Общественно-политическая интернет газета
Dünənki köşəmizdə ünlü xalq şeiri nümunəsini təkrar dərc etmişdim: “Pulun var, ver Zapıya, Al qoy qapıya”. Nəinki dərc etmiş, əsərin müəllifinin kimliyi haqda versiyalarımı, güman, ehtimal, fərziyyə və nəzəriyyələrimi də ortaya qoymuşdum.
Məsələn, bu şeirin də görkəmli xalq şairimiz, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı Ramiz Rövşənə xas olub-olmadığını analiz etmişdim. Yəqin hörmətli oxucuların məlumatı vardır, hazırda xalqımız arasında Ramiz müəllimin plagiata yol verib-vermədiyi ciddi sosial müzakirə və partlayışlara gətirib çıxarmışdır. İddia edilir ki, şairin məşhur “Nə var Allahdan yuxarı, Nə var qəbirdən aşağı, Ruhum, dur yığış, gedirik, Sən yuxarı, mən aşağı” misraları türk şairi Nəcib Fazil Qısakürəyin şeirindən olduğu kimi oğurlanıbdır.
Əlbəttə, şəxsən mən də AYB sədri Anar müəllimin bu məsələdə göstərdiyi kəskin vətəndaş mövqeyinə qoşuluram. (Hərçənd ola bilər Anar müəllim müəyyən dərəcədə tələsibdir, araşdırmaların nəticəsini gözləməmişdir. Zaur kimi). Deyir Ramiz müəllimin heç kəsdən şeir əkişdirməyə ehtiyacı yoxdur.
Görünür, Ramiz Mehdiyevin neqativ təcrübəsi xalqımızda belə təəssürat yaradıbdır ki, adı Ramiz olan hər kəs oğrudur. Yəqin Ramiz adını təmizə çıxarmaq üçün xalqımıza 1000 il lazım olacaqdır. Halbuki Ramiz Mehdiyev hakimiyyətdə olarkən hətta yalançı reklamlar çəkdirmiş, özünü pak, saf, təmiz insan kimi sırımağa cəhd etmişdi. “Ramiz” yuyucu tozlarının reklamı xatirinizə gələr: “Ramizin üstünlüyü, şəksizdir, şübhəsizdir! Ramiz təmizlik deməkdir!” və sairə.
Xülasə, mən şeiri dərc edəndən sonra saysız-hesabsız oxucu məktubları aldım. Bunlardan Məğrub Bədəlsoy adlı qazi (qanunla qazilərin məktubunu birinci dərc etməliyik) yazır ki, Zapı haqda şeirin müəllifi Şamxal Rüstəmdir. Digər oxucumuz Hətəmxan müəllim (inşallah, ona da qazilik qismət olsun) isə əsərin rus şairi Mayakovskiyə məxsus olduğunu iddia edir. Guya burada Mayakovski Vladimir Putinin gəncliyində “Zaporojes” avtomobili sürməsini vəsf edibdir.
Hər halda, fikirlər haçalanır. Fikirlər haçalandısa, apar, tulla. Haçalanmaq mənfi haldır.
Keçid alıram yuxarıdakı mövzuya. Həqiqətən xalqımız ədəbiyyat mövzusunda olduqca həssasdır. Sən onun altından döşəyini, üstündən yorğanını əkişdir, ac qoy, susuz qoy, qazını kəs, uşaq pulu nədir, uşağını əlindən al - səsi çıxmaz. (Əlbəttə, haqlı olaraq. Sadəcə, indi mövzumuz bu deyil, həm də mən siyasətə qarışmıram, Qubad İbadoğlunu da əcəb eləyib basıblar, hələ Vüqarı da böyür kameraya salsınlar, inşallah, amin, ya rəbbülaləmin). Lakin ədəbiyyat mövzu oldusa, xalqımız susmaz! Burada biz dəhşət prinsipialıq. Məsələn, Elza Seyidcahanın AYB-yə girməsini mənfur düşmənin Xankəndindən çıxmasından çox müzakirə etdik.
Təsəvvür elə, Ramiz-Nəcib mövzusunda mənə hətta ali riyaziyyat üzrə elmlər doktorları, professorlar telefon açdılar, kəskin hiddətlərini bildirdilər. Mən dəfələrlə “Bu plagiatın mənbəyi nədir axı” soruşsam da, “İnternetdə yazılıb” cavabını aldım. Həqiqətən internetdə yazılan hər şey düzdür. Mənim bu yazımı internetdən kəsib qaynatsan, suyunu gündə 3 dəfə hamilə zənənlərə içirtsən oğlan uşağı olması ehtimalı artır.
Əslində plagiatdan çox biz həmin əsərin məzmununu müzakirə etməliydik. Orada isə ciddi ideoloji yanlışlıqlar vardır.
İlk növbədə, əsər dindarların heysiyyətini təhqir edir. Necə yəni “ruhum, dur yığış, gedirik”? Hamıya məlumdur, ruhun sirrini heç peyğəmbərə açmamışlar. Şair isə (kim olmasından asılı olmayaraq) ruhu guya görüb, deyir çamadanları yığ, Antalyaya uçursan, erkən rezervasiya eləmişəm, hər şey daxil bir həftə ye, iç, kef elə. Bunlar şirkdir, Allaha şərik qoşmaqdır.
İkincisi, kosmosda, kainatda “yuxarı, aşağı” deyə istiqamətlər olmur. Bu gün yuxarıda olan, aşağıda yazdığım kimi, sabah Kürdəxanıda can çəkir. Biz oktyabr ayında Bakıda astronavtika üzrə beynəlxalq konfrans keçirməyə hazırlaşırıq. Əgər kosmosu düzgün tanımırıqsa, İlon Maskı niyə o iclasa qonaq çağırmışıq? Bunlar haqlı suallardır.
Üçüncüsü, mən şeirin bizim Ramiz müəllimə məxsus olmasına həm də ona görə daha çox inanıram ki, burada qəbir mövzusu dərindən işlənibdir. Poeziya xiridarları isə bütün dünyada yaxşı bilirlər: içində “qəbir, ölü, kəfən, tabut, sümük, kəllə, ilan, ilan balası, qara paltarlı qadın, ərə verilmiş azyaşlı, bəla, COVİD-19, pandemiya, qırğın, qiyamət, daşqın, sel, zəlzələ, sunami, tornado, göydən daş yağması, korrupsiya, Müsavat Partiyası, Elçibəy, orman yanğınları, fay xəttinin qırılması, Arif Hacılı, Mustafa Hacıbəyli, Zaqatala fındığı” tipli ifadələr olan şeirləri əsasən Ramiz müəllim yazıb-yaradır. Nəcib Fazil Qısakürəyin şeirlərində isə biz əsasən “sarışınım, boncuk, aşk, arım, balım, pətəyim, Akdeniz, kələbək, əllərimdə bir qədəh şərab, şinanay, quzu-quzu” tipli yüngül mövzulara rast gəlirik.
Deməli, şeirin müəllifi Ramiz müəllimdir.
P.S. Əlbəttə, araşdırmalarımız davam edir. Xalqın mənafeyi bizim üçün hər şeydən əzizdir.
КомментарииОставить комментарий