 dekabrında, Xocalı rayonunun Meşəli kəndində erməni terrorçu dəstələri tərəfindən qətliam-soyqırım törədiləndə eyni operativliklə niyə “narahat” olmayıb? Həmin gün “Böyük Tiqran” və “Sasunlu David” cinayətkar dəstələri azərbaycanlıların kəndinə hücum edərək 28 nəfəri qətlə yetirib, 14 nəfəri yaralayıb. Meşəlinin əhalisinin 358 nəfəri o gündən yurd-yuvasından didərgin salınıb. Bu illərdə ABŞ nədən rahat olub, bircə dəfə meşəlilərin halına acımayıb, Meşəli soyqırımını tanımayıb? Məlumdur ki, əgər erməni terrorçularının burnu beynəlxalq səviyyədə Meşəlidə ovulsaydı, cəmi iki ay sonra Xocalıda əsrin soyqırımı baş verməzdi. Demək, Ermənistanın cinayətlərini stimullaşdıran həm də beynəlxalq səviyyədə laqeydlik, biganəlik olub. ABŞ 30 il ərzində Qarabağdakı separatçılara “humanitar məqsədlə” (burda da “humanitar”) azı 2 milyard dollar maliyyə yardımı göndərib. Həm də “ərazilərin minalardan təmizlənməsi məqsədilə”. Minaların necə “təmizləndiyini” torpaqların böyük hissəsini işğaldan azad etdikdən sonra görməkdəyik... Erməni terrorçular əslində mina basdırma layihəsi icra edirmiş...
İndi ABŞ Meşəli qətliamında şəxsən iştirak etmiş – yaxşı ki, şahidlər bu günədək yaşayır və dedikləri dəhşət saçır, ABŞ Dövlət Departamenti bu dəhşətlərdən narahat olmasa da – Vaqif Çerkezoviç Xaçaturyanın saxlanmasına o qədər həssas yanaşır ki, elə bil 50 ilin dissidenti saxlanılıb. ABŞ həmin ölkədir ki, yol polisi ilə mübahisə edən sürücünün başına güllə çaxılır. Yəni qanunların pozulmasının cavabı nümayişkaranə edamdır. Azərbaycan hələ kimisə edam etməyib ki... Sadəcə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə haqqında qərar qəbul edilən və beynəlxalq axtarışa verilən V.Xaçaturyan sərhədçilərimiz tərəfindən beynəlxalq hüquq çərçivəsində saxlanılıb. Bu illər ərzində Azərbaycana qarşı cinayətlər törədən, İnterpol xətti ilə axtarışa verilən bir ermənini saxlayıb sorğulamayanlar Azərbaycan dövlətinin BMT TŞ qətnamələri kimi, bu istiqamətdə də təkbaşına qətiyyətli addımlarını sinirə bilməyənlər narahat olublar... Vaqif Xaçaturyan hətta kimsəni qətlə yetirməsə belə, Meşəli kəndinə 5 496 900 manat məbləğində maddi ziyan vurduğuna görə cəzalandırılmalıydı.
Yaxşı bəhanələr tapıblar... Cani Vaqif Xaçaturyanın 68 yaşının olmasını tez-tez önə çəkirlər. Cəhənnəmə ki... Xaçaturyan Meşəlidə Mail Məmmədovun sinəsinə odda qızdırılmış xaçı basanda 36 yaşı var idi... Cinayət cəzasız qalmır, hətta qəbirdə də cəza kəsirlər, elə ABŞ-da da. Erməni canilər azərbaycanlıları qətlə yetirəndə yaşınamı baxıblar, bəlkə xəstə olduqları üçün bağışlayıblar?! Qarabağda körpə, qoca, qadın demədən soyqırıma məruz qoyublar. Elə bizim mərhum həmkarımız Zülfüqar Hüseynzadənin 93 yaşlı xəstə nənəsini çarpayıdaca güllələmişdilər erməni qatillər! Düzdür, bu hadisə Meşəlidə olmamışdı, amma nə fərqi, Başlıbeldə törədilmişdi bu qətliam, ABŞ-ın Bağanis Ayrım, Meşəli, Xocalı... soyqırımlarına susmasından bir neçə il sonra, 1993-cü ilin aprelində!!! İndi bu cani Vaqifin yaşı və “xəstəliyi”ni nə əldə tutalqa ediblər?!
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 29-da ona zəng edən ABŞ Dövlət katibi Antoni Blinkenə sözünü deyib. Xatırladaq rəsmi xəbəri: “Ermənistan tərəfinin atdığı təxribatçı addımların sülh prosesinə maneçilik törətdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.
Dövlətimizin başçısı Ermənistan tərəfinin Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, sərhədçilərimizi atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə etməklə bağlı təklif irəli sürməsinə və bunun Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, Ermənistan bütün təkliflərə qarşı çıxıb. Erməni tərəfinin “Humanitar vəziyyət” və “blokada” ilə bağlı iddiaları siyasi manipulyasiyadır.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davamlı şəkildə pozucu fəaliyyət göstərərək, sülh danışıqlarına, eləcə də Azərbaycan və yerli erməni sakinlər arasında təmas və dialoqun inkişafına maneçilik törətməyə çalışması qəbuledilməzdir. Dövlətimizin başçısı Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, ikinci görüş üçün isə Azərbaycanın təklifinin təqdim edildiyini xatırladıb”.
Və... Antoni Blinken ABŞ-ın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edərək, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi və digər alternativ yollar vasitəsilə keçidin önəminə, danışıqlardakı müsbət dinamikanın saxlanmasının əhəmiyyətinə toxunub”.
Bu məlumatda hər şey var, hətta alternativ Ağdam-Xankəndi yolu da, amma “Dağlıq Qarabağ” yoxdur! Elə isə niyə Dövlət Departamentinin sözçüsü Blinkenə hörmət edib, onun leksikonundan yararlanmır? Həm də Azərbaycan dövləti bəyan edib: yoxdur Dağlıq Qarabağ, var Qarabağ iqtisadi rayonu! Hadisələr vaqe olur Azərbaycan ərazisində, odur ki, özünüzə gəlin! Üstəlik, beynəlxalq hüquq hətta cinayətkarların xarici ölkələrdə də saxlanmasını və müvafiq prosedurların başlanmasını yasaqlamır. Blinkenin mövqeyindən “bixəbər” Dövlət Departamentinin sözçüsünə bizim də bir sualımız var: “ABŞ-ın Azərbaycandakı səfirliyinin ərazisində hansısa cani aşkarlansa, onun da “yaşı” və “xəstəliyi”ndən “narahat” olacaqdın? Özünüzə gəlin, cənablar, bu “narahatlıq”la sizdə ürək qalmaz ki...
КомментарииОставить комментарий