Общественно-политическая интернет газета
Gürcü xalqı parlament seçkilərində seçimini etdi. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, seçicilərin 54,09 faizi hakim “Gürcü Arzusu” partiyasına etimad göstərib. Qalan bülletenlər nəticəyə ciddi təsir göstərməyəcək və artıq hakim partiya təbriklərini qəbul edir.
Azərbaycan Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə ünvanladığı təbrik məktubunda bildirib ki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər.
Sitat: “İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir. Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm”.
Dövlətimizin başçısı baş naziri siyasi dialoqu davam etdirmək üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib. “Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”, təbrik məktubunda deyilir.
Bu qısa təbrik məktubunda olduqca mühüm mesajlar əksini tapır. Nəticədən məmnunluqla yanaşı, bundan sonrakı hədəflər də aydın mətnlə ifadə olunur. Azərbaycan Prezidenti ötən ilin oktyabrında Gürcüstanda olarkən qonşu ölkənin rifah və təhlükəsizliyi istiqamətində dost mesajlarını, arzu və istəklərini çatdırmış, həmçinin bölgənin xilas düsturunu dilə gətirmişdi: “Qafqaz Evi” ideyasını. Bəli, regional əməkdaşlıq üçün təməl prinsipləri elan edən, daimi təhlükəsizliyin bərqərar olması istiqamətində EV tikməyi vacib sayan regionun Lideri üçün təkcə Azərbaycanda deyil, həm də regionda sülh və əmin-amanlıq, həmçinin normal əməkdaşlıq vacib məsələ idi. Bu mənada Gürcüstandakı parlament seçkilərinin nəticələri müstəsna əhəmiyyət kəsb edirdi. Güney Qafqazın 3 ölkəsini bir araya gətirmək üçün yeni platforma qurulmasını zəruri hesab edən dövlətimizin başçısı hətta Ermənistanla sülhün əldə olunmasından ötrü Tiflis platformasını da məqbul saymışdı. Bildirmişdi ki, əgər Ermənistan da razı olarsa, “Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər”. Prezident qeyd etmişdi ki, “Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar mümkündür”.
Bu ilin martında Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Azərbaycanda qəbul edərkən də dövlətimizin başçısı bildirmişdi ki, “Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulmuşdur”. Azərbaycan Prezidenti qeyd etmişdi ki, xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Sitat: “Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması hesab edirəm ki, böyük nailiyyətlərdən biridir. Dediyim kimi, bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”. Gürcüstan ilə Azərbaycanı “iki etibarlı tərəfdaş” adlandıran dövlət başçısı yeni layihələr üzərində işlədiklərini də vurğulamışdı. Həmçinin qeyd etmişdi ki, aparılan düşünülmüş islahatlar nəticəsində Gürcüstanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür. Bildirmişdi ki, bu, xüsusilə indiki geosiyasi vəziyyəti nəzərə alsaq, böyük nailiyyətdir.
Deməli, seçkilərin nəticələri təkcə Gürcüstan, gürcü xalqı üçün deyil, həm də Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Çünki bəzi Qərb paytaxtları, təşkilatları Gürcüstan müxalifətinin və vətəndaş cəmiyyəti təsisatlarının içərisinə sızıb, yaxud da maliyyə qaynaqları vasitəsilə onları ələ alıb, qonşu ölkədən Rusiyaya qarşı plasdarm olaraq istifadə etməyi, “ikinci cəbhə”ni açmağı planlaşdırırdılar. Fransa başda olmaqla Avropa İttifaqının, ABŞ-nin Ermənistan “qalası”nı ələ keçirmək, Rusiyanı buradan sıxışdırıb çıxarmaq planında da Gürcüstandakı seçkilər, yaxud seçkilər öncəsi, həmçinin sonrakı proseslərin nəticələri olduqca əhəmiyyətli məsələlər idi. Amma bu günədək istədiklərinə nail ola bilməyiblər və görünən budur ki, uduzduqlarını anladıqları üçün qarışıqlıq salmaq istəyirlər. Gürcüstan müxalifətinin 27 oktyabr mitinqinin üzərinə “yağ” tökmək üçün maksimum cəhd göstərəcəkər, bu, şübhəsizdir. Təbii ki, hüquq çərçivəsində etirazlar normaldır, ancaq kənar müdaxilə olacaqsa, bu, artıq Gürcüstanda vətəndaş qarşıdurmasını tətikləməyə, “bulanıq suda balıq tutmağa” hesablanacaq. Gürcüstan daxilində sabitliyin olması həm də bu ölkədə yaşayan 300 mindən artıq soydaşımızın təhlükəsiz həyatı baxımından olduqca əhəmiyyətlidir. Bu mənada azərbaycanlıların kompakt yaşadığı bölgələrdə həm seçici fəallığının yüksək olması, həm də səslərin mütləq əksəriyyətinin hakim partiyaya verilməsi sabitliyə, təhlükəsizliyə səs verilməsi deməkdir.
