Общественно-политическая интернет газета
İdmanın inkişafı hökumətin əsas diqqət sahələrindən biridir. Bunu Avropa oyunlarının timsalında görmək mümkündür. 1-ci Avropa oyunları 2015-ci ildə Bakıda keçiriləndə Azərbaycan medal sayına görə 2-ci yeri tutmuşdu. 2019-cu ildə Belarusdakı 2-ci Avropa oyunlarında Azərbaycan 10-cu yerə çıxdı.
Hazırda Polşada 3-cü Avropa oyunları keçir, turnirin bitməsinə iki gün qalmış 24-cü yerdəyik. Şəxsən mənim fikrimi soruşsanız, 2-ci, 10-cu yerlərdənsə, 24-cü yer daha müqəddəsdir, çünki tarixən 124 min peyğəmbərimiz olmuşdur.
İdmana göstərilən yüksək dövlət qayğısına görə bir daha hökumətə minnətdarlıq edirik. Hazırda bütün millət parklarda idmanla məşğul olur, məktəblərdə güclü idman dərsləri keçirilir, o cümlədən, tanınmış idmançılarımız idman salonları açır. Məsələn, futbolçu Qurban müəllimin bir salonu var, orda astma xəstələri saunada müalicə almaq imkanı qazanır. Mən bunu salonun reklam saytında görmüşdüm. Bu, tibb elmində tam yeni haldır, çünki astma xəstəsinə rütubət əslində ziyandır. Mövzumuza dəxli olmasa da, üzərrik göz dəyməsinə, mavi hindiba otu qaraciyər serrozuna, dağdağan çubuğu isə qulyabanıya qarşı güclü əlaclardan sayılır. Buyurun, istifadə edin.
Vaxtilə Müsyö Jordan məhz otlarımızın dalıyca Qarabağa gəlmişdi. Hərçənd, indi Fransa ilə münasibətlərimiz pisləşibdir, ot özümüzə qalır. Münasibətlər neçənci dəfə korlanır - sayını itirmişik. Fransa-Azərbaycan diplomatik münasibətləri dünya siyasət tarixinə düşməyə layiqdir, çünki bu münasibətlər eyni anda həm ən gözəl, həm ən pis sayılır. Çox qəribə, alimlər demişkən, koqnitiv dissonans və oksümoron münasibətlərdir.
Ancaq ola bilər hazırkı pisləşmə axırıncıdır. (Bəzi müxalif qəzetlərin əski günlərdə yazdığı “Sonun başlanğıcı” adlı məqalələr yadıma düşdü). O səbəbə ki, AzTV-nin kamerasını sındırıblar. Biz hər şeyi bağışlayarıq, bircə buna dözümümüz yoxdur. Mətbuat azadlığına hörmətimiz dünya miqyasında bəllidir. Zarafat deyil, 525 qəzetimiz çıxır. Elə axırıncı qəzetin başçısı mətbuatımızın ağsaqqalı qoyulmuşdur.
İdmandan yazırdıq. Türk xalqlarının dalaşqan olması elmə məlumdur, bunu türkiyəli tarixçi alim İlbər Ortaylı da bir neçə dəfə səsləndirmişdir, hətta yanılmıramsa, buna görə haqsız tənqidlərə məruz qalmışdır. Azərbaycanlıların da etnos olaraq çoxu türk olduğundan biz savaşmağa, yarışmağa meylliyik. Sözgəlişi, ermənilər bunu çox gec başa düşdülər, hərçənd, tam başa düşdüklərindən çox əmin deyiləm. Azərbaycan xalqı 2020-ci il savaşından sonra hökumətə, iqtidara rəğbətini niyə görünməmiş dərəcədə artırmışdı? Uduzma kompleksindən, başı aşağı olmaqdan qurtulduqları üçün. Yoxsa ərazi bütövlüyü, beynəlxalq hüquq, nə bilim, ədalət-zad bizim o qədər vecimizə deyildi. Zəif düşmənə uduzdurulmağın töhməti 27 il başımıza qaxınc olmuşdu. Ermənilər internetdə, sosial şəbəkələrdə, xaricdə, orda-burda azərbaycanlıları ələ salırdılar, odla oynadıqlarını anlamırdılar.
Düzdür, hazırda bəzi davalı idmanlar üzrə dağıstanlıları, iranlı və kubalıları milli komandalarımıza cəlb etmişik, ancaq böyük fərqi yoxdur, bəlkə Fidel Kastro da əslən həmyerlimizdir.
Sözü nəyə gətirirəm? Qurban bayramı günü şəhərə çıxmışdım, müxtəlif yerlərdə cürbəcür davaların şahidi oldum. Daş, kəsək, bıçaq, yaba, dırmıq – millət əlinə nə keçsə götürüb cumurdu. Küçələrdə qan su yerinə axırdı. Allah-təala qoyun kəsməyi tapşırıb, biz isə bir-birimizi kəsirik. Təklif edirəm buna son qoyulsun.
O cümlədən, son günlərdə hərə bir dərədə arvadının başını kəsir, bu da ölkəmizdə qadın hüquqları sahəsində aparılan dəruni islahatlara qətiyyətlə ziddir.
Emmanuel Makrona isə üzümü tutub Binəqədi sakinləri adından demək istəyirəm ki, iğtişaşlara son qoyulmalıdır. İndiki uşaqlar bilməz, əski vaxtlarda “Emmanuel” adında maraqlı kino var idi. Davalı kino idimi? Yox. Savaşmır, sevişirdilər. Məncə belə də olmalıdır.
КомментарииОставить комментарий