Общественно-политическая интернет газета
Himə bəndik, fürsət axtarırıq ki, nəsə bir şey olsun, başlayaq: Türkiyə elədir, belədir, o vaxt filan şeyi belə edib.
Bu dəfə mızıldanmağa babat bir səbəb vardı: Türkiyə və Gürcüstanın milli futbol komandaları qarşılaşırdı. Türklər və gürcülər Dortmunddakı stadionada qırışırdılar, ölkəmizin patriotları və qərbpərəstləri də sosial şəbəkələrdə.
Bu dəfə ruspəsətlər və farspərəstlər də qərbpərəstlərə qoşulmuşdular. Onları birləşdirən dəyər var: anti-türkiyəçilik. Qafaya qoyublar. Hər cür “izm” olar – panslavizm, paniranizm, panarabizm. Bircə pantürkizm olmaz. Pantürkizm mürtəce cərəyandır. O birilər mütərəqqidir – Papanın cəddi haqqı.
Baxıram, adamlar qırışır, axırda biri müdriklik göstərir, yazır: “Gəlin, futbolu siyasətə qatmayaq”. Ya da bu cür: “Siyasət ayrı, futbol ayrı”.
Yaxşı, bəs sənin qarnının azarı nədir ki, Feysbukda “Gürcüstana azarkeşlik edirəm” yazırsan və bu komanda uduzanda “təəssüf edirəm” qeydi edirsən? Yaxşı futbol, gözəl qollar izləmək istəyirdinsə, çempionatın üç ən gözəl qolunun ikisini Mərt və Arda vurub, ağzının əyrisi nədən düzəlmir?
Tülkülüyə ehtiyac yoxdur, kəsədən deyin ki, Türkiyədən ona görə xoşumuz gəlmir ki, Qərbə dirsək göstərir, Rusiyaya qapazaltı olmur, İranın qarşısında maneədir, biz də Qərbin, Risiyanın, İranın adamlarıyıq, qarnımız götürmür.
Yoxsa “yaxşı oynamırlar, müdafiələri zəifdir” – bunlar bəhanədir.
Bu silsilədən olan mübahisələrin birində futbol azarkeşləri Turqut Özalın 1990-cı ildə “azərbaycanlılar şiədir” deməsinə qədər gedib çıxmışdı. O biri Süleyman Dəmirəlin kəlbəcərlilər üçün helikopter verməməsini yada salmışdı. Başqa biri Türkiyə şirkətlərinin Qarabağdakı tikinti-quruculuq işləri üzrə tenderlərini udduğunu qeyd edirdi.
Hanı, bəs futbol ayrı, siyasət ayrıydı?
Beləydisə, Nuru və Bəxtiyar paşaları da yada salmaq lazım idi. Hələ Gəncədə yaman gün üçün saxlanılan Türkiyə F-16-larına da toxunmaq gərəkirdi.
“Mən Gürcüstana azarkeşlik edəcəm”. Niyə, a bala? Gürcüstan dar gündə sənə dayaq olub, qolundan yapışıb yerdən qaldırıb, nə edib? Səni belə olmağa nə vadar edir? Şeyx Sənan-zadsan? Yenə şeyxin motivi, konkret hədəfi vardı, gürcü qızına aşiq olmuşdu, donuz otarmağa qədər düşmüşdü, sənə nə olub?
Hələ ortada bir darvaza söhbəti də var, 900 ildir mübahisəsi gedir. Onu həll edək, sonra Gürcüstana azarkeşlik edərsiniz.
Yeri gəlmişkən, deyilənə görə, Gəncə darvazasının bir tayının Azərbaycana qaytarılmasına gürcü kilsəsi razılıq vermir. Bu, Azərbaycanın qazını müftə işlədən gürcü kilsəsidir, amma darvazanı vermir, deyir, hərbi qənimətdir. Elədisə, daha pis. Deməli, zəlzələdən sonra fürsətdən istifadə edib Gəncəyə cummusan və şəhəri qarət etmisən.
İndi baxaq, görək, Avropada bizim kimi ikinci bir xalq varmı ki, yadellilılərə azarkeşlik etsin. Uzağa getməyək, srağagün bir tək gürcü tapmaq olardımı ki, öz millətinin komandasını qoyub, Türkiyə millisinə azarkeşlik etsin, “bu futboldur” desin?
Bəlkə Almaniya ilə İngiltərə futbol oynayanda Avstriya almanları ingilislərə azarkeşlik edir?
Hansısa Pyeri, Şarlı düşünün ki, ekran qarşısında oturub italyanlara, almanlara, ingilislərə azarkeşlik etsin. Kəsəsən də etməzlər. İtalyanlar onlar üçün makaron yeyənlərdir. Almanlar Parisi işğal edən, Eyfel qülləsinin fonunda şəkil çəkdirən işğalçılardır. İngilislər Napoleonu qolubağlı qula döndərib Müqəddəs Yelena adasına sürgün edənlərdir.
Fransızlar isə italyanlar üçün qurbağayeyənlərdir, homoseksualistlərdir, vaxtilə Roma papasını çurban edənlərdir və s.
Almanlara gəlsək, gözlərinin düşməni elə fransızlar və ingilislərdir. Təkcə son 115 ilin tarixini götürsək, onların başqalarına azarkeşlik etmək səbəbinin olmadığını görərik.
Öz milli komandalarını qoyub başqa komandalara azarkeşlik etməyən xalqların milli qüruru var, fikirləşirlər ki, o gədələr bizim oğlanlardan artıq deyillər, onlardan ötrü özümüzü niyə həlak edək.
Bizimki heç, ömrü boyu ona-buna azarkeşlik etmişik, gah Kiyev “Dinamo”sunu dəstəkləmişik, gah Tiflis “Dinamo”suna bayılmışıq. Əsasən slavyanların oynadığı SSRİ yığmasından ötrü bağırmışıq, bir növ adətkərdə olmuşuq, elə də davam edirik.
Qırx ilin başında fürsət yaranıb, az qala konfederasiya kimi bir ittifaqda olduğumuz qardaş ölkənin komandasına azarkeşlik etməlikən, onda da beynəlmiləlçi, kosmopolit damarımız nə yoğunlayıb, söhbəti, hüququşünaslar demişkən, mübahisələndiririk.
“Mən Türkiyəyə yox, başqa komandaya azarkeşlik edəcəm”. “Mən vətənpərvər deyiləm, kim yaxşı oynayırsa, onun tərəfindəyəm”. Allah ürəyinizcə versin.
КомментарииОставить комментарий