Общественно-политическая интернет газета
Olan oldu: Azərbaycan bir illik AŞ PA-da səsvermə hüququnu itirdi. Əlbəttə, Azərbaycan nümayəndə heyətinin addımı doğru qərar idi, AŞ PA-nın yekun səsverməsini gözləmədən fəaliyyətini özü dayandırdı. Biz heç bir halda, bu radikal qərarı haqq edəcək ölkə deyildik.
Azərbaycan müasir Avropadan, onun əsas məşvərətçi strukturundan bu cür uzaqlaşdırma qərarını haqq etmir. Əksinə, Azərbaycan indi Avropa Şurasına üzv olan bir neçə ölkəyə dini-irqi dözümlülük, multukurtural dəyərlərə sayğıda nümunə ola bilər. Bəli, bizim hüquq, məhkəmə, seçki sistemimiz Avropa standartlarına görə qüsurları ola bilər, bunu heç kim inkar da etmir. 100 illik seçki sistemi olan ölkələrlə cəmi 1991-ci ildə müstəqilliyini rəsmiləşdirmiş, həm də ən qapalı imperiyanın tərkibindən qopmuş Azərbaycanda əlbəttə, görüləcək çox işlər var. Azərbaycan heç vaxt fundamental dəyərləri iqnor etməyib, əks təqdirdə, məsələn, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını heç icra etməzdi də...
Avropa indi özü ciddi siyasi-iqtisadi böhran içindədir, ölkələrdə hakimiyyət-xalq münasibətləri küçələrdə toqquşmalarda “həll olunur”, etiraz dalğaları hər keçən gün böyüyür. Bəzən günlərlə davam edən küçə aksiyalarda insan haqları polis dəyənəyinin, mühafizə atlarının ayaqlarının nalları altında əzilir, etirazçıları lazımsız əşya kimi sürüyür kənara atılır. Bunları Avropanın müvafiq qurumları görmürlərmi?
Əksər Avtopa ölkələrində həm də bir sistem böhranı olduğu vaxtda, Azərbaycana qarşı bu cür qərəzli mövqe əlbəttə ki, ciddi əks-reaksiya doğurmalıdır. Azərbaycanı qaralayıb bu cür qərəzli mövqe sərgilənməsinin arxasında hansı qüvvələrin dayandığı daha sirr deyil. Ölkəmizə qarşı ciddi oyun qurulub və bu “oyunçular”ın arxasında təkcə erməni lobbisinin parası deyil, xristian dünyasının mühafizəkar mesanatların, dünyada artmaqda olan türk birliyinə qarşı olanların, Cənubi Qafqaza soxulmaq istəyən sümürgə (iqtisadi planda işğal) dairələrin ortaq marağından doğan qərardır.
Qətnaməninn sonunda yazılır ki, ”Azərbaycan AŞ PA-dan qovulmur, sadəcə olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir” və bu istiqamətdə konkret addımlar atmağa çağırılır. Bu, ifadə mənə ABŞ-ın bu günlərdə dini azadlıqlarla bağlı hesabatını, xatırlatdı.
ABŞ dövlət katibinin imzaladığı o hesabatda Azərbaycan nəzarət (müşahidə) altına alınacaq ölkələr sırasına daxil edilir. Amerikanın son illər az qala sateletinə çevrilmiş Avropa ölkələrinin, elə son anti-Azərbaycan qərarının qəbulunda xüsusilə Almaniyanın canfəşanlığı təsadüfi deyil, Avropada verilən qərarda Vaşinqtonun da maraqları və təsirləri var. Düşünürlər ki, Azərbaycanı bu cür “nəzarət-müşahidə” mexanizmləri ilə idarə edə, öz iradələrini qəbul etdirə bilərlər. Azərbaycan COP-un 29-cu tədbirinə ev sahibliyi edəcəyi məlum olduqdan bir müddət sonra bu qərarın qəbulu da düşündürücüdür. Avropa Oyunları, ondan əvvəl isə “Eurovison”da ölkəmizə qarşı elə Avropanın da yer aldığı qaralama kampaniyasını unutmamışıq.
1996-cı ildə Avropa Şurasına üzv olan Rusiya AŞ PA da ən çox sanksiya tətbiq edilən ölkədir. Moskvaya qarşı ilk qərar 2000-ci ilin aprelində- rus qoşunlarının faktiki öz ərazisi sayılan Çeçenistanda hərbi əməliyyatlardan sonra qəbul edilib, səsvermə hüquq dayandırılıb 2014-cü ilin aprelində Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar AŞ PA-dakı deputatları yenə səsvermə hüququnu itirdi. 2015-ci ildə AŞ PA iki dəfə Rusiyanın səlahiyyətlərinin bərpası imkanlarını nəzərdən keçirsə də, heç bir qərar qəbul edilmədi. Buna cavab olaraq Rusiya 2016-2018-ci illərdə belə ağır şərtlərlə işləməkdən imtina etdi və Avropa Şurasının büdcəsinə üzvlük haqqının ödənilməsini dayandırdı.
Ən maraqlısı 2019-cu ilinn sentyabrında üzə çıxdı. AŞ PA-nın siyasi qrupları və üzv ölkələrin hökumətləri “paylanma üçün deyil” statuslu sənəd aldılar. Sənəd AŞ PA-nın o vaxtlı baş katibi (Yaqland) xahişi ilə hazırlanmışdı. 28 səhifəlik sənədin məğzi bu idi ki, AŞ PA-nın sanksiya mexanizmi tətbiq etmək hüququ yoxdur, çünki belə bir qərar Avropa Şurasının Nizamnaməsinə ziddir. Bundan başqa, deputatlar təmsil etdikləri hökumətin siyasətinə görə cəzalandırıla bilməzlər. Qeyd edim ki, prezident Vladimir Putin ötən ilin yanvarında Avropa Şurasının Nizamnaməsi, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası və Avropa Konvensiyasının qüvvəsini dayandırmaq barədə qanunu təsdiq edib.
Rusiya AŞ PA-dan çıxarılan ilk ölkə kimi tarixə düşdü. Bundan əvvəl təşkilatı yalnız bir ölkə - Yunanıstan 1967-ci ilin dekabrında tərk edib. Beş il sonra konvensiyanı yenidən ratifikasiya edərək təşkilata qayıdıb.
Azərbaycanlı bağlı son qərar əlbəttə ki, ölkəmizin ümumiyyətlə Avropa strukturları ilə münasibətlərinə mənfi təsirini göstərəcək. Ermənistan və digər düşmənlərimiz bu qətnaməni əleyhimizə gen-bol istifadə də edəcək.
Bundan əvvəlki yazımdakı son cümləni bir daha təkrarlamağın yeri var. Azərbaycanın bədxahlarından çox dostlarının sayını artırmalıdır. Hamılıqla buna çalışmalıyıq...
КомментарииОставить комментарий