Общественно-политическая интернет газета
Məzarını ziyarətə gedirəm...
İlk ifadə sızladır qəlbimi. Axı, hər dəfə parlamentin foyesində salamlaşanda vaxtın olsa, gəl, bir stəkan çayımızı iç, deyə, gülər üzü ilə çöhrəmizə nur saçırdı. Düzdür, “Xarıbülbül”lü armudu stəkandakı çay möhtəşəm idi, sözü-söhbəti də bir dərya... Amma iş qrafikini bilirdim axı... Ona görə də bir bəhanə tapırdım. Gün ərzində qəbuluna gələnlərin sayı-hesabı olmazdı. Elə parlamentin qarşısına çatanda vətəndaşlardan kimsə yaxınlaşıb onu soruşardı, qəbuluna ucqar rayondan gəldiyini deyərdi. O da fərq qoymazdı, seçicisidir, ya yox, görüşərdi, dinləyərdi, dərdini bölüşərdi, məsləhətini verərdi, hansısa qurumlara zəng edərdi, həyan olardı vətəndaşa, bacı, övlad məhəbbəti göstərərdi.
Mədəniyyət komitəsinin sədri olduğu dönəmdə işi daha da artmışdı. Son illərdə şəhid ailələri, qazilər, mədəniyyət-incəsənət adamları, kino xadimləri, digər müxtəlif sahələrdə çalışan yubilyarlarla görüşlərini izlədikcə, heyrətlənirdim ki, bu qədər insana bir nəfər necə vaxt ayırır? Amma o, vaxt tapırdı, zərgər dəqiqliyi ilə saniyələri də yerbəyer edirdi, heç bir dəqiqənin boşuna sərf olunmasını rəva bilmirdi. Hələ saysız-hesabsız tədbirlər.
Yadımdadır, bir dəfə müsahibə üçün anlaşmışdıq, amma oturub danışmağa vaxt tapa bilmirdik. Hər dəfə təqribi gün təyin edəndə bir iş, yaxud səfər məsələsi ortaya çıxırdı. Zarafatyana dedim gərək bir dəfə sizinlə eyni təyyarəyə bilet alım, olsun təyyarədə müsahibə. Gülərək “darıxma, əziz qardaş, vaxtımız o qədər olacaq ki...”, söyləmişdi. Bu kəlmələri indi də xatırladıqda boğazımda düyünlənir, qəhər boğur. “Vaxtımız...”
Bir dəfə - 2016-cı ilin 25 fevralında Xocalı soyqırımı ilə bağlı tədbirlərlə bağlı qardaş Türkiyəyə səfər etmişdik. Sakarya Universitetinə yetişən kimi, dedilər ki, Qənirə xanım da buradadır.
Qardaş ölkəni qarış-qarış ziyarət edən, “Türkiyəni addım-addım” dolaşan və özündən sonra möhtəşəm bir abidə qoyub gedən – həmin filmin təqdimatında çox təəssüf ki, özü iştirak edə bilmədi – millət vəkilimizi burada görüncə ən doğma insanlarımızdan birini gördük sanki. Universitetdə keçirilən möhtəşəm tədbirdəki çıxışını, gəncliyə xitabını xatırlayıram. “Bir eşq kitabını gənclərimiz iki saata oxuyur, nədən tarix kitabını oxumur? Burada neçə nəfərin otağında xəritə var?” - söyləmişdi. Əsrin Xocalı dəhşətlərindən danışan Qənirə Paşayeva əminliklə “biz torpaqlarıımızı alacağıq, ya da alacağıq. Başqa yol yoxdur!” - demişdi. Bildirmişdi ki, o gün uzaqda deyil, buna inanırıq. Və son xitabı: “Bütün türk, müsəlman coğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Azərbaycanda Qarabağda, Xocalıda, Suriyada Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Ahısxada, harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram!” Harda bir türk-müsəlman əzilirsə, haqqı əlindən alınırsa, işğala məruz qalırsa, onun yanında olmağa çağırış edən bu böyük ürək sahibi böyük bir missiya daşıyıcısı idi... Nə qədər işləri yarımçıq qaldı.
