Общественно-политическая интернет газета
Son 40 gündə ölkə mediasında ən çox oxunan, əm çox paylaşılan, ən maraqlı 13 xəbərin, eləcə, başlığını burada yazıram. Oxuyun, feyziyab olun:
*Azərbaycanda ər 19 yaşlı hamilə arvadını BIÇAQLADI - Yazışmasını tutubmuş...;
*Ər arvadının xəyanətini tutdu, ancaq onu bağışladı - Məhkəmə;
*Keçmiş arvadına görə polisi güllələyib öldürdü – Qaladakı qətlin təfərrüatı;
*Masallıda 37 yaşlı kişi arvadını xəyanət üstündə tutdu – Təfərrüat;
*Arvadına zəng edən qonşusunu öldürdü – ŞOK TƏFƏRRÜAT;
*Kababçı qardaşı arvadını evdə başqa şəxslə tutdu, şişlədi – CƏZA;
*Əsgərlikdən qayıdan gənc arvadının xəyanətinin üstünü açdı - Sabirabadda dəhşət;
*Həbsdən çıxan kişi arvadının xəyanət etməsindən şübhələndi, etiraf edəndə isə... - Salyanda şok;
*Dəhşətli hadisə!- Bakıda ər arvadının xalası oğluyla yazışdığını öyrəndi və ...;
*Arvadını döyərək bıçaqlayan qısqanc ərlə bağlı QƏRAR;
*Bakıda arvadı gizli telefon işlədən kişi onu məftillə boğaraq öldürüb - TƏFƏRRÜAT;
*Bakıda kişi ondan boşanmaq istəyən arvadını gözəllik salonunda qətlə yetirdi - TƏFƏRRÜAT;
*Azərbaycanda ŞOK OLAY: 46 yaşlı kişi qardaşı arvadına təcavüz etdi – DETALLAR
Əslində bu tip xəbərlər daha çoxdur, sadəcə, hamısını toparlamağa vaxt lazımdır. Amma bu qədər də bəsdir. Ölkədə qurşaq-paça nahiyəsinə aid münaqişələr üzrə yaranmış kriminogen durumun mənzərəsi belədir. Bu, hələ yalnız arvadlara aid xəbərlərdir, anasını, bacısını, qızını, nişanlısını, məşuqəsini vuranlar başqa kateqoriyadır.
Başlıqlara fikir verdinizsə, bu xəbərlərin cəmi birində xəyanətin axırı, ingilislər demişkən, “həppi end”lə bitib, qısqanc ər arvadını öldürməyib, eləcə, xəsarət yetirib və bağışlayıb.
Əslində bağışlama söhbəti həmin xəbərə ona görə pərçim edilib ki, qısqanc kişi ağır cəza almasın. Yoxsa o haqq-hesabdan sonra o ailədən ailə olmayacaq. Olacaqsa da, adam ya gərək o kənddən köçsün, ya da çayçıya, ortalığa çıxmasın. Yoxsa əvvəl-axır kimisə, başqa bir dilinə yiyəlik etməyən adamı vurub öldürəcək.
Ancaq o biri xəbərlərdən aydın olur ki, namus münaqişələrinin axırı cinayətlə bitib. Qısqanc kişilərin biri şişlə işləyib, o biri məftillə, bir neçəsi bıçaqla. Tüfəngə əl atanlar da olub.
Bu hadisələri analiz edəndə xəyanət və cinayətlərdə müasir kommunikasiya texnologiyalarının mənfi rolunu görmək olur.
4-5 il qabaq bəzi adamlar israrla deyirdi ki, mobil telefonlar, sosial şəbəkələr, ünsiyyət proqramları ailə institutunu dağıdır, insanları faciəyə sürükləyir, çox adam ciddiyə almırdı. Amma bu cür kriminal xəbərlərdə keçən “internetdə tanış olmuşdular”, “yazışmaları tutulub” ifadələri göstərir ki, mobil telefonlar, eləcə də sosial şəbəkələr insanların xəyanət yoluna meyllənməsinə, oxumuş adamlar demişkən, münbit şərait yaradır.
Nəticə göz qabağındadır: vurhavurdur...
Bunlar hələ məşhur ifadə ilə desək, aysberqin üzdə olan hissəsidir. Bildiyiniz kimi, aysberqin üçdə iki hissəsi suyun altında olur. O nisbətlə götürsək, bunlar tutulan, ifşa olunan xəyanətlərin səbəb olduğu cinayətlərdir. İki o qədər “yasaq eşq” isə gizli-gizli davam edir. Onların da faş olması 40 gün çəkər, 4 il çəkər, ta orası tərəflərin təhlükəsizlik texnikasına nə dərəcədə riayət etməsinə qalıb.
Düzdür, işini ehtiyatlı tutanlar da var. Bəziləri çox ustalaşıb. Məsələn, əvvəlki illərdə makler Sehliman (şərti ad) telefonda “Motorist Güloğlan” kimi qeyd etdiyi tərəf-müqabilinə “aşkım” deyə xitab edirdisə, indi “aşkım”ı, “həyatım”ı yığışdırıb, eləcə işgüzar yazışmalar aparırlar: “Maşın qaynadır, gətirim, onu düzəlt”. “Gətir, amma gələndə predoxranitel də al, gəl”.
Belə yazışmalar ələ keçsə, nə olacaq ki? Heç nə.
Amma “Motorist Güloğlan”ın əri arvadının telefon nömrəsini “Get-Kontakt”a vurub onun təxəllüsünü və ikinci peşəsini öyrənəndə biabırçlıq qaçılmazdır. Hələ tərəflərin iş başında tutulmaq ehtimalı da var. Başlıqlarını verdiyimiz kriminal xəbərlərdə keçən “tutdu” feli göstərir ki, belə vaqiələr də baş verir və bu zaman münaqişəni danışıqlar yoluyla, dinc şəkildə həll etmək çətinləşir.
Bir sıra xətirli həmkarlar deyirlər ki, əslində saytların belə xəbərlərlə İP qazanması düzgün deyil. Amma bu təkcə İP məsələsi deyil, bunun xəbərdarlıq xassəsi, camaata mesaj hissəsi də var.
Adamlar görür ki, hər gün kimisə xəyanət üstə vururlar, nə qədər olmasa da, o yolla meyllənmiş bəziləri qorxur, yarıyoldan qayıdır. Qorxmayanlar isə heç nə, irəlilərdə hansısa cinayət xəbərində mübtəda olmaq üçün növbə gözləyirlər.
Bu 39-42-ci paralellərin günəşinin şüasındandır, suyunun xassəsindəndir, ya nədəndir, burada “sevgi üçbucaqları”nı əsasən kəsici-deşici alətlərlə həll etməyə çalışırlar. “Əzizim, biz ayılmalıyıq, həyatımda başqa biri var” söhbəti burda keçmir. Adamın həyatında olan birinin həyətdə tutulması isə... (bax. yuxardakı başlıqlara).
Nə edək, gedək, Fransadan xalq gətirək?
КомментарииОставить комментарий