Общественно-политическая интернет газета
Novatorluq yaxşı şeydir, elə olmasa, camaat hələ də at arabası minərdi, “Ford” minməzdi. Amma cənab Henri Ford novator adam olduğuna görə avtomobil icad elədi, həm pul qazandı, həm də nümunə göstərdi, nəticədə çoxlu maşın markaları əmələ gəldi.
Elm novatorluğu sevir. Həyatımızı rahatlaşdıran hər şey novatorluğun, yenilikçiliyin məhsuludur. Adicə mobil telefonu götürək. Yoxsa vallahi, indi Laçında Vartan atəşkəsi pozanda gərək Keyti dağının başında 3 tonqal qalayaydıq ki, Qubadlıda yağıların farağat durmadığını biləydilər və yığışıb köməyə gələydilər. Bir də var, bir düyməni basırsan, o tərəfdə “alo” səsi gələn kimi deyirsən, “dığalar yenə qızışıb”. O da deyir, okey, “Bayraktar” getdi.
Mühafizəkarlardan olsa insanlar hələ də daş dövründə yaşayarlar. Məsələn, “Taliban” Əfqanıstanda insanları 1400 il əvvəlin geyimlərini geyməyə, o vaxtkı yaşayış tərzi ilə yaşamağa məcbur edir, deyirlər, o vaxt radio-televizor, internet, peyk antenləri olmayıb, indi niyə olmalıdır ki? “Onlarsız da yaşamaq olar” deyirlər və yaşayırlar. İnsafən, elə də yaşamaq olur.
Bir ara bizdə də köhnə vaxtlara nostalji vardı, aşıqlar NKVD zabitlərinin 1930-cu illərdə geydiyi hərbi mundirin eynisini tikdirib geyirdilər ki, o vaxt aşıqlar belə geyinib. Sonda bəzi cəsarətli gənc aşıqlar novatorluq elədilər, gəncəlilərin sözü olmasın, mülki kostyum-şalvara keçdilər, anlaşıldı ki, bu cür daha müasir və yaraşıqlı görünürlər. Sabah hansısa aşıq səhnəyə qırmızı şortikdə də çıxa bilər. Əsas sənətdir. Guya şortik geyəndə “Ay duman, gəl, get bu dağlardan” oxumaq olmur?
Bir dəfə mənim yanımda gənc müğənni tar-kaman-qaval triosunun həsrətini çəkən ağsaqqala dedi ki, əmi, öz aramızdır, sintezatorun səsi onların üçünün bir yerdə çəxardığı səsdən yaxşı çıxır dəə. Ağsaqqal bir az susdu, sonra dedi, səni qınamıram e, zəmanənin zayl çıxıb. Halbuki ağsaqqal özü də tənbəki doldurulmuş demi çəkmirdi, “Viceroy” tüstülədirdi.
Bu baxımdan yeni nəsil sənətçilər xeyli novatordur, əksəri özlərini fəda edərək illərlə muğam dəsgahlarını, onların şöbələrini öyrənmirlər və sonra boğazları cırıla-cırıla yarım saat oxumurlar, 3-5 dəqiqəlik “çıkkıdı-çık” tipli diringi və ya ritmik mərsiyə kimi bir şey oxuyur, diskə yazdırır, efirlərdə, toylarda mikrofon götürüb ağızlarını açıb-yumurlar. Novatorluq belə şeydir, adama rahatlıq gətirir.
Bütün günü köhnə vaxtların adət-ənənələrini qorumağa çalışan möminlər özləri də Məkkəyə getmək üçün Məmmədhəsən kişinin vaxtındakı kimi ata, ulağa süvar olub, neçə ay yol getmirlər, pulları çoxdursa, təyyarə ilə 3 saata Səudiyyə Ərəbistanında olurlar, bir az qənaət etmək istəyirlərsə, avtobusla 2-3 günə gedirlər. Belə rahatdır.
Yəni nəqliyyat, rabitə, komfort məsələsində onlar da yenilik tərəfdarıdırlar, amma çox arvad almağın caiz olması məsələsində Allahın buyurduğu vacibdir. Təzə vaxtı deyirmişlər, telefon şeytan əməlidir, amma indi hamısının “Ayfon”u var. Çünki bunu şeytan yox, Stiv Cobs icad edib.
Hər işdə belədir. Bu saat Motsart və ya Vivaldi kimi simfoniya yazanlar dünyanın hər yerində azalıb, trend yuxarıda dediyimdir – nay-na-nanay…
Qəzəl də qaldı gözəl zamanlarda. “Məni candan usandırdı”-zad. İndinin bərkgedən şairi Balaəlidir, yenilikçidir, trend ustasıdır. Özü də o vaxtın şairləri fağır-mağmın olublar, birini şərləyib edam ediblər, o birinin təqaüdünü kəsiblər, amma indiki şairlər cipdə gəzirlər, novator-novator şeylər yazırlar:
“Həm cənubu, şimalı, həm də şərqi, qərbidi,
meyxana da döyüşdü, söz döyüşü, hərbidi,
Baləyliə Pərvizin meyxanası derbidi,
“Real”-“Barselona”dı, görək, kim karonadı…
Öz peşəmizə gələk. Biz o vaxt yeni-yeni yazı-filan yazanda bir yazının üzünü düzəliş edə-edə 3 dəfə başqa vərəqlərə köçürürdük. Axırıncı variantda bir qrammatik səhv olmadan redaksiyaya göndərirdik. Çünki redaktorlar çox mühafizəkar idilər, hər cümlənin, hər sözün üstündə əsirdilər. Amma indinin yazarları novatordurlar, necə gəldi, yazırlar, redaktorlar da novatorluq edirlər, “müəllifin üslubuna toxunmadan” qoyurar səhifəyə.
Sosial şəbəkələrdə isə ədəbi dilin belini, qol-qıçını qıraraq, ləhcəylə, 3-4 dili bir-birinə qataraq yazmaq dəbi var. Bir söz də demək olmur, dərhal deyirlər, o siz görən yazılar keçmişdə qalıb, indi belə dəbdir, əsas məsələ odur ki, yazıda fikir olsun.
Hərçənd bəzi məsələlərdə mühafizəkarlıq da pis şey deyil. Məsələn, mühafizəkarlıq olmasaydı, ailə institutu kimi qədim şeylər məhv olub gedərdi, atasız körpələr dünyanı basardı, qadınlar zülm çəkərdilər, bilməzdilər, uşağa baxsınlar, yoxsa öz başlarını saxlasınlar. İkinciyə aludə olsalar, insan nəsli kəsilərdi.
Budur, novatorluğun son trendi cinsi azlıqların hüquqları və təbliğatı məsələsidir. Maşallah, bayraqları Avropa ölkələrini başına götürüb. Amma bu işin perspektivi yoxdur. Homoseksualların artması öz əllərində deyil, gərək bu işi heteroseksuallar təşkil eləsinlər.
P.S. Başlıqdan göründüyü kimi, müəllif də novatorluq edib, əvvəlki vaxtlar olsa, başlığı “Novatorluq və mühafizəkarlıq” qoyardı, oxucu da gedib başqa yazı oxuyardı.
КомментарииОставить комментарий