Свобода людям, независимость нациям!

“Ay-ulduzlular”, özünü bəyənən gürcülər və finalda kim oynayacaq?

Almaniya-İspaniya, Fransa-İspaniya, Almaniya-Fransa finalı olmayacaq!

Avro-2024  başlayanda üç favoritimin olduğunu yazmışdım. Almaniya, Türkiyə, Gürcüstan. Hər üç komanda turnirdə iştirakını hələ də davam etdirir.

Başlayaq  çempionatın sürpriz komandası hesab edilən Gürcüstandan. Gürcüstanın xüsusilə  Türkiyə ilə oyundan sonra uğurları ilə bağlı Azərbaycanın sosial şəbəkələrində müzakirələrdən hamınız xəbərdarsız. Mənasız söz-söhbət idi zənnimcə.  Gürcüstan bizim dostumuz olmaya bilər, buna nə onlar, nə biz borcluyuq.  Amma Gürcüstan bizim qonşumuzdur, həm də ermənidən fərqli olaraq bizə  ərazi iddiası ilə müharibə elan etməyiblər. Həmin yazımda da qeyd etmişdim ki, gürcülər özlərini Qafqazda bir az dartan millətdir, bu yenilik deyil, onların milli xüsusiyyətidir. Adi bir misal. Mamardaşvili  deyib ki, Xviça bütün  İspaniya millisinin heyətinə bərabər oyunçudur. Bunu demək reallıq hissini itirmək deyil, milli xüsusiyyətdir. Özlərini qaldırırlar. Pis xüsusiyyət deyil, amma bəlli, indiki çox ədalətsiz mövqedir. Nə isə...

Bizim o ölkədə yüz minlərlə soydaşımız yaşayır, onlara dövlətin münasibəti də kifayət qədər normaldır. Deməyim odur ki, belə müzakirələr açanda emosiyanın yeri yoxdur.   

izobrazhenie_2024-06-27_100221525.png (814 KB)

Gürcüstan məsələn, çempionatların bəzəyi hesab etdiyim İtaliya və  Xorvatiyadan fərqli olaraq yaxşı oynadı və haqq etdiyi növbəti mərhələni də adladı, hökumətin vəd etdiyi 10 milyon dolları da aldı. Gürcüstan bu gün İspaniyaya qarşı oynayır. Futbol tərəzisi olsa, İspaniya  gürcülərdən çox-çox ağır gələr, bu hamıya aydın həqiqətdir.  İspanlar futbolu zərgər kimi dəqiqliklə oynamağa çalışırlar, paslaşmalar həddən artıq çoxdur, bu da mənim rəyimə görə, onların oyununu cansıxıcı edir. Amma milyonlar İspaniya millisinin oyununu bəyənir, uğurlarına sevinirlər. İspaniya Gürcüstanı asanlıqla keçməyəcək, bunu onlar heç ağıllarına da gətirmirlər. Amma Gürcüstanın burda o tərəfə keçmək istəməsi, məsələn bir “durnoy top”la   İspaniyanı mübarizədən kənarlaşdırılması ədalətsizlik olardı.  Portuqaliya İspaniya futboluna yaxın oynayır, amma portuqallar Gürcüstanla oyunda “canları qoymadılar”. İspaniya Gürcüstanı bu mərhələdə çıxarmağa çalışacaq və gürcü arzusu heç də yarımçıq  qalmayacaq. Gürcüstan yetərincə tanındı, Avropada oynayan oyunçularına Allah bilir, indi hansı məşhur klublar elçi düşəcəklər. Qapıçısı özünü artıq dünya siyahısında ən yaxşılar siyahısına yazdırıb. Bu gün 5 qol buraxsa da, ona və komandaya münasibətdə ciddi heç nə dəyişməyəcək. Gürcüstan özünü təsdiqlədi,  daha yaxşı futbol  oynayacaqlarını gələcəkdə də görəcəyik.

***

İtaliya və Xorvatiya kaş ki, bu çempionata vəsiqə qazanmayaydılar.  Biri son dünya və Avro çempionatının finalçısı, gümüş medal sahibləri idi. İtaliya da son Avropa çempionu. Maraqlı statistikanı yazım. Belə ki, 2012-ci ildə Avropa çempionatının qalibi olan İspaniya millisi Avro-2016-nın 1/8 finalında İtaliyaya uduzaraq (0:2) mübarizədən kənarda qalıb. Avro-2016-nın qalibi Portuqaliya Belçikaya uduzaraq (0:1) Avro-2020-də iştirakını eyni mərhələdə başa vurub. Avro-2020-nin qalibi olan İtaliya isə Avro-2024-ün 1/8 finalında İsveçrəyə uduzaraq (0:2) mübarizədən kənarda qalıb. 

