Свобода людям, независимость нациям!

Buğda yeyib cənnət Qarabağdan çıxmaq...

Çox absurd günlər yaşayırıq. 4-5 il qabaq kimsə desəydi ki, Azərbaycan Qarabağ ermənilərinə un yardımı aparacaq, hamımız onun ağlına dua yazdırmasını istəyərdik. Ancaq bu gün reallıqdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti, başda sədri, nəğməkar deputat Novruzəli müəllim olmaqla, Ağdam-Xankəndi yoluna varid olmuşlar. Bir dəstə yük avtomobilində Xankəndi ermənilərinə çörək aparırıq.

Hazırda Xankəndinə 2 istiqamətdən TIR yürüşü vardır. Biri Ermənistan tərəfdən gəlib, neçə vaxtdır Laçın yolunun ağzında gözləyir. Nə qəribə ərzaq yardımıdırsa, heç xarab da olmur. Bəlkə silah daşıyırlar, nə biləsən...

Sözgəlişi, xəbərlərə görə həmin TIR-ları və Parisdən gələn növbəti maşınları (sanarsan səlib yürüşüdür) Xankəndinə ötürmək üçün şəxsən Parisin meri Anna xanım İdalqo (tam səlib yürüşləri dövrünə aid soyadı daşıyır - Z.H.) bölgəyə gələcəkmiş. Qarabağ erməniləri bizim Ağdam tərəfdən göndərdiyimiz yardımlardan imtina etdiklərini söyləyirlər və maşın karvanımızın blokpostda qalmaq ehtimalı böyükdür. Bəlkə biz də maşınları müşayiət üçün hansısa şəhər başçımızı göndərək? İndikilər işi atıb gedə bilmirsə, əski günlərdən Hacıbala müəllimi göndərək. Hacıbala müəllim Qarabağ ermənilərinin qəlbinə girmiş şeytanı mələyə çevirər, əmin olun.

Bəli, şərq və qərb istiqaməti hazırdır, qalır şimal və cənub. Oralardan da gürcülər və farslar yardım karvanı göndərsin, Xankəndidə əməlli-başlı yemək-içmək olsun, aşın dənəsi Paşinyanın saqqalında qalsın, süfrədə barmaq basmağa yer olmasın, qırx gün, qırx gecə Vardanyana kiçik toy məclisi qurulsun və sairə və ilaxır.

Rejissor Vaqif Mustafayevin hələ 1997-ci ildə çəkdiyi “Hər şey yaxşılığa doğru” tragikomediya filminin süjeti yada düşür. Qarabağda döyüşlərin qızğın vaxtında Bakıya, İçərişəhərə bir əsgər meyiti səhvən gətirilir. Məlum olur ölü ermənidir. Çox müzakirədən sonra axırda qərara gəlirlər meyiti aparıb Gürcüstanda dəfn eləsinlər. “Niyə orada, niyə Bakıda basdırmırıq” sualına təklifin müəllifi belə cavab verir: “Bakıda olmaz, burada basdırsaq dünya ictimaiyyəti düz başa düşməz. Gürcüstanda basdırsaq, bu, üç qardaş xalqın - azərbaycanlı, erməni və gürcü xalqlarının dostluq rəmzi olar. Təsəvvür elə, azərbaycanlılar ermənini Gürcüstan təpələrində dəfn edirlər!” Və eynilə indiki TIR karvanlarına bənzər maşın karvanı Bakıdan Gürcüstana tərəf yola düzəlir. Doğrudur, filmdə bu, alınmır - spoyler vermək istəmirəm, bəlkə kimsə baxmayıb.

Təbii ki, bu dəqiqə ürəyində işğal, müharibə yarası daşıyan hər azərbaycanlı hökumətin addımlarından zövq alır. Qarabağ erməniləri, ümumiyyətlə, erməni xalqı 30 ildir bizə hansı pislikləri etdiklərini, düşmənçiliyi hara gətirdiklərini bəlkə başa düşməyib. Güman etmirəm indən belə də anlasınlar. Anlasalar kirimişcə, şələ-küləni yığışdırıb çoxdan gedərdilər.

Bu xəmir hələ su aparacaq. Xankəndidə xəmir qıtlığı yalandan-palandan deyilsə də, su yəqin olar.

Xəmir demişkən, əslində bu, müharibə dövründə bizim ermənilərə ilk humanitar yardımımız deyil. AXC hakimiyyəti zamanı, 1992-ci ildə Türkiyənin Azərbaycanın icazəsi ilə Ermənistana 5 min tondan çox buğda göndərdiyi məlumdur (bəzi mənbələrdə 50 min və hətta 100 min yazılır - dəqiqləşdirə bilmədim - Z.H.) Türkiyənin baş naziri Süleyman Dəmirəl bunun üçün Azərbaycan prezidenti Elçibəydən icazə istəyibmiş. Həmin vaxt Ermənistan ciddi aclıq təhlükəsi ilə üzləşibmiş.

Buna ölkəmizdə etiraz edənlər olub, hətta yerli qəzetlərdə qucağında Azərbaycan taxılı tutan erməni əsgəri karikaturası verilibmiş. Çünki həmin taxılın Laçın vasitəsilə Qarabağ ermənilərinə daşınması da məlum idi. Lakin Elçibəy deyibmiş ki, biz qadın, uşaq və qocalarla döyüşmürük, onların acından ölməsi yaraşmaz.

Nə qədər doğru rəvayətlərdir - bilmirəm. Amma hökumətin hazırda Xankəndinə un göndərməsi düzgündür. Başqa rayonlarımıza təchizat varsa, ora niyə olmasın?

Kim yemirsə, yeməsin... Yeməsələr çıxacaqlar. Lap şair demiş, ya aşağı, ya yuxarı...

 

Нет комментариев

Новости автора