Общественно-политическая интернет газета
Daha bir görünməmiş korrupsiya cinayəti üzə çıxıb, bulvarın keçmiş müdirini tutub basıblar. Güman edirik o, ərazidə dənizi satırmış. Ya da yelləncəkləri. Bəlkə də çayxanaları. Bayraq meydanını da sata bilməzdimi?
Hələ mənim yadıma gəlir, orada gəmilərə minirdin, gedib Nargin adası tərəfdən dövrə vurub qayıdırdın. Çoxdandır o dəniz səfərləri ləğv edilmişdir. Ola bilərmi həmin gəmiləri bulvarın eks müdiri satsın? Hərçənd deyirdilər guya dəniz quruyub, gəmi limana, körpüyə yan ala bilmir. Biz də inandıq... Türk elində yaşayırıq. Ulu babalarımız gəmini lazım gələndə çiyinlərində daşıyıb o boyda Konstantinopolu ələ keçirmişlər.
Üstəlik, lap dənizin azalması versiyasına inansaq, burada da bulvarın müdirinin əli ola bilərdi. Yuxarıda yazdım: dənizi satıbdır. Zarafat eləmirəm. Oxşar hadisəni Qabriel Qarsia Markesin “Patriarxın payızı” romanında hamımız oxumuşuq. Orada bir Güney Amerika ölkəsinin diktatoru dənizi ABŞ-a satırdı. Amerikalılar şlüz çəkib dənizi iri tankerlərə doldururlar, gecəylə daşıyıb aparırlar. Ölkə xalqı isə səhər yuxudan oyanır, görür sahildə lələ (indiki halda ləpə) köçüb, yurdu qalıb. Dəniz gördünmü, balıqqulağısını da görmədim...
Bulvarda korrupsiya ehtiyatları çoxdur. Məsələn, orada Argentinadan gətirilmiş baobab, İtaliyadan gətirilmiş zeytun ağacları, meksikalı kaktuslar-filan olmalıydı (çoxdan getmirəm, bəlkə onları da satıblar). Hacıbala müəllim şəhərin müdiri olanda paytaxtımıza hədiyyə etmişdi. Bir az qalsa cəngəllik açacaqdı, qismət olmadı. İndi mən düşünürəm ki, bəlkə bulvarın müdiri, məsələn, baobab yerinə Balakəndən fındıq kolu gətirib, sənədləşdirmədə isə guya baobab olduğunu yazıb? Fındıq boyda korrupsiya ilə, baobab boyda yeyinti fərqlənər, hər halda.
Yaxud Kürdəmirdən kəkotu toplayırsan, alqı kağızına yalandan “Meksikanın Yukatan bölgəsinin kaktusu” yazırsan. Aradakı fərqi dövlət büdcəsindən sümürürsən.
Ancaq bircə mənfi cəhət var ki, müdir işdən çıxandan xeyli sonra ələ keçibdir. Bizdə korrupsiya adətən belə tapılır. Nadir hallarda iş başında yaxalayırıq. Məsələn, indi ağlıma gəldi, nədənsə çoxdandır icra başçısı, deputat, nazirliyin şöbə müdiri, voyenkom-zad tutmuruq. Yoxsa oralarda artıq hər şey qaydasına düşübdür? Şübhə edirəm. Eyni zamanda ümid edirəm. (Bu, yalnız Azərbaycana xas qiymətli keyfiyyət, psixoloji durumdur. Eyni anda sən həm şübhə, həm ümid edirsən, qorxa-qorxa cəsarətlənə, yaltaqlanaraq vüqarlana, yalan danışaraq haqqa qovuşa bilərsən. Hələ acqarına doya da bilirik. İnşallah, bu psixoloji fenomen haqda qismət olsa nəsə yazarıq. Ya da heç zad yazmarıq - bizdə yazılmayan yazılar ən oxunaqlı olur).
Söz əski zamanlardan düşmüşkən, təzəlikcə qəzetdə bir gözəl məqalə oxudum. Orada Mərkəzi Bankımızın əski müdiri, adını doğruldaraq el yolunda manatı qorumuş Elman müəllimdən bəhs olunurdu. Deyir bankirimiz “Planet” adında şadlıq sarayı açıb, saray yolun içindədir, camaata mane olur, vaxtilə mərkəzi bankın pullarını öz şəxsi banklarına kreditə verirmiş və sairə. Xeyli maraqlı, məzmunlu, istənilən soydaşımıza baş ucalığı gətirəcək yeyinti faktları sadalanmışdı.
Şəxsən mənə sarayın adı xoş gəldi. Təsəvvür elə, kimsə evlənir, soruşursan, deyir toyum “Planet”də olacaq. Hansı planetdə, ta onu demir. Nə qədər əsrarəngiz, fantastik, hətta fantasmaqorikdir... Bu düşük jurnalistlər isə korrupsiya axtarır. Sizin kimilərinə elə Ağadadaş lazımdır, “Büsat” adında saray açsın. Ya da nə bilim, kiminsə sarayı var, adı məsəl üçün, “Hollivud palas”dır. Guya burda kino çəkirlər.
Milli olmalıyıq.
КомментарииОставить комментарий