Свобода людям, независимость нациям!

Cənab Makron, Parisdə çap olunan xəritəmizə bax, “L'Œuvre”nin 14 iyul 1920-ci il sayını oxu!

İlk yayım saatı: 13:52

Dünyanın işinə baxın, Parisdəki “İnsan Muzeyi”ndə (Musee de l’Homme) qeyri-insani layihəyə imza atan, amansız istilaya qarşı mücadilə aparan əlcəzairlilərin kəllə sümüklərindən ibarət kolleksiya - ən azı 536 kəllə - nümayiş etdirən Fransa Azərbaycanı “soyqırım”da ittiham edir. Buna “fransızsayağı ədalət" də demək olar.

Azərbaycan Prezidenti MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı rəsmi Parisin bu davranışlarına təsadüfən xüsusi yer ayırmadı. Bəli, Fransa hakimiyyətinin mövqeyi beynəlxalq riyakarlığın təzahürüdür. Dövlət başçımız da qeyd etdi  ki, fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib və bu, birmənalı olaraq soyqırımıdır. Bir millətin məhvini həyata keçirməyə çalışan, yüz minlərin məhvinə bais olan ölkə Azərbaycanda 35 il ərzində at oynadan separatçı-terrorçu erməni xuntasına qarşı beynəlxalq hüquqa istinadən görülən tədbirlərə “etnik təmizləmə”, “soyqırım” deyir. Həyasızlıq sərhəd tanımır. Fransa təkcə Əlcəzairlə kifayətlənməyib, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlər törədib. Ölkə rəhbərinin dediyi kimi, Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Son aylarda bir neçə Afrika ölkəsindən qovulan, diplomatları “arzuolunmaz şəxs” elan edilən Fransa xalqlara və dövlətlərə qarşı etdiklərinə görə üzr istəmək, təzminat ödəmək, utanmaq əvəzinə, Azərbaycanın üzərinə kükrəyir, utanmazcasına! Sanki Əlcəzair soyqırımını Azərbaycan əsgəri törədib, Nigeri Azərbaycan qüvvələri yağmalayıb...

qetliam-2.jpg (103 KB)

Özü də bu üfunət qoxulu siyasəti yürüdən ölkə 30 il ərzində guya Azərbaycanın işğaldakı ərazilərinin geri qaytarılması məqsədilə yaradılmış Minsk Qrupunun həmsədrlərindən biri olub. Görün biz kimlərə etibar etmişik taleyimizi. Hiyləgər siyasət yürüdən, özünü “ədalətli” göstərməyə çalışan Fransanın çibanı onda deşildi, maskası onda düşdü ki, Makron Azərbaycanı “Dağlıq Qarabağı işğal etməkdə” ittiham edəcək qədər abırsızlıq nümayiş etdirdi. Bu, ona bənzəyir ki, kimlərsə Marselin Fransa tərəfindən işğal olunduğu iddiasını ortaya qoyur. Əcaib görünər, təbii ki...Amma Makron Fransası üçün Azərbaycana hər cür şər-böhtan atmaq üçün “yaşıl işıq” var, bunlar beynəlxalq hüququ çoxdan unudublar.

Ermənistanın baş naziri Nikol Paşinyan belə, həm şifahi, həm də yazılı şəkildə Azərbaycanın 86,6 min kv.km-lik ərazisini, bu ərazinin bütövlüyünü tanıdığını bildirib, Qranada görüşündə də elə Makronun iştirakı ilə masaya qoyulmuş sənədə imza atıb. Amma Fransa rəhbərliyinin bütün fəaliyyəti gərginliyi tətikləməyə, bölgəni yenidən od-alova bürüməyə, erməniləri qızışdırıb ortaya salmağa yönəlib. Elə bu kimi fəaliyyətin məntiqi nəticəsidir ki, erməni revanşçılar Paşinyanı dediyinə peşman edirlər. Budur, Ermənistanda “Ayakve” təşəbbüs qrupu “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq” adlı petisiya üçün imza toplamağa başlayıb. “Sənəd”i 58 min erməni imzalayıb. Revanşistlər hətta Qarabağın Azərbaycan ərazisi kimi tanınmasına görə ölkədə cinayət məsuliyyətinə cəlb ediləcəyi qanun layihəsini parlamentə təqdim ediblər. Ölkənin rəhbəri deyir Azərbaycana qarşı hər hansı ərazi iddiamız qalmadı, sülhü imzalamağa hazırıq, azı 58 min nəfər ona qarşı çıxır, hətta cinayət məsuliyyəti ilə təhdid edir. Bu, faktiki olaraq terrorçu fəaliyyətdir. Onları ortaya salan qüvvələrin başında Fransa dayanır heç şübhəsiz. Çünki elə Fransanın özü də eyni “məntiq”lə çıxış edir. Makronun mövqeyi bəlli...Fransa XİN başçısı Ketin Kolonna BMT Təhlükəsizlik Şurasına Azərbaycana qarşı qətnamə layihəsini təqdim edəcəkləri barədə növbəti dəfə “quş buraxıb”. Azərbaycan dövləti Qarabağı könüllü tərk edən erməniləri ağaca bağlayıb saxlayası deyildi ki...Bu ermənilər dünyanın gözü qarşısında Azərbaycan vətəndaşı kimi yaşamaq istəmədiklərini deyib Laçından Gorusa yol aldılar, birinin də burnu qanamadan. Bəlkə Azərbaycan dövləti Fransa kimi, ermənilərin kəlləsindən muzey yaradıb, ölkəsi koloniyalar qurmaqda böyük səriştəyə malik Kolonna belə qeyzlənib?!