Heç şübhəsiz ki, “Gürcü Arzusu”nun qələbəsində azərbaycanlı seçicilərin aktiv iştirakı və dəstəyi həlledici rol oynadı. Bu mənada Gürcüstandakı soydaşlarımıza təşəkkür edirik, onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini növbəti dəfə dəstəklədilər. “Gürcü Arzusu”nun rəhbərlərinə ünvanlanası sual var: azərbaycanlı seçicilərin səsini eşitdinizmi? Onların səsinin həlledici olduğunu, özlərinin nə qədər dövlətə sadiq olduqlarını gördünüzmü? Onda lütfən, bundan sonra səsini eşitdiyiniz, saydığınız, səsindən məmnun qaldığınız yüz minlərin SÖZünü də eşidin! Onlar daha çox qayğıya layiqdirlər, buna haqq edirlər.
Gürcüstan Azərbaycan üçün önəmli ölkədir, bizim Avropaya açılan qapımızdır, həmçinin enerji layihələrimizin, logistika əlaqələrimizin gerçəkləşdirilməsində müstəsna əhəmiyyəti var. Bu mənada Gürcüstanda sabitliyin olması həm də Azərbaycanın maraq və mənafeləri baxımından olduqca vacibdir. Seçkilərin nəticələri heç şübhəsiz ki, Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir. Bu ölkədə söz sahibi olan azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq qalan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı prinsipial mövqe ortaya qoydular.
İnanmaq istəyirik ki, soydaşlarımızın bu mövqeyi diqqətdən kənarda qalmayacaq, Gürcüstan hakimiyyəti, hakim partiya bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiiamətində real addımlar atacaqlar. Dövlətə, dövlətçiliyə bu dərəcədə sadiq olan toplumu məişət səviyyəli problemlərlə üz-üzə qoymaq olmaz.
“Gürcü Arzusu”nun qələbəsi həm də “Qafqaz evi” ideyasının gerçəkləşməsi istiqamətində şans yarada bilər. “Bir ayağı Qərbdə olan” Nikol Paşinyanın gürcü həmkarını qələbə münasibətilə təbrik etməsi də bu inamı yaradır ki, Ermənistan nəhayət, bölgənin taleyinin bölgədə həll olunmalı olduğunu anlayacaq və Azərbaycanla sülhün imzalanması istiqamətində bütün maneələri qət etməyə özündə təpər tapacaq. Eyni zamanda İvanişvilinin qurucusu olduğu partiyanın qələbəsi, Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətləri yeni mərhələyə keçirməsi perspektivdə Azərbaycan Prezidentinin ideya müəllifi olduğu 3+3 formatının uğurlu nəticələr əldə etməsini sürətləndirə bilər. Təsəvvür edin, Azərbaycanla Ermənistan arasında problemlər həllini tapır, böyük sülh imzalanır, Gürcüstandan qoparılmış ərazilər geri qaytarılır, bölgə sülhün bərqərar olduğu məkana çevrilir. Əksi, Qərb və Rusiya arasında mübarizə isə yeni-yeni savaşları tətikləyəcək heç şübhəsiz ki... 2008-ci il təcrübəsi bu gün koalision mübarizəni hədəfləyən, Qərbin təhriki nəticəsində məhbəs həyatı qazanan Saakaşvili və digərlərinin yadından çıxmayıb yəqin. Bu günlərdə “Qələbə planı”nı Ali Radaya təqdim edən və dolayısı ilə Gürcüstan müxalifətini də həvəsləndirməyə çalışan Zelenskinin NATO, Avropa İttifaqı arzusuna Qərbdən gələn reaksiyalar da ortada... Adamı, ölkəni neçə dəfə aldadarlar?..
Azərbaycanın nə qədər haqlı olduğunu və düzgün yol seçdiyini yaxın tarix təsdiqlədi. Bu mənada deyə bilərik ki, 26 oktyabr seçkilərində Gürcüstan seçicilərinin əksəriyyəti Azərbaycan yolunu seçdi, real siyasəti dəstəklədi, nağıllara “yox”, dedi. Əbədi düşmənçilik olmur, kimlərinsə əlində alət olmaq isə xoşbəxtlik gətirmir, 54 faiz bu siyasəti dəstəklədi, həmçinin yerli azərbaycanlılar.
Gürcüstanın baş naziri Bakıda olarkən “tərəfdaşlığımız mükəmməl səviyyədədir. Əlbəttə, hər zaman potensial var və biz bundan sonra da bu dostluğu, əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik”, söyləmişdi. Parlament seçkilərinin nəticəsi perspektivlə bağlı ümidverici imkanlar açır. Yetər ki, aranı qarışdırmaq istəyənlərə fürsət verilməsin!
КомментарииОставить комментарий