Свобода людям, независимость нациям!

Bəlkə əsir və girovlar Zəngəzur Mis-Molibden Kombinatında qul kimi işlədilir - Ermənistan, cavab ver!!!

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqlamasında bildirilir. Məlumata görə, onlardan 3953 nəfəri Birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir.

ESİR SOM.jpg (102 KB)

Amma Dövlət Komissiyasına və aidiyyəti dövlət qurumlarına daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində itkin düşmüş bir sıra şəxs aidiyyəti qeydiyyatlardan kənarda qalıb. Bu fakt ondan xəbər verir ki, itkinlərimizin sayı daha çoxdur. Bəlkə də Xocalı soyqırımı zamanı və digər kütləvi qətliamlarda ailələr, nəsillər məhv edilib. Qarışıq illər idi, statistika da doğru-düzgün aparılmırdı... Dövlət Komissiyasının qeydiyyatdan kənarda qalanlarla bağlı qeydi təsadüfi deyil. Ermənistan isə susur...

Diqqət edin, 2024-cü ilin 1 avqustuna olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3961 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3953 nəfəri Birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Müraciətlərin davam etməsi bunun yekun statistika olmayacağını deməyə əsas verir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilib və onlar hərbi ehtiram göstərilməklə dəfn edilib. Amma bu gedişlə daha neçə illər lazımdır?...

Təsəvvür edin, bəzi ailələrin gözləri artıq bir qərinədir ki, yollardadır, əzizlərindən xəbər gözləyirlər. Vaxtilə Süleyman Rüstəmin məşhur şeirində “Dörd ay vardı ananın gözləri yol çəkirdi” misralarını oxuduqca, yaxud dinlədikcə dəhşətə gəlirdik, amma analar var ki, 40 ilə yaxındır övladından xəbər gözləyir! Ermənistanın və onu himayə edənlərinsə tükü də tərpənmir. 4 minədək azərbaycanlının nə öldüsündən, nə qaldısından xəbər verirlər. Hərdən sosial şəbəkələrdə, internet resurslarında əsir götürülmüş hərbçilərimiz, girov götürülmüş mülki sakinlərimizlə bağlı kadrlar qarşımıza çıxır. Azərbaycan ərazilərini işğal etmiş erməni canilər onlarla necə rəftar edir, adam dəhşətə gəlir. Özü də bu kadrları ermənilər özləri çəkib, yayıb, arxayıncasına, nə Allahın qəzəbindən, nə beynəlxalq hüququn məsuliyyətindən çəkinmədən. Bəzi məlumatlara görə, ermənilərin videoya çəkərək, guya azad etdikləri qoca nənələri sonradan, kameranın söndürülməsinin ardınca güllələyiblər. Amma nə tam aydın şəkildə görünən erməni qatillərin beynəlxalq səviyyədə, İnterpol xəttilə axtarışı, yaxud Beynəlxalq Haaqa Məhkəməsi tərəfindən cəzalandırılması var, nə də Ermənistan əsir, girov götürülən azərbaycanlılarla bağlı sorğulanmaya məruz qalır. Bax, belə bir ədalətsizliklə üzbəüzük hələ də. Amma vaxtaşırı Ermənistandan və onu himayə edən, erməni diasporundan qidalanan lobbi təşkilatlarından Bakıda saxlanılan separatçıların, canilərin “dərhal azad edilməsi” barədə absurd, alçaq tələblərini eşidirik.

SEPARATCI.jpg (442 KB)

Qarabağ azad ediləndən sonra bəzi ərazilərdə əsir və girovların saxlandığı ərazilər aşkarlandı.

Şuşa həbsxanasında əsir və girovlara hansı dəhşətlər yaşadıldığını təsəvvür etmək çətin deyil. Zamanında itkin həmvətənlərimizlə bağlı konkret faktlar ictimailəşdirilib, amma Ermənistan bu faktların yoxlanması üçün hər hansı təşəbbüs göstərməyib. Məsələn, işğal dövründə Ermənistan tərəfindən yaradılmış 6 qadın və uşaq əsir düşərgəsi haqqında informasiyalar var idi. Onları xatırladırıq: Vardenis uşaq düşəgəsi (250 nəfər), Razdan uşaq düşərgəsi (180 nəfər), Xankəndi uşaq düşərgəsi (180 nəfər ), Getaşen qadın düşərgəsi (320 nəfər), Cermux (İstisu) qadın düşərgəsi (250 nəfər ), Kəlbəcər qadın düşərgəsi (150 nəfər). Dəhşətli faktlardır!

HEBS.jpg (204 KB)

Eyni zamanda Ermənistanın Kəlbəcəri işğal altında saxladığı illərdə rayon ərazisində ermənilərin azərbaycanlı əsirləri saxladıqları, onları qızıl mədənində, digər ağır işlərdə qul kimi işlətdikləri barədə xəbər təkzib edilmədi. Bu barədə işğal illərində Kəlbəcərə turist kimi getmiş əcnəbilər ölkələrinə qayıtdıqdan sonra yazmışdılar. Kəlbəcərdə olan əcnəbilər Zod qızıl mədənində qul kimi işlədilən çəlimsiz, yarıac, səfil günündə işçilərin azərbaycanlılar olduqlarını öyrənmişdi. Gürcüstana turist kimi getmiş ermənilər özləri də Ermənistanda və Qarabağda xeyli sayda azərbaycanlı əsirlərin olduğunu ertiraf etmişdilər vaxtilə...

Quantanamo həbsxanasına başı qarışanlar nədənsə Ermənistanın gizli həbsxana və işgəncə məntəqələrini görməzdən gəldi. Heç Hollivud filmlərindən də hansısa biri bu dəhşətlərə həsr edilmədi, amma dünyanın kino festivallarında ermənilərin uydurmalarına mükafatlar ayrılır.