“Tarixə adını yazan qadınlar” kitabını hədiyyə etmişdi. 3 cilddə nəşr etdirdiyi bu kitabı sevə-sevə ərsəyə gətirmişdi, kimlər yoxdur o kitabda? Möhtəşəm nəşrdir. Ondan əvvəl “Nobel mükafatlı qadınlar” adlı kitabı ərsəyə gətirmişdi. Zərif cinsin nümayəndələrinin tarixə adlarını yazdırmasından zövq alırdı... Yaza-yaza özü də adını tarixə yazdırdığının bəlkə də fərqində deyildi. Axı, onun həyat amalı başqa idi: “Adam kimi adam” olmaqdan özgə təmənnası olmamışdı həyatda və bu statusu haqq etmişdi.
Özünü heç zaman jurnalistlərdən ayrı təsəvvür etmirdi. Komitə və plenar iclaslarına tələsəndə belə, foyedə toplaşan media mənsublarına yaxınlaşıb hal-əhval tutmadan keçməzdi. Bir neçə dəfə jurnalistləri bir araya cəm eləmişdi, gözəl, mənalı söhbətlərlə zəngin məclisə evsahibliyi etmişdi. İndi sadəcə xoş xatirələr və fotolar qalıb...
Qənirə xanımla ilk dəfə “Yeni Müsavat”ın 1000-ci sayı ilə bağlı yubiley-bayram törənində görüşmüşdük. Bir qərinəlik yaşını geridə qoymuş qəzetimizin 8314 sayı çap olunub bu günədək. Görün, tanışlığımızın yaşı nə qədərdir... İndiyədək bircə dəfə incikliyimiz olmadı, əksinə, bacı-qardaş münasibətindəydik. Hansısa məsələ ilə bağlı telefona cavab verə bilməyəndə dərhal mesah yollayırdı:
“Əziz qardaşım, üzrlü say...” Bu qədər həssas və yüksək dəyərlərin daşıyıcısı idi.
Telekanallardan çox yaxşı tanıdığımız və həm də həsəd apardığımız həmkarımızla ikinci dəfə Şəhidlər xiyabanında görüşmüşdüm. O zaman mərhum Heydər Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarətə gələcəkdi və sonra gəldi də... O zaman söhbət etməyə imkan olmuşdu, necə zəngin dünyagörüşə malik, necə vətənpərvər xanım olduğunu bir daha müşahidə etmişdim. O vaxtdan dostluğumuz, qardaşlığımız başlamışdı... Bu müddətdə hər sevincimizə sevindi, hər acımızı paylaşdı...Əlamətdar günlərdə təbrik mesajları yollayardı, ailəlikcə təbrik edərdi... Anam rəhmətə gedəndə atamıza, bütün övladlara təskinlik verməyə gəlmişdi o qədər işləri olduğu halda.
Milli Məclisdə şəhid Əli Rzalının ata-anasını qəbul edərkən məni də dəvət elədi. Xeyli söhbətləşdik, dərdimizə şərik oldu, şəhidlərimizin ruhunun şad olduğunu, onların əbədi yaşayacağını söylədi, Qarabağımızın azadlığının sevincini bölüşdük. Bacıma “mən də sizin bacınız, nə sözünüz olsa, birbaşa özümə zəng eləyin” - söylədi. Sonda Mədəniyyət komitəsinin sədri olaraq Təşəkkürnamə, Qarabağ zəfərimizi simvolizə edən müxtəlif hədiyyələr təqdim etdi.
Parlamentdəki həmkarlarım, köməkçiləri də təsdiqləyər, bütün görüşdüyü şəhid ailələri, qazilərimizlə eyni şəkildə səmimi münasibətdəydi bu nurlu insan. Nə qədər yorğun olsa da, ağrısa da büruzə verməzdi. Bir neçə dəfə ərkyana özünə də diqqət etməsini xahiş eləmişdim. Hərə dəfə də gülümsəyərək, “narahat olma, əziz qardaş”, söyləmişdi... Amma açığı, narahat idim, özü də etiraf edirdi ki, gecə yarısınadək yazır, işləyir, çalışır. Şeir söyləməyi də çox sevirdi. Danışırdı ki, hələ uşaq olarkən Tovuzdan Bakıya gələndə rəhmətlik atası yolboyu ona şeirlər əzbərlədərmiş. Elə o vaxtdan şeirə, sözə sevgi yaranıb...
