Общественно-политическая интернет газета
Ola bilər mənə vergi verilir. Gələcəyi hiss eləməyə başlamışam. Dünən qonşu yolda saxlayıb soruşdu ki, pensiyalar karta haçan yüklənəcək, dedim axşama doğru. Axşam gəldi, minnətdarlıq elədi.
Bir qahım var, icra hakimindən şikayət eləmək istəyirdi, dedim eləmə, xeyri yoxdur. Eləmədi, həqiqətən xeyri olmadı. Başçı turp kimi yerində oturub, xalqa xidmətini göstərir, heç bilmir onu vəzifədə saxlayan mənəm. Qanacağı çatsa gətirər nəzirimi verər. İlahi, bu əziz ayda özün bütün ac-yalavacları, məmurlarımızı, nazirləri, deputatları, Afrikadakı ac uşaqları doyuzdur, amin. Bir salavat da Qəzza üçün zikr eləyək.
Peyğəmbər olmağıma variant yoxdur, axırıncısı gəlib, ümidvaram heç olmasa apostoldan, imamdan nəsə biri olaram. İnanılmaz faktlarla üzləşirəm. Bu yaxında Afrikanın cənubundakı Botsvana ölkəsi ilə iqtisadi əlaqələrimizin möhkəmlənməsi, dostluq, qardaşlıq qurulması təklif etmişdim, səhər xəbərləri açıram, görürəm Konqonun prezidenti Deni Sasu-Nqesso ölkəmizə qonaq gəlmişdir. Sanki bir az səhv eləmişəm, Botsvanaya qonşu ölkədir, ancaq bunun özü əhəmiyyət daşımırmı?
Yaxud Afrika fillərini Kürdəmir savannalarına gətirmək haqda aqrar plan işləmişdim, sabahısı Zambiyadan qara xəbər aldıq: fil qəzəblənib, maşını aşırtmışdır, safariyə gəlmiş amerikalı 80 yaşlı turist qarı həlak olmuşdur. Bunu özü də maraqlı faktdır ki, ABŞ 80 yaşlı qarılara o qədər pensiya verir, hətta Afrika turuna çıxırlar. Bizim pensiyaçılar isə aldıqları pulla nəinki safari, heç qonşudakı Səfərin dükanına səfər edə bilmir.
Əlbəttə, əsas can sağlığıdır. Arığın qoruqda nə işi var? Nəvə saxlayası, blokun qabağında oturub məhəllə gənclərini şərh edəsi dövründə dünya səyahətinə çıxır...
Mövzudan mövzu çıxdı, Afrika ilə bizim keçmişdə də yaxşı əlaqələrimiz olub, Fransa müstəmləkəçiliyinə qarşı birgə mübarizə aparmışıq. Anqolanın prezidenti vardı, bizim Neft və Sənaye Universitetində - keçmiş “AZİ”də oxumuşdu.
Ümumiyyətlə, biz öz uğurlarımızı təbliğ edə bilmirik. Ancaq başqalarına həsəd aparırıq. Halbuki dünyada çox böyük əməllərimiz olmuşdur. Məsələn, Kərim Kərimov düyməni basmasa, heç Qaqarin uçmazdı. Benzini Yusif müəllim kəşf eləyib, onun hesabına müharibəni udmuşuq. Zəlimxan Yaqubun əsərləri Şekspirdən çox oxunur. Təzəlikcə daha bir fantastik fakt ortaya çıxdı: Rusiyanın ən varlı adamı həmyerlimiz Vahid Ələkbərov oldu. Birinci yeri tutmuşdur. Dünya milyarderləri arasında isə ilk altmışlıqdadır (bu sistemi özüm yaratdım, indicə). Bəs indi gəlin görək xalqımız bu cür varlı övladını tanıyırmı? Vahid müəllimin Bakıxanovda doğulduğunu, yuxarıda adını çəkdiyim “AZİ”nin məzunu olduğunu neçə nəfər bilir? Ən azından, qəbul imtahanları zamanı bu ali məktəb reklam üçün “Tələbəmiz Rusiyada ən varlı adamdır” tipli reklam sloqanı ata biməzmi? Belə şeylərdən istifadə etməliyik, gəncləri həvəsləndirməliyik. Yoxsa hamısı cumur başqa ali məktəblərə, sanarsan oralarda yel əsib, qoz tökülür.
AZİ-dən başqa yeganə Narxozu reklam edə bilərəm, çünki özüm oranın məzunuyam, düzdür, hələlik pulum yoxdur, ancaq vergi verilib, hesab edirəm bu işdə müəllimlərimin böyük rolu olmuşdur. Məndə hələ o vaxtlar gələcəyi görmək qabiliyyətinin cücərtiləri vardı. Məsələn, 1-ci kursda oxuyanda bir elektron hesablama müəllimimiz imtahan götürürdü, uşaqlar hamısı 50-dən, 100-dən (rubl - sovetin vaxtıydı) yığdı, verdilər kişiyə. Mən vermədim. İmtahan başlayan kimi müəllimin ürəyi getdi, bunu apardılar xəstəxanaya. Təbii ki, pul və siyahı da cibində getmişdi. İmtahana təzə müəllim gəldi, hamını kəsmək istədi, bircə mənə qiymət yazırdı, yüz xahiş-minnət, xəstəxanaya nümayəndə göndərildi, siyahını tapıb gətirdilər, hər şey yaxşı qurtardı.
Yazını da Rəşad Səfərin “Keçilərin nəğmələri” romanından sitatla bitirirəm: “Gün gələcək, səma yazılı səhifələrin büküldüyü kimi büküləcək. Onlarsa cəhənnəmdə inildəyəcək və heç nə eşitməyəcəklər. Özlərinə peyğəmbər gəldikdə onu ələ salan qulların vay halına!”
КомментарииОставить комментарий