Общественно-политическая интернет газета
Bakıdakı fransız liseyi, anons edildiyi kimi, bağlandı. Daha bir məktəb hökumətimizin siyasətinə qurban getdi. İndiyəcən belə şeyləri çox görmüşük. Fetullah müəllim fıs çıxanda onun liseylərini bağlamışdıq, İran buynuz göstərəndə oralı seyid və şeyxlərin Quran kurslarını. Ancaq heç deyən olmamışdı ki, atam, əl saxlayın, axı dünənəcən bu liseyləri tərifləyən elə özünüz idiniz, günaşırı beynəlxalq olimpiadalardan gətirilən bir vedrə qızıl-gümüş medalları xalqın qabağına tökürdünüz. O cümlədən, İran kurslarının hafizləri minbərə çıxanda millətin ağlamaqdan gözləri qarpız boyda olurdu. Yuxarının bir sehirli çubuğu ilə o məktəblər qeybə çəkildi. Şairin misralarını azca dəyişsək, “Yerəmi çıxdı məktəb, göyəmi çıxdı məktəb, Bəlkə mən yanılmışam, əzəldən yoxdu məktəb?!”
Bizdə qapısı mübarək, divarı əbədi, yazı taxtası sonsuzluğa uzanan yeganə təhsil obyektləri urus məktəbləridir. Onları heç vaxt bağlamırlar. Millət də bu işarəni anlayır, günbəgün urus məktəblərinə axışır.
Əlbəttə, şəxsən mən istəyərdim məktəblərin sayı çox olsun, heç biri bağlanmasın. Necə deyərlər, “uçeniye svet, ne uçenie tma” (yəni oxumaq, öyrənmək işıqdır, öyrənməmək zülmət). Ancaq maraqlıdır ki, fransız liseyi bağlananda buna etiraz edən bir nəfər də olmadı. Hər halda mənim rastıma çıxmadı. Nə qəzetdə, nə saytlarda. Fetonun liseyləri-filanı bağlananda heç olmazsa bəzi məzunları orda-burda mızıldanmışdı. Düzdür, bu firəng liseyi təzə açılıb, bəlkə məzunu da yoxdur (dəqiqləşdirdim, 2014-cü ildə açılıb, məzunu həqiqətən olmayıb). Bəs valideynlərə nə söz?
Dünən bu işin sirrini özüm üçün çözdüm. Hansısa saytda liseyin illik təhsil haqqını yazmışdılar, Azərbaycanın orta statistik zəhmətkeşi üçün əlçatmaz rəqəmlər idi. Buyurun tanış olun: bağça 9.680 manat, ibtidai məktəb 18.150, kollec və lisey 19.480, 11-12-ci siniflər 22.990 manat. Həmin fransız liseyinin bağçasına uşaq qoyan, buna ayda 1000 manata yaxın pul ödəyən valideynin aylıq gəliri minimum 2000 manat olmalıdır. Yaxud, oranın 11-ci sinifində uşaq oxutmaq üçün ayda 2 min əlavə pulun olmalıydı (22990:12=1915). Bizdə belə imkanı olan neçə valideyn var? Camaat 300 manata hansısa lotunun marketində kassir işləyir, səhər saat 9-dan, axşam saat 12-yə qədər...
Deməli həmin liseydə oxuyan uşaqların valideynləri də elə yuxarı dairələr idi. O şəxslər ki, günaşırı fransızları söyürlər. Amma dövlət baba qərar vermişsə, boyunları qıldan incədir. Heç bir etiraz ola bilməz. Prinsipcə, ölkəmizdə çoxlu pul qazananların etiraz haqda anlayışları sıfıra bərabərdir. Onlar bu sözün mənasını belə bilmirlər.
Təzəlikcə Avropa Parlamentinə seçkilər keçirilmişdi. Qəribədir ki, həmin seçkilərin nəticələrini ən çox müzakirə edən ölkələrdən biri Azərbaycan idi, baxmayaraq biz heç o parlamentonun üzvü-zadı deyilik. Hansı çayxanaya getsən görürdün xalq xoruzpipiyi çaydan hortdadıb deyir: “Mənim bu Le Pendən heç xoşum gəlmir”. O biri də qoşa altını masaya çırpıb diskussiyaya töhfəsini verirdi: “Almaniya üçün Alternativ partiyasının ikinci yeri tutması Avropada millətçiliyi gücləndirəcəkdir”.
КомментарииОставить комментарий