Общественно-политическая интернет газета
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik yadınızdadır? Qarabağın işğalda olmasından qazanclı çıxanlardan biri də o oldu. Donuz kababından yedi, erməni çaxırından içdi, şelləndi özü üçün, hərdən hesabat yazıb “yuxarılar”a yolladı, görüşlər keçirdi, “mən də işləyirəm” görüntüsü yaratdı.
Amma bir çox ekspertlər şübhə etmirdilər ki, Kasprşik daha çox agent olaraq fəaliyyət göstərir, daha çox Azərbaycandan ermənilərə və onların havadarlarına materiallar satır. ATƏT-in Qarabağdakı “canişin”i “həftə səkkiz, mən doqquz” Qarabağdakı separatçıların başçıları ilə görüşür, onların əski parçasının altında söhbətlər aparır, əylənir, beynəlxalq tədbirlərdə də bircə dəfə də olsun Qarabağın erməni işğalı altında olmasından, Ağdamın Şahbulağında Ermənistan tanklarının təlim keçməsindən, məzarlarımızın da yer üzündən silinəsindən kəlmə belə, kəsməmişdi. Əksinə, hazırladığı sənədlərdə “dağlıq qarabağ respublikası” adlı idbar qurumun adını çəkirdi. Yəni bu qədər erməniləşmişdi...
Azərbaycan ordusu 44 günlük müharibədə erməni faşizminə sarsıdıcı zərbələr endirəndən sonra Kasprşik də başının dəstəsi ilə aradan çıxmışdı. Minsk Qrupunun “pensiyaya göndərilən” həmsədrləri kimi, o da Xankəndiyə qayıdışı çox gözlədi, arzuları qursaqlarında qaldı. Amma görünən budur ki, it-motal məsəlidir...Qarabağdakı separatçılar belə, ATƏT-matətdən, Anjey-manjeydən əllərini üzsələr də, Kasprşik əl çəkənə oxşamır.
Budur, erməni mətbuatı xəbər yayıb ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan A.Kasprşiklə “Laçın dəhlizinin blokadasını” (?!-E.P.) müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş avqustun 22-də baş tutub. Bildirilir ki, Kaspşik Ermənistana ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin tapşırığına əsasən Laçın dəhlizinə səfər etmək və vəziyyətlə bağlı hesabat təqdim etmək üçün gəlib. Bu yaxınlarda BMT TŞ-də burnu ovulan, gülünc vəziyyətə düşən, hətta ermənilərin özlərinin də ələ saldığı Mirzoyan yenə də sərsəm-sərsəm danışıb, “Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrandan danışan Mirzoyan humanitar fəlakətin və onun nəticələrinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təsirli addımlarının vacibliyini qeyd edib”.
Ararat Mirzoyanın sifəti bəllidir, bunlarda utanan, qızaran üz yoxdur. Bir yandan “sülhə sadiqik” deyirlər, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyirlər, o yandan da karvanın ardınca hürən köpəyi xatırladırlar. Amma heç olmasa Kasprşikin ötən 3 ilə yaxın müddətdə düşünmək, vicdanı qarşısında hesabat vermək üçün vaxtı olub axı. Lap deyək ki, bu adam Buyar Osmaninin buyruğuna əsasən gəlib. Amma “köhnə palan içi” eşələməyə gələrkən azacıq da olsa, vicdanlı davranmalıydı. Heç olmasa Laçın sərhəd buraxılış məntəqəsindən son iki gündə sərbəst şəkildə keçən 60+100 erməninin – özü də Rusiya pasportu daşıyanların – sərbəst keçidinə baxıb, utanmalıydı Azərbaycanı şərləyən Mirzoyanın çərənləmələrinə ayırdığı vaxta görə.
Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçid edən erməniəsilli şəxs Elen Arstamyan sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Elen azərbaycanlı jurnalistlərə açıqlamasında hər şeyin yaxşı olduğunu söyləyib və azərbaycanlıların göstərdiyi münasibətin normal olduğunu qeyd edib.
Bundan əvvəlki gün isə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən 9 avtomobilin içərisində BQXK-nın üzvləri, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət ümumilikdə 57 şəxsin maneəsiz hərəkətinə şərait yaradılmışdı. Yəni cəmi üç günə üst-üstə 2017 nəfər sərbəst şəkildə keçid edib. Di gəl, Ararat Mirzoyan yenə də “blokada”, “humanitar fəlakət” şivəni qoparır, tumanını başına çəkərək və Kasprşik də bu saxtakarlara zaman ayırır.
Növbəti gözçıxaran fakt: Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsindən 23 avqustda keçid edən daha bir erməni əsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Musavat.com xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. Erməni əsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “qəşəng” deyərək cavab verib.
“Blokada”, “humanitar fəlakət”, “genosid” beləmi olur, Mirzoyan? Bəlkə sən deyəsən, cənab Kasprşik?! Hələ bir de, “qəşəng”. Erməni hətta azərbaycanlıların az-az işlətdiyi ifadəni də söyləyib sizin “fəlakət ünvanı” adlandırdığınız keçid məntəqəsində, indi sözünüz nədir? Utanıb-qızarmadan bundan sonra da Qarabağ ermənilərinin “fəlakət”indən danışacaqsınızsa, onda...
Üz-üz gəlsək, deyərdim: əsl fəlakət bilirsənmi nədir, cənab Anjey?! Erməni Laçın yolundan rahatca keçib, “qəşəng” dediyi gün Azərbaycan 3 oğlunu 31 ildən sonra (!!!) dəfn etdi! Birinci Qarabağ müharibəsi zamanı, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında itkin düşən Məhərrəm Abbasovun meyitinin qalıqları Keşlədəki Şəhidlər Xiyabanında, Baba Mikayılovun meyitinin qalıqları Şamaxı rayonunun Göylər kəndində, Gülverdi Hüseynovun meyitinin qalıqları isə Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırıldı. Bu oğulların adları əsir, itkin və girov götürülən 3 min 996 vətəndaşımızın sırasındaydı. 30 il ərzində Qarabağda kef çəkən Kasprşik bircə dəfə də olsun ermənilərdən bu insanların sorağını sormadı, Şuşa-Xankəndi arasında şellənərkən sağ-solundakı kütləvi məzarlıqlarla maraqlanmadı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra çoxsaylı kütləvi məzarlıqlar aşkarlanıb, hər qazılan ünvanda insanlarımızın qalıqları tapılır. Kasprşik 30 il boyunca kef çəkdi o torpaqlarda. Bircə dəfə öz hesabatlarında itkin azərbaycanlılardan bəhs etmədi. Unutmamışıq, bu cinayətlərdə onun da məsuliyyəti var...
КомментарииОставить комментарий