Tanıdığımız halda yenə də təəccübləndirirdi hər dəfə. Bu qədər işi necə sığışdırmaq olardı? Həm səyahət etdiyi ölkələrdən özünəməxsus əsərlər yazır, nəşrlər hazırlayır, həm qanunvericilik təşəbbüsü ilə bağlı fəaliyyət göstərir, parlamentin işində aktiv iştirak edir, ən müxtəlif məsələlərlə bağlı fikir və təkliflərini söyləyir, həm telekanallara, müxtəlif media orqanlarına müsahibələr verir, həm də gözəl şeirlər yazırdı...
Tələsirdi... Həm də çox. Gördüyü işləri də yetərli saymırdı, belə görünür.
“Tonqala atılan Jannadan,
Vətən uğrunda Kirin başını kəsən Tomrisdən,
İsgəndərə ədalət dərsi keçən Nüşabədən,
Sevgi şəhidi Leylidən
Daha çox yaşadım, ana!
Amma nə Tomris ola bildim,
Nə Nüşabə, nə Janna,
Leyli də ola bilmədim, ana...”
Amma bəlkə də fərqində deyildi ki, o, bütün Türk dünyasının tanıdığı və itkisinə üzüldüyü QƏNİRƏ XANIM oldu bu qısa, cəmi 48 illik ömürdə. Ötən ay İğdır – Doğu Bəyazid-Çaldıran-Van yolçuluğunda görüşdüyümüz çoxsaylı insanların çöhrəsində üzüntü gördük, insanlar elə bizim kimi inana bilmirdilər bu itkiyə: “Nasıl oldu?” - deyə, sual edirdilər. Qənirə xanım Türkiyənin elə şəhərlərinə dəfələrlə səfər edib, Türkün böyüklüyü, tarixi, mədəniyyəti barədə yazıb-yaradıb, sevə-sevə. Türkü türkə sevdirənlərdən idi həm də. Odur ki, Türk qanı daşıyanlar, Türkiyə-Azərbaycan sevdalılar, ümumiyyətlə, özünü Turan dünyasının bir parçası sayanlar bu itkini böyük sarsıntı ilə qarşıladılar. Türkiyədə də bunu aydın sezdik. Qənirə xanımın adının əbədiləşdirilməsi ilə bağlı davamlı addımların atılması da təbiidir. Qarabağın işğalda olduğu dönəmlərdə Türkiyədə Qarabağ parklarının açılış törənlərində Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə böyük zəfərimizə əminliyini ifadə edən Qənirə xanım torpaqlarımızın tam şəkildə azad olunduğunu gördü… “Xocalını alaq, Allah həmin gün mənim canımı alsın” - demişdi. Ömrünü Xocalıya qurban demişdi. Qənirə xanım komada olduğu zaman Azərbaycan bayrağı Xocalıda, Xankəndidə… bütün Qarabağımızda dalğalanırdı. Qurbanı qəbul olmuşdu... Xankəndiyə bayrağımız sancılan gün bir anlıq düşünmüşdüm ki, görəsən, bu xəbəri həkim ona pıçıldasa, ayılarmı? O anda 8 noyabr 2020-ci ildə, Şuşamızın azad olunduğu tarixdə ailəmizin əziz adamının komaya düşməsi haqda həkimin üzücü xəbərinə “doktor, Seyidəli müəllimin Şuşadan xəbəri oldu?” - soruşmuşdum. Ümid edirdik ki, əzizlərimizi komadan ayıran xəbər olacaq Zəfər xəbərlərimiz… Son ümid, güman yeri kimi…
Sonadək inanırdıq yaşayacaq. Hətta komada olduğu günlərdə əmisi, dəyərli ziyalımız Qəzənfər Paşayevə ürək-dirək verərkən dedim Qəzənfər müəllim, inşallah Qənirə xanım sağalacaq, bax onda sizi danlayacaq ki, niyə burda bu qədər əziyyətə dözmüsünüz, özünüzə fikir verməmisiz. İnanırdıq. Axı, bu qədər yaxşılıq etmiş insan belə qəfil sıralarımızdan gedə bilməzdi…
Yadımdadır, rayona, məzuniyyətə getmişdim. Çox əziz insanlardan biri dedi ki, nəvəsini Bakıya, xəstəxanaya aparıblar, xəstəxana deyib gecikib, qəbul etməyiblər. Həmin an yadıma Qənirə xanım düşdü, dərhal yığdım nömrəsini. “Bəli, əziz qardaş…” Dedim vəziyyəti, Allahdan şəfa dilədi, dedi mənə bir neçə dəqiqə vaxt ver. Çox çəkmədi, zəng etdi ki, filan xəstəxananın baş həkimi xaricdədir, danışdım, dedi narahat olmasınlar, aparsınlar, qəbul olunacaq, yerləşdiriləcək… O vaxtdan illər keçib, şükürlər olsun, bu gün həmin uşaq artıq yeniyetmə yaşındadır. Belə savab əməl sahibiydi Qənirə xanım…
İlk iki görüşümüzü xatırladım, son iki görüşümüzü də qeyd edim... Baş yazarımız Rauf Arifoğlunun övladının toyunda, elə saraya daxil olarkən görüşdük, xoş diləklərlə... Sonra xəbər tutdum ki, qol qaldırıb oynayıbmış ürək dostunun xoş günündə...