İLHAMİ SON.jpg (55 KB) 

Prezidentin dediyi kimi, “Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır”.

Azərbaycan 44 günlük müharibədən sonra 1600 erməni döyüşçünün meyitinin tapılıb götürülməsinə şərait yaratdı, həmçinin onlarla hərbçini sağ-salamat İrəvana təhvil verdi. Təkcə keçən ilin dekabrında 32 erməni qaytarıldı. Amma Ermənistan bunun qarşılığında qətlə yetirilən 4 min nəfərimizdən soraq vermir, bu, insanlığa qarşı cinayətdir!

Kim bilir, bəlkə hələ də yaşayan azərbaycanlıların bir qrupu Zəngəzur Mis-Molibden Kombinatında qul kimi işlədilir?! Niyə beynəlxalq aləm bu kimi fatlara səssizdir?!

Çox təəssüf ki, on illər boyunca Qarabağda “at oynadan” Qırmızı Xaç Komitəsi, ATƏT-in Minsk Qrupu həmsədrləri azərbaycanlı itkinlərlə bağlı bircə dəfə xoş xəbər gətirmədilər, Ermənistanın cinayətlərinə ortaq oldular. Bu yerdə xatırlatmaq yerinə düşər, Avropa Şurası Parlament Assambleyası hələ 2001-ci ildə Ermənistanda və keçmiş Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar haqqında yaydığı rəsmi sənədində bildirmişdi: “Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin 2001-ci il 10 aprel tarixli məlumatına əsasən, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4959 nəfər Azərbaycanlı itkin düşmüş, onlardan 1092 nəfəri 1992-2001-ci illər ərzində azad edilmişdir, indi Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 783 nəfər əsir saxlanılır, onlardan 18-i uşaq, 43-ü qadın, 56 nəfəri qocadır. Ancaq Ermənistan tərəfi bu faktı inkar edir”.

Bəs, sonra nə oldu? Məlumdur: AŞPA minlərlə azərbaycanlını əsir və girov saxladığına görə Ermənsitanı yox, haqq-ədaləti təkbaşına bərpa etməyə çalışan, torpaqlarını azad etdikdən sonra kütləvi qəbirlərin aşkarlandığı ərazilərlə bağlı tükürpədici faktlar aşkarlayan Azərbaycana qarşı sanksiya qərarı verdi. Erməni faşizmini himayə edən AŞPA təmsilçiləri utanmadılar verdikləri qərardan. Amma həmin 18 uşağın, 43 qadının, 56 qocanın ahı tutacaq zərərçəkmiş ölkəyə qarşı qətnamə qəbul edənləri!

ASPA.jpg (345 KB)

Bu günlərdə BMT Baş Assambleyasının 3-cü Komitəsi Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı qətnaməni yekdilliklə qəbul edib. Qətnamə layihəsinin mətni üzv dövlətlərlə bir ay ərzində aparılan intensiv danışıqlardan sonra razılaşdırılıb. 56 ölkə qətnaməyə həmmüəllif qismində qoşulub. Bu, yaxşı xəbərdir. Nəhayət, haqqı deməyə başlayıblar. Amma davamı gələcəkmi? Bax, buna şübhəmiz var. BMT Təhlükəsizlik Şurasının qətnamələrini 30 il ərzində saya salmayan Ermənistan bu qurumun “İtkin düşmüş şəxslər” haqqında qətnaməsinə məhəl qoyacaqmı? Yaxud BMT Baş Assambleyası bu sayğısızlığa görə Ermənistanı tənbeh edəcəkmi? Mümkün deyil. Regionun ekologiyasına, iqliminə əlindən gələn pislikləri etmiş Ermənistanın rəhbərliyi bu günlərdə keçirilən COP29-da da iştirak etmədi, lakin baş katib Quttereş görməzdən gəldi. Amma istənilən halda bu, itkin düşmüş azərbaycanlılarla bağlı məsələnin beynəlxalq gündəmə gəlməsi ciddi hadisədir. Ermənistanın insan hüquqlarını, humanitar hüququn prinsiplərini pozaraq azərbaycanlıları xüsusi işgəncələrlə qətlə yetirmələri faktları daim diqqətdə saxlanılmalı, özünü küçə uşağı kimi aparan bu ölkədən cavab istənilməlidir! Heç şübhəsiz ki, BMT Baş Assambleyasında qəbul olunan qətnamə Azərbaycan dövlətinin davamlı mübarizəsinin nəticəsidir.

Bu ilin oktyabrında Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirildi.  Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində bildirmişdi: “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır”.

Konfransdan bir gün sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə konfrans iştirakçıları Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkib, Ermənistanın törətdiyi dəhşətli qətliamların şahidi olmuşdular.

Keçirdiyi danışıqlarda hər zaman əsir və itkinlərin məsələsini qaldıran Prezident İlham Əliyev eyni zamanda beynəlxalq konfrans iştirakçılarına müraciətində demişdi ki, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər: “Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”.

Təsəvvür edin, Natiq Qasımovun yanında görüntülənən Vitaliy Balasanyan sağdır, amma kimsə onu sorğulamır, beynəlxalq mediada haqqında material dərc olunan azərbaycanlı döyüşçünü harada qətlə yetirmisən, sualına cavab istəmir!!!

VİTALİ.jpg (155 KB)

Amma qalib ölkənin Prezidenti tələbini irəli sürüb “Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”.

Zaman gözləmir... Əsir və itkinlərin doğmaları da gözləri yolda, ürəyi qübarlı dünyalarını dəyişirlər, son nəfəsdə ziyarət etməyə ünvanları olmadan, dəhşətlisi həm də budur!

Нет комментариев

Новости автора