Общественно-политическая интернет газета
Sülafə xatun haqqında tarixdə çox az məlumat var. O, Əhmədilər və ya Marağa atabəyliyi Ağsunqurilərin nəslindən hesab olunur. Qarışıqlıq da bir qədər də bundan yaranır. Çünki dövrün mənbələr qeyd edir ki, 1108-ci ildə Rəvvadilər sülaləsindən olan Əhmədili ibn İbrahim ibn Vəhsudan ər-Rəvvadi Böyük Səlcuq hökmdarı Məhəmmədə düşmənləri ilə mübarizədə köməklik etdiyinə görə Marağanın hakimi təyin edildi. Rəvvadilər isə ərəb mənşəli idilər. Buna görə də Ağsunquriləri bəzən Əhmədilər sülaləsi kimi də qeyd edirlər.
Lakin bu iddia doğru deyil. Çünki, 1117-ci ildə Əhmədilinin öldürülməsindən sonra onun keçmiş qulu, türk mənşəli Ağsunqur əl-Əhmədili yaranmış bu əlverişli şəraitdən istifadə edərək Marağada hakimiyyəti ələ keçirib Ağsunqurilər sülaləsinin əsasını qoydu. O, Marağadan başqa, Rəvanduz qalasını da ələ keçirdi. Ağsunqur İraq Səlcuq sultanı II Mahmudun sarayında böyük nüfuza malik idi. Həm də sultanın oğlanları Davudun və Məsudun atabəyi olmuşdur.
Ağsunqurlərin türk olmasını dövrün mənbələri də təsdiq edir.
Həm də bir ərəb ailəsinin öz oğlunun adını türk sözlərindən seçməsi görünməmiş hadisə olardı. Üstəlik “Yeddi gözəl” poemasını Ağsunqurilərdən olan Körpə Arslana həsr etmiş Nizami Gəncəvi onu Ağsəngər nəslindən hesab edir və “Əhmədil” adını çəkmir. Son olaraq onu da əlavə edək ki, Ağsunquri əl-Əhmədili adlanır. Ərəblərdə isə “oğul” mənasına gələn “ibn” sözündən istifadə edilir.
O, iki türk sülaləsinin qanını daşıyırdı.
Sülafə xatun Ata tərəfdən Ağsunquri hökmdarı Əlaəddin Körpə Arslanın nəvəsi hesab olunur. Anasının adı məlum olmasa belə, Şəmsəddin Eldənizin nəticələrindən biri olduğu bildirilir. Deməli , iki böyük nəslin qanını daşıyırdı. XIII əsrin əvvəlləri Azərbaycan intibahının son dövrü hesab olunur. Ədəbiyyat və mədəniyyətin çiçəkləndiyi, şairlərin saray himayəsi altına alındığı, onlara dostluğun hökmdarlar tərəfindən fəxr edildiyi bir dövrdə heç şübhə yoxdur ki, Sülafəyə dövrünün bütün zadəgan xanımları kimi oxuma-yazma öyrədilmiş, təhsil verilmiş və eyni zamanda döyüşçü kimi yetişdirilmişdi.
Sülafa Xatun 1209-1225 -ci illərdə Marağanın hakim atabəyi idi . O, Əhmədililər sülaləsinin sonuncu üzvü və onun yeganə qadın hökmdarı idi.
Sülafənin uşaqlığı və gəncliyi Eldənizlər sülaləsi və Ağsunqurilərin mübarizəsi altında keçmişdi. Bu iki sülalənin arasında olan çəkişmələrin azalması üçün Sülafə Atabəy Özbək və Səlcuq Sultanı III Toğrulun qızı Məleykə xatunun oğlu Məlik Xamuşla evləndirildi. Xamuş ləqəbindən də göründüyü kimi anadangəlmə lal və kar idi. Dövrün bütün əsilzadə qadınları kimi Sülafə də sülalə evliliyinə məcbur olur. Onların Nüsrəddin adlı oğulları anadan olur. Lakin bu evlilik Sülafə xanıma səadət gətirmir.
Onların evliliyi kağız üzərində davam edir. Sülafə Rəvanduzda, Xamuş isə Naxçıvanda qalmaqda davam edir.
Əvvəllər Eldənizlər dövləti ilə az qala mübarizə aparmaq səviyyəsində oln Marağa atabəyliyi xeyli zəifləmişdi. Sülafənin babası Körpə-Arslan Ağsunqurulərin əvvəlki qüdrətini qaytarmaq istəsə də buna nail ola bilməmiş, dövləti daha da zəifləmişdi. hadisələrlə zəngin olmuşdur. 1207-ci ildə Körpə-Arslan öldü. Onun gənc oğlu-II Arslan Aba da tezliklə vəfat edincə sülalənin kişi nümayəndəsi qalmadı və Ağsunqurilərin başına Sülafə xatun keçdi.