İkinci görüşümüz Milli Məclisin 15-ci mərtəbəsində, Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclası zamanı olmuşdu.
“Mənim üçün özəlliklə çox qürurverici haldır ki, APA-nın Sosial-mədəni məsələlər üzrə daimi komitəsinin iclası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin, gözəl Qarabağın Ermənistanın işğalından azad olunmasının 3-cü ildönümü ərəfəsində keçirilir” - deyərək çıxışa başlamışdı.
Bildirmişdi ki, Azərbaycan rəsmi qaydada 2024-2025-ci illər üçün APA-nın sədrliyinə namizədliyini irəli sürüb. Növbəti ildə iştirakçılarla Şuşada görüşmək arzusunu dilə gətirmişdi. İki gün davam edən mötəbər tədbirdə sonadək çalışmışdı, ağrılarını büruzə vermədən... Cəmi bir gün sonra ağır xəbəri eşitmişdik. Qənirə Paşayeva komitə sədri kimi məsul olduğu tədbirin yüksək səviyyədə keçməsi, Azərbaycan dövlətinin, Milli Məclisin evsahibliyi etdiyi tədbirin uğuru üçün sonadək öz postunda fədakarcasına dayanmışdı, çalışmışdı. Bəlkə də o anlarda həkimə müraciət etsə, nəticə belə olmazdı, amma özünə qıymaq bahasına, ölkəmizin adına layiq tədbirin keçirilməsi üçün əlindən gələni etmişdi. Belə fədakar İnsan idi...
İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarları qarşısından keçirəm, ruhlarına dua oxuyaraq, qarşılarında baş əyərək. Onların və bizim müqəddəs yolçuluqda məncə, elə şəhidliyə ucalan bacımızın uyuduğu ünvana az qaldı… Qəribədir, bir anlıq çaşıram, axı, dəfndə burda olmuşam, burda olmalıydı… Özümü inandırmağa çalışdığım bu anlarda bir anlıq məzarın yerini də unuduram… Və budur, uzaqdan qoşa bayraqların kölgəsində gülümsər şəkli… Salam verirəm, ruhuna dualar pıçıldayıram… “Darıxma, əziz qardaş, vaxtımız o qədər olacaq ki...” - vədini xatırladıram... Sükut “cavab verir”.
Məzarın qarşısında bir gənc qız boynubükük qızılgülləri, qərənfilləri sıralayır, incələyir. Bakı Dövlət Universitetində bircə dəfə görüşüblər, o vaxtdan Qənirə xanıma böyük məhəbbəti yaranıb gəncimizin. “Gəlib ziyarət edirəm, azca təsəlli tapıram” - deyir. Qənirə xanımın minlərlə, on minlərlə sevgisini qazandığı gənclərimizdən biri deyir...
Təsəllimiz budur ki, əbədi yaşayacaq Qənirə Paşayeva, dəyərli millət vəkili, Türk dünyasının aydını, sevimli həmkarımız, əziz bacımız. Ruhu şad, məkanı cənnət olsun!
КомментарииОставить комментарий