Общественно-политическая интернет газета
Ötən yazımda məhkəmə islahatlarına toxunmuşdum, bir əlavə tema köşəyə sığışmamışdı. Məsələ qısaca budur: məhkəmələr haqda qanuna yeni dəyişiklik təklifiylə Ədliyyə Nazirliyinin bir çox səlahiyyətləri əlindən alınaraq Məhkəmə Hüquq Şurasına (MHŞ) veriləcəkdir.
Sitat: “... məhkəmə statistikası aparmaq, məhkəmələrdə kargüzarlığın təşkili, hakimlərin əmək və sosial hüquqlarının təmini, məhkəmələrdə icra və əmək intizamına riayət üçün tədbirlər görmək, birinci və apelyasiya instansiyası məhkəmələrində işin vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturu və ştat cədvəlinin təsdiqiylə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir” (etiraf edin, bu uzun cümləni kim oxudu?).
Gördüyünüz kimi, Fikrət müəllim ədliyyədən məhkəməyə elə-belə getməyibdir, səlahiyyətləri də özüylə aparır və MHŞ-yə verir. Qanundan ətraflı xəbərim yoxdur, ancaq belə baxıram orda nazirliyin səlahiyyətində, yalan olmasın, heç hakimə mantiya geyindirmək də qalmamışdır. Tısbağanı ya çevir, ya öldür, fərqi yoxdur. Bir azdan ədliyyə ancaq evləndirmək işlərinə baxacaq.
MHŞ başçısı Ali Məhkəmənin sədri İnam Kərimov olduğu üçün, əgər bu təkliflər Milli Məclisdən keçsə, İnam müəllimin mövqeləri daha da möhkəmlənəcəkdir. Onun ASAN-xidmətə başçılıq zamanından bəri müsbət imicini nəzərə alsaq, insan hüquqlarının vəziyyətinə yaxşı təsir ola bilər.
Doğrudur, arada İnam müəllim kənd təsərrüfatımıza da başçılıq etmişdir, lakin oradakı fəaliyyətindən yalnız quzu ilə çəkdirdiyi fotonu xatırlayırıq. Bəzi ekspertlərin qənaətinə görə, həmin fotonun ölkəmizdə heyvandarlığın inkişafına müsbət təsirləri var idi. Hər halda, İnam müəllim nazir olanda biz əti bu qədər baha almırdıq. Son illərin hesablamaları isə heyvandarlıqda ümumiyyətlə böhran göstərir, inək və qoyunların sayı sürətlə azalır.
Məhkəmələrə xalqın etibarını, inamını yaratmaq hazırda əsas vəzifələrdən biridir. Yoxsa camaat qanunları sevməyəcək, biz qanunlarla yaşayan, hüquqa hörmət edən cəmiyyət olmayacağıq. Müdriklərdən birinin dediyi kimi, cəmiyyət iki halda korlanır, bir cinayət olub cəza verilməyəndə, bir də cinayət olmadan cəza veriləndə. Bizdə bunun ikisi də var. Hərçənd, deyilənə görə (vəkilin açıqlamasını oxudum) MHŞ son çağlar şikayətlərə operativ reaksiya verirmiş. Gün o gün olsun vəkillərin də qucaqda şəkli çəkilsin! İlahi, amin.
Əgər yadınızdadırsa, bu yaxında bir nəfər hətta bəraət aldı. 9 il “yatandan” sonra! Qətldə suçlanırmış, indi günahsız olması qərarına gəliblər. Bəraət də ət kimi bizdə həmişə qıt məhsul olub. Lakin onun dövlətdən tələb etdiyi kompensasiya haqda qərar bir az gülünc oldu. 110 min manata yaxın bir məbləğ verəcəklər. Adamın 9 il türmədə qaldığı günlərin sayına bölsək, belə çıxır ona günbaşına təxminən 34 manat zərər hesablayıblar. (Bəlkə də pis deyil, bu qədər pul verilsə çox adam gedib “yatar”).
Sonda Qarabağ qazisi, jurnalist həmkarımız Məğrub Bədəlsoyun məktubunu ixtisarla dərc edirəm:
“Hakim, bələdiyyə (torpağı), məktəb (idman meydançası) problemlərini bir yazıda vermisən. Üçü də torpaq məsələsində alverçidir. Məktəblərin idman meydançaları, kitab evləri şadlıq, qutab evlərinə çevrilib, bələdiyyə torpaqlarında icra başçıları biznes-kommersiya obyektləri qurur. Məhkəmələrin də bu alverdə öz payı var. Mənim Nərimanov bələdiyyəsinə qarşı torpaq sahəsi ayrılması tələbi ilə iddiama 4 ildir məhkəmə baxmır. Məhkəmə Hüquq Şurasına 4 illik şikayətlərimə 5 gün qabaq cavab gəlib ki, COVİD-19 dövründə məhkəmə iddialarına baxmaq qadağan olunubmuş”. (Məktubda hakim Rüstəm Kərimli barədə iddialar da var idi, lakin bunları yoxlamaq imkanım olmadığı üçün dərc etmədim – Z.H.).
КомментарииОставить комментарий