Свобода людям, независимость нациям!

Bir kasetlik xatirə - ermənilər bizim mahnıları nədən çox sevir?

 

Erməni müğənni Tiqran Asatryanın bizim Kamal müəllimin məşhur “Səndən nigaranam” mahnısını oğurlayıb “Andzrev” adıyla dədə malı etməsi barədə söz-söhbət yadıma sovet dövründə Gəncədə erməni Qrişa kişi ilə eyni xəstəxana palatasında yatdığım günləri saldı.

Qrişa kişi Gəncə ermənisiydi, evi hamının “İftaroy çast” (yəni ruscadakı “vtoroy çast” – “İkinci hissə”), dediyi nahiyədə, gərək ki, Avakyan (bəlkə də Əmiryan və ya Osipyan) küçəsindəydi. Hərdən bir höcət erməni damarı tutmasaydı, yaxşı kişiydi, çoxlu azərbaycanlı dostları vardı, eyzən onlardan danışırdı. 60-a yaxın yaşı olan Qrişa kişi “qrıja”dan yatırdı, özü bayırda olanda biz onu “Qrıja kişi” adlandırırdıq.

Ağsaqqalın bir xasiyyəti vardı, Azərbaycan musiqisindən ötrü ölürdü. Darıxmayım deyə kəndçimiz Cabir mənə maqnitofon və 3-4 dənə də kaset gətirmişdi. Aralarında Ağadadaş Ağayevin 3-cü, Balaoğlan Əşrəfovun 8-ci kaseti də vardı. Bir kasetin üstünə “Turetskaya estrada” yazılmışdı, Bariş Manço “Arkadaşım eşşək” oxyurdu, biri də vardı, amma ona qulaq asası olmadıq.

Elə ki, Ağadadaş Ağayevin kasetini qoyurduq və o, “Ay könlümün həmdəmi, məhəbbətim, gəl, gəl” oxuyurdu, sistem altından yenicə qalxmış Qrişa kişi palatanın ortasında qol götürüb oynayırdı, qorxmurdu da ki, birdən “qrıja”sının tikişi sökülər. Çox sevirdi Ağadadaşın oxumasını.

Bir gün onun yanına qızı gəldi, adı ya Şuşanik, ya da Siranuş idi, 29-30 yaşlarında gözəl bir qadın idi. O gəlib atasının çarpayısının qırağında oturdu, gətidiklərini tumbaya düzdü, təxminən 40-45 dəqiqə palatada oldu, gedəndə əyilib atasının qulağına nəsə dedi. Qrişa kişi dərhal üzünü mənə tutdu: “Ara, cavan, sən o, Ağadadaşın zapisini mənim qıza bəxşiş edə bilərsənmi?”

Dedim, Qrişa kişi, məmnuniyyətlə verərdim, amma maqnitofon da, kasetlər də Cabirindir, məni öldürər.

Qrişa kişi mənə “domaşni vino” vəd etdi, xeyri olmadı. Düzdür, Şuşanik (ya da Siranuş) heç kaset əsirgənəsi qadın deyildi, amma neynəyəsən, kaset əmanət idi. Ağadadaş bəy “Qaytar məhəbbəti, qalmasın səndə” deyə muğam parçası oxumağa başlayanda erməni qızı maqnitofona umsuq-umsuq baxa-baxa getdi.

O vaxtlar belə kasetləri hələm-hələm tapmaq olmurdu, keyfiyyətli “zapis”lər göydə götürülürdü, bəzi səsyazma studiyaları isə surətini çox keyfiyyətsiz çıxarırdılar.

Ertəsi gün Qrişanın oğlu gəldi. O da 32-33 yaşlarında bir oğlan idi. Adı yadımda qalmayıb. Dığa atasının yanında bir az oturdu, maqnitofona qulaq asdı, gedəndə o da Ağadadaşın kasetini aparmaq istədi. Ona da eyni sözü dedim. O da umsuq getdi. Qrişa evə buraxılanda mənə dedi ki, sən kaset məsələsinə baxma, ürəyin ev çaxırı istəyəndə gəl, apar.

Doğrusu, o zaman mən ermənilərin bizim musiqini bu qədər sevmələrinə həm mat qalmışdım, həm də qürur duymuşdum. Bu əhvalatı qabağıma çıxan hamıya danışırdım. Kasetini necə qoruduğumu Cabirə deyəndə, o dedi ki, gərək verəydin, adam gözəl axçidən kaset əsirgəməz.

Ona görə də hər dəfə hansısa erməni musiqiçi bizim bəstəkarların populyar mahnısını götürüb oxuyanda təəccüblənmirəm. Onlar bunu musiqimizi sevdiklərindən, öz musiqilərindən üstün saydıqlarından edirlər, sadəcə, içlərindəki xılt əsl müəllifin kim olduğunu qeyd etməyə imkan vermir. Beləcə, həmin o musiqi sevgisi dönüb olur ədəbi oğurluq, plagiat, haqqyemə-filan.

Ermənilərin bizim musiqiyə sevgisi hələ sovet vaxtından var. O vaxt onlar Zeynəb Xanlarovanın fanatıydılar, hətta ona xalq artisti adı vermişdilər. Allah tərəfi, Zeynəb xanım da “Nune”ni ermənilərdən yaxşı oxuyurdu.

3 il əvvələ qədər bizdə bu mövzuda danışanlara, yazanlara rişxənd edirdilər ki, işiniz-gücünüz qurtarıb, erməni o boyda Qarabağı zəbt edib, siz “Sarı gəlin”, “Vokaliz” davası edirsiz. Bir az haqlı irad idi. Gerçəkdən də biz o cür mahnıların gündə birini yarada bilərdik, amma Həkərinin, Cıdır düzünün, İsa bulağının eynisini yarada bilməzdik. Amma sonra vəziyyət dəyişdi. İndi gərək heç nəyimizi oğurlatmayaq.

Məndən olsa, qoy ermənilər hətta götürüb “Mənsuriyyə”ni də oxusunlar. Oxuya bilirlərsə, qoy oxusunlar. Amma dəqiq bilirəm ki, onlardan hansı müğənni buna risk eləsə, Qrişa kişi kimi eyni diaqnozla xəstəxanaya düşər.

Dünən Kamal müəllim belə bir açıqlama verib ki, oğurlanmış mahnısına görə heç bir addım atmayacaq, oğru erməniyə baş qoşmayacaq. Düz fikirdir, Tiqrana baş qoşunca oturub yeni mahnı qoşar. Amma bunu kimsə başqa bir adam eləməlidir.

Soğru keçirib soruşsaq ki, o mahnını ən yaxşı kim oxuyub, bəlkə də çox adam Nəsibə Abdullayevanın adını çəkər. Onun səsindəki məlahətdəndir, ya nədəndir, kişinin qızı mahnıya can verib, həzinliyini artırıb. Klipi də əladır. İntəhası, o da mahnını müəlliflərini titrdə göstərməyib. Belə çıxır ki, özümüzünkülər hansısa mahnını istədikləri kimi götürüb oxuya bilərlər, bir şey olmaz, təki düşmən onu götürüb özününkü etməsin.

Qrişa kişi sağ olsaydı, bəlkə də Asatryanın oxuduğu “Andzrev” mahnısına qulaq asar və deyərdi ki, lələ, Ağadadaş bunu daha yaxşı oxuyardı. Bəlkə də hay damarı yoğunlayardı, deyərdi, malades, Tiqran...

Нет комментариев

Новости автора