Свобода людям, независимость нациям!

Dili təmizləmə zavodu

Hökumət idarələrinin ana dilimizə qoyduğu hörməti görəndə ağzımız açıq qalır. Bunlar hər gün yeni sözlər, modern cümlələr icad edirlər. Dili təkmilləşdirirlər. İnşallah, bir neçə il də belə davam eləsə yeni ana dili sayəsində xalq-hökumət əlaqələri ünsiyyətin ən yüksək zirvəsinə qalxacaqdır. O zaman gərək çalışaq həmin əlaqələr zirvədən dambadurumla uçuruma yuvarlanmasın, daim qartalların yuvasında pərvazlansın!

Şair necə demişdir? Ey mənim ana dilim, Qurbanam sana Kürüm! Həri.

İndi sizə tipik örnək vermək istəyirəm. Hansı idarənin rəsmi məlumatından götürmüşəm, heç soruşmayın, çünki aşağı-yuxarı hamısı eyni üslubun virusuna yoluxmuşdur, deyəsən bundan peyvənd-filan yoxdur, yoluxan əlli-ayaqlı gedir. Yəni, dili batır. Buyurun, sitatımızı oxuyun: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədovun sədrlik etdiyi hərrac komissiyası tərəfindən Neftçala rayonunda dövlət mülkiyyətində olan 1 hektardan artıq torpaq sahəsi və üzərində yerləşən tikinti obyektinin alqı-satqısına dair keçirilmiş auksionda vətəndaşın 22 min 500 manat pul müqabilində qalib elan edilməsinə nail olmasına şübhələr müəyyən edilib”. Sitatın sonu.

Lap başdan başlayaq. Bu idarənin ismi-şərifini “İqtisadiyyat Nazirliyinin Dövlət Əmlak Xidməti” kimi yazmaq olmazmı? Əla da olar. Lakin biz mütləq “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” yazmalıyıq, guya bu zaman daha bazburutlu, təntənəli olur. Vallah olmur. Biabırçı, erməni dilində bir şey olur.

“Məsələləri” nədir, “...nin” şəkilçisi əvəzinə “yanında” yazmaq nəyə gərəkdir? Onda gəlin “filan rayon icra hakimiyyətində hüquq şöbəsinin müdiri” yerinə “filan rayon icra hakimiyyəti yanında hüquq şöbəsinin müdiri” yazaq. Eyni dırnaqarası məntiqdir. Mən olum qəzetin yanında köşə yazarı, siz olun köşə yazarının yanında oxucular və sairə.

Əmlak məsələləri varsa, niyə müdafiə məsələlərimiz də yoxdur? O cümlədən, kənd təsərrüfatı məsələləri, mədəniyyət məsələləri, təhsil məsələləri (bu lap fısqırıq və elmi səslənər) ... nazirlikləri də olmasın?

Davam edək. “Hərrac komissiyası tərəfindən” yerinə hərrac komissiyası yazmaq dili qısaldır, hərracı pozur? Bu “tərəfindən” zibil-sözünü dilimizə salanın dili qurusun. Polis deyir tərəfimizdən, müəllim deyir tərəfimizdən, jurnalist yazır tərəfimizdən... Sanki hərə qıraqdan durub öz tərəfinə baxır. Bu qədər yekəxanalıq nəyə xidmət edir? Ana dili tərəfə haçan keçirsiniz?

Bir cümlədə eyni proses gah hərrac adlanır, gah auksion. Hərrac nəyinsə satışıdırsa, orda alan da onsuz var (apriori yazım, mənə də ilişməyə nəsə olsun), ta bunu “alqı-satqı hərracı” yazmaq nəyə lazımdır? Plastiklərlə zibilləmə əleyhinə qanun qəbul edirsiniz, dili belə artıq-urtuqla zibilləməyə niyə qanun yoxdur?

Tikintinin istəniləni özlüyündə obyektdir, “tikinti obyekti” yazmaq axmaqlığın zirvəsidir. Tikinti torpağın üzərindədirsə, yerləşməsi məlumdur, bunu niyə əlavə yazırsan? Torpaq üzərində uçan tikintilər də var?

Şübhə müəyyən edilə bilməz, yaranar. Müəyyən edilən artıq faktdır.

Məsələn, o cümlə belə oxuna bilər: “Hərrac komissiyasının Neftçala rayonunda dövlət mülkiyyətindəki 1 hektardan artıq torpaq və üzərindəki tikintinin satışı auksionunda vətəndaşdan 22 min 500 manat rüşvət alaraq qalib elan etməsinə şübhələr yaranıb”.

38 sözlü anlaşılmaz cümləni 27 sözə saldıq. Çox çətin idi, hələ də problemlər qalır, lakin buna şükür.

Amma bundan sonrakı cümləni hörmətli oxucuların ixtiyarına buraxıram, çünki bunu da analiz və ixtisar eləsəm zəhərdən ölə bilərəm: “Tələb etdiyi rüşvət məbləğinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb”.

Bu dili hansı anadan eşidiblər? Bu, ümumiyyətlə, hansı dildir, mənə də yazın.

Balaxanıda Dil Zavodu tikilməlidir. 

 

Нет комментариев

Новости автора