Bu məqamda zəruri qeyd: ölkə başçısı da sözügedən görüşdə  Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışların qəribə reaksiyaya səbəb olduğunu vurğuladı. Bildirdi ki, ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Sitat: “Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin, Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi”. Heç şübhəmiz yoxdur ki, Ermənistanın “nala-mıxa vurma” siyasətinin, “val”ı tez-tez dəyişdirməsinin arxasında “fransızsayağı ədalət” dayanır. Yoxsa İlham Əliyevlə üzbəüz, tək görüşməyə belə cəsarət etməyən, hər dəfə “böyük bacısı”nı öz yanında sürüyüb görüşlərə gətirməyə çalışan erməni baş nazir belə hikkəli davranmağa cürət etməzdi...

Budur, erməni məkrinə, separatizminə və terrorizminə daha bir qahmar çıxan tapıldı, Avropa Parlamentinin ardınca Avropa Şurası da sarsaq iddialara ortaq oldu. Azərbaycan Avropa Şurasına üzv qəbul ediləndə bizlərdə hansı duyğular, inam var idi...Görün inamımızı necə qırdılar, dəfn elədilər, bir qərinədən sonra təkbaşına torpaqlarını işğaldan azad edən, beynəlxalq hüququ təmin eləyən, Qarabağda gizlədilən qanunsuz silah-sursat, hərbi texnikanı nəzarət altına alan, terrorçu qruplaşmaların axırına çıxan, nəzarətsiz ərazilərdən narkoplantasiya kimi istifadə edən həşaratların axırına çıxan ölkəmizə Avropanın aparıcı qurumu necə “təşəkkür” edir: təhdidlə, hədə ilə, tələblə! Həmin bu Avropa Şurası Parlament Assambleyası 26 yanvar 2016-cı ildə 2085 saylı qətnamə qəbul etmişdi - Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı. Ermənistanın işğalında olan Sərsəng su anbarının azad edilməsi tələbi qoyulmuşdu. İşğalçılar zibilliyə atdılar həmin sənədi. Azərbaycan ordusu AŞ PA-nın qətnaməsini də icra etdi, indi əleyhimizə qətnamə qəbul edib, erməni faşistləri sevindirirlər avropalı “demokrat qırıqları”, budur bizə “sağ ol”ları?!

efefer.jpg (205 KB) 

Əminik ki, bu prosesin başında Fransa dayanır, hətta ABŞ rəsmisi Bakı və İrəvan səfərindən sonra Parisə yollandısa, demək təfriqəyə əl atan, ermənilərin revanşına dəstək verməklə bölgədə növbəti toqquşmaya zəmin yaradan Makronun ölkəsidir. Təsadüfi deyil ki, Prezident “erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər və bu məsələdə əsas skripkanı çalan Fransadır. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir”-söylədi. Fransa bölgədə katalizator funksiyasını yerinə yetirir, odur ki, onun hər hansı sülh prosesində iştirakı yolverilməzdir, qapının kandarına belə buraxılmamalıdır! Bu ölkə özünü tam ifşa edib, amma kirimir.

XERİTE PARİS.jpeg (84 KB)

Əgər Makron və onun komanda üzvlərində azacıq da olsa, ədalət olsaydı, Azərbaycanı ittiham etməzdən əvvəl 1918-19-cu illərdə elə Parisdə dərc olunmuş Azərbaycan Demokratik Respublikasının inzibati xəritəsinə baxardı, üçdə iki hissəsi Azərbaycana məxsus olan Göyçə gölündən keçən, qərbli və şərqli Azərbaycanın olan ərazilərə baxardı. Ya da Qərbi Zəngəzurun ermənilərə verilməsi barədə xəbər Fransanın paytaxtı Parisdə nəşr olunan “L'Œuvre” qəzetinin 1920-ci il 14 iyul tarixli nömrəsində də dərc olunmuşdu. Baxsın, oxuyub, öyrənsin, görsün kim kimə borcludur, kim kimə soyqırım edib?!

download.jpg (11 KB)

Bəlkə bundan sonra azacıq utana və usanaydılar, şər-böhtanları dayandıraydılar! Utanmağa üzləri olsa, təbii ki...Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olan Azərbaycan Respublikasının tam əsası var: 1918-20-ci illər xəritəsini masaya qoymağa, həmin ərazilərin geri qaytarılmasını tələb etməyə! 113 900 kv.km-lik ərazidən söhbət gedir. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin 1919-cu il  Paris Sülh Konfransında təqdim etdiyi rəsmi xəritəyə əsasən Azərbaycan dövləti de-fakto tanındı. Paşinyan səbəbsiz yerə tez-tez 86,6 min kv km-lik ərazimizi tanıdığını demir ki...Çünki oxuyub, tarixi bilir, Makrondan fərqli olaraq! Hətta Paşinyan da bilir ki, onun Azərbaycan ərazisində, cəmi 9 min kv.km-lik ərazi ilə yaradılan, sonra 29,8 min kv.km-ə (!!!) çatdırılan ölkəsinin “kadastr sənədi” yoxdur və bu sənədi Azərbaycan verə bilər!

P.S. Bu qədər ədalətsizliklərin fonunda Avropa Şurasının Mənzil qərargahının Fransanın Strasburq şəhərində yerləşməsinin özü də nonsesdir!

Нет комментариев

Новости автора