Свобода людям, независимость нациям!

Bakıda uçan taksilər

Deyirlər, BƏƏ-də, konkret desək, Dubayda 1-2 ilə uçan taksilər istifadəyə veriləcək. “Cobi” adlanan kiçik təyyarələr varmış, 4 adam tuturmuş, sərnişinləri o uçuracaq.

Ürəkaçan xəbərdirmi? Bişəkk, elədir. Elm və texnologiya inkişafdadır, bəşər oğlunun rahatlığı üçün yeni-yeni icadlar edir.

Fəqət anlaşılan deyil, niyə 2026-nı gözləyirlər. Azərbaycan bu işi 3-4 günə, hətta 8 marta qədər başa gətirə bilər və bəzi sevən gənclər 14 fevralda olduğu kimi, həmin gündə də nazlı yara paketlənmiş “uçan taksi”, yəni “Cobi” də bağışlayarlar.

Əslində bizdə “uçan taksi”lər bir neçə il öncədən var. “Prius”lar. Namxuda, uça-uça gedirlər. Sadəcə, hələ qanadları yoxdur. Onu da kreativ düşüncəli qaynaqçı (öz aramızdır, “svarşik” daha əzəmətli və ifadəli səslənir) həll edə bilər. “Cobi” təyyarəsini layihələndirənlər, bir az “Prius”ların üstündə işləsəydilər, motorunun gücünü artırsaydılar və qanad taxsaydılar, indi o maşınlar meqapolislərin səmasında cövlan edirdi.

Başqa ölkəni deyə bilmərəm, bizdə alınardı. Çünki bizdə hazır mütəxəssislər, sürücülər var. “Sürücü” deməyək, aşağılamış oluruq, maşallah, hamısı pilotdur. Harda oxuyublar, kurs keçiblər, bəlli deyil, amma, türkün sözü, uzmandırlar.

Mən özüm bu il yanvarın 2-də Biləsuvar-Bəhramtəpə yolunun Aranlı qəsəbəsinin yanından keçən hissəsində uçan “Prius” görmüşəm. Böyrümdən qızılquş kimi uçub, keçdi, nömrəsini də görə bilmədim.

O gün maşınını 200-lə sürüb videoya çəkən qadın vardı ha, bax, o da hazır pilotdur, al “Cobi”dən birini, ver, gör, göydə nə şoular göstərir. Öz maşınını 200-lə sürübsə, 300-lə də sürə bilər. Amma bizimkilər nə edir? Pilot xanımı tənbeh edir, cərimələyir, qolunu soyudurlar. Düzgün deyil. Mütəxəssisə qiymət vermək lazımdır. Sabah ölkədən gedib Dubayda işləyəndə yüz söz deyəcəklər. Ta deməyəcəklər, adam buradan sırf qədirbilməzliyə görə gedib.

Yaxud Quba istiqamətindəki ödənişli yolda sürət məhdudiyyəti tətbiq edirlər. O gün bir Be-eM-Ve o yolda uçarkən qəza törədibmiş, ona görə. Bu da yanlışdır. Xərc çəkib, yol salmısınız, ödənişli etmisiniz, buraxın, könlü istəyən, uçsun, getsin. Pilotlar o yolda 200 sürməyəcəksə, onda elə Siyəzənin, Şabranın böyründən keçən köhnə yolla sürüb gedərlər, ta niyə ödənişli yolla asta sürürlər. İmkan verin, milli pilotlarımız məşq eləsinlər.

Qayıdaq hələ çox hündürdə uça bilməyən taksilərimizə. Onların bir xeylisinin sürücüləri “uçur”. Nə çəkirlərsə, hiss edirsən ki, adam artıq havadadır. DİN-in vaxtaşırı yayılan məlumatlarında tez-tez belə ifadələr gedir: “Narkotik maddələrin təsiri altında minik avtomobilini idarə edən şəxslər aşkarlanmış və məsuliyyətə cəlb edilmişdir”.

İndi görün, hələ onlardan neçəsi aşkarlanmamış və məsuliyyətə cəlb edilməmişdir. İnşallah, bir gün onlar da aşkarlanacaq və məsuliyyətə cəlb ediləcəkdir.

Hiss olunur ki, taksi kimi istifadə olunan o biri maşınlar artıq pilotlarımızın tələbatınına, səriştələrinə cavab vermirlər. Baxırsan, hamısı vuruq-vuruq, böyrü batıq, dalı cırıq, ön şüşəsi çat-çat, güzgüləri qırıq-qırıqdır. Onlar üçün xüsusi yollar ayrılsa, elə olmaz. Yola çıxır, adamlara mane oluruq. Məcbur olurlar, birinci yoldan ikinciyə, oradan üçüncüyə, daha sonra yenidən birinciyə dönürlər ki, heç olmasa, bir maşın qabağa düşsünlər. Çünki sərnişin mənzil başına tez çatmalıdır, bu da 5 manat artıq pul qazanmalıdır ki... aparıb dəmirçiyə versin, manevr edərkən avtomobilin sürtülmüş, əzilmiş yerlərini düzəltdirsin, cərimə ödəsin və s.

Ona görə də təcili olaraq “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirtlə müqavilə imzalamaq, 5-6 yüz “uçan taksi” almaq lazımdır. (Şəhərimizdəki “Prius”lara qanad və motor qoymaq layihəsi də unudulmamalıdır).

Ondan sonra göylər taksilərin olsun, yerlər də işinə-gücünə gedib-gələnlərə qalsın. Hətta yaxşı olar ki, gənc məmurlarun da bir xeylisinə uçan maşınlar verilsin. Çünki onlar da yol-hərəkət qaydalarına riayət edəndə tıncıxırlar, qırmızı işıqda keçir, 60-lıq yolda 120 ilə gedir, qoşa xəttin anasını ağladır, qarşı yola çıxıb önünə gələn sürücüləri böyüzm edirlər. Qoy onlar da uçub getsinlər. Dövlət işidir, gecikməsinlər.

 

Нет комментариев

Новости автора