Sülafa xatun 1209-cu ildə II Arslan-Abanın yerinə oturdu . Qadının istər hökmdar, və ya hakim olması İslam dövlətində qeyri-adi və mübahisəli idi. Dövrün çox məşhur tarixçisi İbn əl-Əsir,onun haqqında hətta “Əgər bir qadın hökmdarı olsa, heç bir insan uğur qazana bilməz” deyərək bəhs edirdi.
Babası və əmisi Əhmədin ölümündən sonra kişi varisi olmadığı üçün Ağsunqurluların başsız olduğunu bəhanə edən Eldənizlilər dövlətinin hökmdarı Əbu Bəkr Rəvanduz qalası istisna olmaqla Marağa və digər Sunquri mülklərini ələ keçirdi. . Rəvanduzun idarəsi Sülafa xatuna verildi.
1221-ci ildə Marağa Ağsunqurilər tərəfindən geri alındı, lakin həmin il martın 30-da şəhər Cəbə və Subutayın başçılıq etdiyi monqollar tərəfindən tutularaq yandırıldı.
1220-ci ildə monqollar Qafqazı işğal etdilər və 1221-ci ilin aprelində Marağanı mühasirəyə aldılar. Sülafə xatun bu zaman Rəvanduz qalasında idi və faktiki olaraq onun Marağa əhalisinə kömək göstərmək üçün imkanı yox idi. Onun özü də Rəvanduz qalasında mühasirədə idi.
Monqollar Marağanı ələ keçirtdilər, onu darmadağın etməklə bərabər, bütün əhalisini qılıncdan keçirtdilər. Bir-birinin ardınca Azərbaycan şəhərlərini talan v viran edən monqollar Naxçıvana çatanda Özbəyin oğlu, Sülafənin əri Xamuş onların yanına gəlib üzrxahlıq etdi. Monqollar da onlara toxunulmazlıq əlaməti olaraq üzərində damqa olan ağacdan qayrılmış bayqu verdilər. Bu hadisədən sonra onsuz da evlilikləri möhkəm təməl üzərində dayanmayan Sülafə Xamuşdan boşanma haqqında qərar verir. Şübhəsiz ki, bu hadisəyə səbəb, Xamuşun onu və Marağanı qorumaması olmuşdu.
Sülafə ikinci dəfə evlənir.
Monqol hücumlarından qaçan Xarəzmşah Cəlaləddin Azərbaycan sərhədlərinə çatar-çatmaz Marağa əhalisindən məktublar aldı. Məktublarda onlar "dövlətin böyük ağalarının və xanımların özbaşınalığı ucundan törənmiş biabırçı zülmkarlıqdan xilas olmaq üçün" Cəlaləddinin tezliklə gəlməsini xahiş edirdi. Bu zaman atabəy Özbək dövlət işlərindən tamamilə uzaqlaşmış, Azərbaycan Atabəyləri dövlətinin həqiqi sahibi isə onun arvadı - İraqın axırıncı Səlcuq sultanı III Toğrulun qızı Məlikə olmuşdur. Marağalılar "qadınların zorakılığından" danışanda məhz onu nəzərdə tuturdular.
1225-ci ildə Marağa döyüşsüz Cəlaləddinə təslim oldu. Sülafənin əvvəlki əri Xamuş da dərhal Cəlalədinə tabeliyini bildirir. Əhalisini və ərazisini yeni monqol qırğınından qorumaq üçün Sülafə Cəlaləddinlə evlənməyə qərar verir. Lakin Xarəzmşah öz əmirini Marağa hökmdarı təyin etdi və bununla da Ağsunqurlular sülaləsinə son qoyuldu.
Sülafə xatunun sonrakı taleyi haqqında bir şey bilinmir. Sülafənin Xamuşdan olan oğlu Nüsrəddinin sonrakı taleyi haqqında məlumat yoxdur. Onun haqqında nadir məlumatlarda monqolların idarəçiliyində fəaliyyət göstərdiyi deyilir.
Bilinən tək bir şey var ki, Sülafə Azərbaycan tarixinin ilk və bəlkə də son qadın hökmdarıdır. Onun hökdarlığı tam dəstəkləməsə belə, həm dünyəvi, həm (də din adamları tərəfindən qəbul edilmişdi. Monqol hücumları olmasaydı bəlkə də hökmdar Sülafə İslam dünyasında bir örnək olacaq, qadın hökmdarların sayı Avropadakı kimi qanuni sayılacaq və artacaqdı...
Məqalə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Məqalədəki fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.
КомментарииОставить комментарий