Общественно-политическая интернет газета
Bəşər tarixində hər cür hüquq, qanun sistemləri olmuşdur. Məsələn, hazırda dünyadakı respublika tipli dövlətlərin hamısı Roma hüququna əsaslanır. Bu hüququn baş prinsipi isə vətəndaşların öz aralarında və dövlətlə qarşılıqlı müqaviləsini nəzərdə tutur. Anqlosakson hüququnda presedentlər əsas götürülür. İranda mollalar qanundur, Somalidə, ümumiyyətlə, qanun-zad yoxdur.
Bəs bizdə hansı sistemdir? Məncə, buna “Molla Nəsrəddin sistemi” demək olar. Ya da ipdə qalan buzov hüququ. Deyir Mollanın iki buzovu varmış, biri ipi qırır, qaçır. Molla çomağı götürür, başlayır ipdə qalan buzovu çırpmağa. Arvadı söylənir ki, a kişi, sən qaçanı yox, ipdə qalanı niyə döyürsən, bunun günahı nədir, Molla deyir: “Sən bilmirsən, bu ipi qırsa, o birisindən də bərk qaçacaqdı”.
Köhnə vaxtlarda bizim əmək və əhalinin sosial müdafiəsi nazirimiz var idi, bu yoldaşı 2021-ci ildə korrupsiya ittihamı ilə içəri basmışdılar. Yeyinti ümumilikdə nə qədər olsa yaxşıdır? Əşşi, heç zad, xırda-xuruş, qəpik-quruş: 27 milyon manat. Nazir 13 ay içəridə qaldı, bu müddətdə onun məhkəməsi də guya davam edirdi, əslində heç zad davam eləmirdi. Məsələn, təkcə 1 ildə nazirin məhkəməsi 38 dəfə təxirə salınmışdı. Tragikomik səbəblərlə: gah hakimin xalası ölürdü, gah prokuror dişini düzəltdirməyə gedirdi, gah vəkil Bodrumda qaralmaqda olurdu və sairə. Bəzən müttəhimin məhkəməyə gəlməməsi də təxirə gətirib çıxarırdı. Soruşa bilərsiniz ki, bu necə olur, axı onu tutmuşdular? Nazir səhhətinə görə ev dustaqlığına buraxılmışdı - bu da bizdə humanizmin təntənəsidir.
2024-cü ilin yanvarında prosesi daha uzatmağa yer qalmadı, nazirə şərti cəza verib çölə buraxdılar. İddialara görə, müttəhim dövlətə vurduğu ziyanın 20 milyonunu cibişdanından, 3 milyonunu villa-milla sataraq ödəyibdir, yerdə qalır 4 milyon, onu da imam ehsanı kimi sənədləşdirək, çıxsın getsin. Belə şeylərə görə vətəndaşı incitmək olmaz.
Mən bu prosesləri izlədikcə belə qənaətə gəlirəm ki, yeyinti eləyəndə gərək çox eləyəsən. Onda adamı tutmurlar. 20-30 min yeyinti eləyən neçə adam var, bu saat türmələrdə çürüyür. Nə 20-30, hətta 2 min rüşvətə görə yatanlar var. Bacar, “ipdə qalma”. Buzovun bərk gedəni olmaq lazımdır. Hələ indi bir az yaxşıdır, sovet dövründə bizim qonşu kənddə dükançını 20 qəpiyə görə tutmuşdular. Tutanlar da kim idi? 2 milyonu udanlar. Axırda hökumət dağıldı.
Hələ bir keçmiş MTN generalı var, şəxsi türmələr açmışdı. Villa, obyekt, pul zibil kimi idi. Səhv eləmirəmsə, 32 milyonluq əmlakı müsadirə olunmuşdu. Neçə il türmədə qaldı? Cəmi-cümü 3 il. Əfv olundu, indi isə... əmlakları geri istəyir. Bir az qızışsa, Metro Tağının hakim övladını təzədən, elə məhkəmə binasından girov götürməyə qadirdir.
Azərbaycandan milyardlar çıxaran adam London univermaqlarından bahalı bazarlıqları ilə qəzetlərə düşmüşdü, bizdə isə ölkəyə 40 min dollar gətirənləri tutub basırlar (hesab edək o iddialar doğrudur və qaçaqmalçılıq baş veribdir). Məntiqlə, xariciləri çalıb-çapanları, valyutanı vətənə daşıyanları mükafatlandırmaq lazım idi. Bizdə isə valyuta çıxaranlar ödül alır.
Ona görə də nazirlərimiz iri projelər işləməlidir. Azadlığın yolu böyük pullardan keçir. Rəhmətlik şair demişkən, azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...
КомментарииОставить комментарий