Свобода людям, независимость нациям!

Bal mühəndisliyi

“Bəsdir oxudun, az qala canın tələf oldu,

Bu kardan əl çək!

Yazmaq, oxumaq başına əngəl-kələf oldu,

Əşardan əl çək!"

(Sabir)

Nazir deyib ki, oxuduğu mətni anlamayan uşaqların sayı artır. 10 yaşlı uşaqlar arasında belələri 40 faiz imiş. Qorxunc rəqəmdirmi? Qorxuncdur. Eyni zamanda deyil. Lap o şablon ifadə ilə yazdıq. “Bu haqda danışmaq mənim üçün həm asandır, həm çətindir. Çətindir ona görə ki...”

Əslində oxuduğunu başa düşməmək təkcə şagirdlərimizin problemi deyil. Heç bu günün problemi də deyil. Dərinə getsək, klassikimiz ədəbi dilimizdəki çətinlikləri çoxdan yazıb qoyubdur: “Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir?”

Məhəmməd Hadi mənim çox sevdiyim şairdir, lakin lüğət olmasa oxumaq, anlamaq mümkün deyil. Füzulidə, hətta Məhəmməd Əmin Rəsulzadə də belə mətnlər var.

Vatsap-da hərdən əcaib mətnlər qarşıma çıxır. Görürəm adamlar “valideyn” sözünü “validen”, “gününüz” yerinə “günüz”, hətta “Allah” əvəzinə “Alla” yazırlar. Elə adam var üç hərflik adını dörd yanlışla yazır.

Yəqin internet dövrünün tələbi belədir. Oxumaq yox, baxmaq zəmanəsinə girmişik. Kitabları tik-tok və yutub əvəzləyir. Ancaq bunun axırı yaxşı yerə getmir. Bir ata sözümüzdə deyilən kimi, baxmaqla öyrənmək olsaydı, itlər qəssab işləyərdi.

Eyni zamanda, hərfləri tanımaq, mətn oxumaq insanlara nə verir? Söhbət bundadır. Yenə müdriklərdən birindən sitat gətirsək, insanları hərəkətə gətirən iki duyğu var, biri şöhrət hissidir, o biri maddi maraq. Uşaq, şagird ana dilində mətn oxumağın ona gələcəkdə hansısa xeyir gətirəcəyini bilsə, mətni su kimi içər. Bu xeyir, mənfəət görünmür. Görünürsə, yəqin mən başqa ölkəyə baxıram.

Kitab arası açmayanlar kitab oxuyanları işlədirsə, “əlaçılar” “üç alanların” tabeliyində çalışırsa, niyə mətn oxumalıyıq? Bakının yarısını tikən qeyri-rəsmi milyonçumuz orta məktəbin dördüncü sinfinə qədər güc-bəla oxuduğunu həmişə fəxrlə deyir. Dördillik rus-tatar məktəbi kimi bir şey yəni. İndi təsəvvür edin ki, bu tikinti maqnatından intervünü alan jurnalist orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomuyla bitirmiş ola, hələ gedib bir-iki başqa yerdə də magistratura-zad oxuya və kirayələrdə çürüyə... Bu yerdə Kərəmi ağlamaq tutmazmı?

Hara getsən, hansı qurumda iş axtarsan “rus dili, ingilis dili” tələbləri var. Hətta kran işlətmək üçün ingilis dili bilən krançı axtarırlar. Keçmiş günlərdə belə fakt olmuşdu. Şirkətin cavabı da təxminən yadımdadır: “Bu, elə-belə kran deyil, ən son model krandır və bütün işlətmə təlimatları ingiliscədir. O dili bilməyən bu kranı çalışdıra bilməz”. Bəlkə də haqlıydı, nə biləsən. Peşələr üzrə, texniki terminlər üzrə lüğətlərimiz varmı? Ağlamalı mövzudur.

Builki qəbulda keçid balları lap aşağı düşübmüş. Söz oyunu eləsək, saxta bal kimi şeydir. Gözləyirsən akasiya çiçəkləsin, çiçəkləmir, arıya şəkər tozu verirlər. (Bu il arıların da bal işi belə olub). Geofizika və geologiya mühəndisliyi - 200 bal. Maşın mühəndisliyi - 200 bal. Nəqliyyat mühəndisliyi - 200 bal. Mexanika mühəndisliyi - 200 bal. Və daha nələr. Maşallah. Ölkədə hər şeyin mühəndisliyini açmışıq. Hər sözün dalına mühəndislik qoşursan, olur fısqırıq.

Təklif edirəm gələn qəbulda “Mətn mühəndisliyi” də olsun, yuxarıda yazdığımız 40 faizin gedəcək yeri yaransın. Ya da “Tik-tokda səydəş videolar mühəndisliyi”. Xalqda maraq var. Tələbat var. Yalan mühəndisliyi, yaltaqlıq mühəndisliyi, rüşvətxorluq mühəndisliyi də lazımdır.

Hələ bu oyuncaq, karikatur mühəndisliklərin dövlət sifarişiylə və ingilis dilində tədris ediləcəyini də nəzərə alsaq, vəziyyət lap tragikomikdir. Guya bizdə ingiliscə tədris varmış. İstəsəniz bir maraqlanın, test edin, görün o universitetlərin ingiliscə dərs keçən müəllim-pedaqoji heyətinin neçə faizi gerçəkdən ingiliscə bilir. O cümlədən, həmin ixtisaslara girən uşaqlar da bu dildə oxumağa qəti hazır olmur.

Amma ixtisas var. Bal var. Əsas bu deyilmi? Hər il bal yarmarkası da olur... 

Нет комментариев

Новости автора