436697a321a7e5577d36a018633ffbe2.jpg (267 KB)

Xorvatiyadan danışsaq, nəsil dəyişməsi çox zəif gedir.  Komandanın baş məşqçisi başına qara rəng qoyur, bununla daha gənc görünür. Amma Xorvatiya millisinin orta xəttinin üç yarımmüdafiəçisinin (Modriç daxil) 99 yaşı varsa, xorvatlar niyə uduzdular sualı artıqdır. İtaliya əlavə olunmuş dəqiqələrdə  Xorvatiyanın qapısına  bərabərlik topu vurmasaydı, növbəti mərhələyə onlar çıxsaydı,  bəlkə də İsveçrəyə daha biabırçı uduzacaqdıllar. İtaliyalı bədbəxtlərin əvvəl heç olmasa müdafiə xətti güclü olardı, Kellinin dövründə  o xətt inamlı görünürdü. İndi İtaliyanın hücumu bir kənara, müdafiəsi o qədər bərbad idi ki, hətta İsveçrə 4-5 top vura bilərdi. İtaliyaya yaraşmayan, cansız oyunlarla yadda qaldılar. Amma himni komanda olaraq gözəl oxuyurdular, sağ əlləri bizim millinin oyunçularının başına. 

***

APTOPIX_Euro_2024_Soccer_Czech_Republic_Turkey-1000x600.jpg (78 KB)

Türkiyənin oyunları haqda xüsusi nəsə yazmağa gərək yoxdur. Türkiyə bizim qardaşlardır, amma qüsurları çox olan  komandadır.  Heç kim  onlardan çempionluq gözləmir, sabah Avstriyanı keçməkləri çox çətin olacaq. Avstriya stabil və güclü oyun sərgiləyir. Fransa ilə ilk matçda necə oynayırdılar, həmin tempdədirlər. Öz qapılara o bəxtsiz avtoqol olmasaydı, fransızlara uduzmayacaqdılar.   Onların öz qruplarında  Fransa və Niderlandı qabaqlayıb ilk yerə sahiblənmələri təsadüf deyil, haqq etdikləri yer idi. Enerjiləri tükənmir, müasir futbol da əsas göstəricilərdən biri də budur. Türkiyənin sabah uğuru üçün dua edəcəyik, “Qarabağ” oynayırmış kimi həyacanlanacağıq. Mərhələ keçərsə, sevinəcəyik, keçməzsə şəxsən mən üzülməyəcəm.  Belə oyunla qrupdan çıxa bilməsi Türkiyənin  uğuru idi. Gələcəkdə uğurları daha bol olacaq, inşallah. 

Almaniya Danimarka oyununda da sensasiya baş vermədi. Almaniyada da arada nəsil dəyişikliyi zəif gedirdi, o zaman uduzurdular. Son dünya çemponatında qrupdan belə çıxa bilmədilər. İndi isə Almaniya  meydandadır. Yeni baş məşqçisi sərt bir almana oxşayır. Heyətdə  “Bayer”lə oyunlardan bizə tanış olanlar var, komanda fiziki cəhətdən  yaxşı hazırlıqdır. Almaniyanın ən zəif yeri həmişə müdafiə olub, amma bu dəfə Rüdugerin başçılıq etdiyi müdafiə xətti hazırlıqdır. Onu bizim “Qarabağ”ın müdafiəçisi Medinaya bənzədirəm. Rəqibin oyunun  mərkəzdən dağıdır, əla oyunçudur, “Real”dan tanıyırıq.

Almaniyanın  növbəti mərhələdir böyük ehtimalla rəqibi İspaniya olacaq. İspaniya- Almaniya qarşılaşması erkən final deməkdir. Kim qalib gəlsə, məncə  finalda  olacaq, bəlkə də çempionluğu bayram edəcək.  Almaniyanın qazanmasını istəyirəm. Almanlar hələ ki, evdəki çempionatda çempionluğu əldən vermək niyyətində deyirlər.

***

İngilislər hər  belə mötəbər turnirlərdə olduğu kimi yenə özlərinə xəyallar qurublar ki, mütləq çempion olmalıdırlar. Yaxşı heyəti var, amma komanda kimi gərgindirlər, bir-birlərini deyilənə görə, meydandan kənarda az qala döymək istəyirlər. Bu, hiss edilir. Qrup lideri oldular, amma  hələ güclü rəqiblə qarşılaşmayıblar, deyirlər çempion olacağıq. Bütün komandalar arasında heyəti ən bahalı oyunçulardan ibarətdir.  İngilis futbolu da əlbəttə baxımlıdır, rənglidir.  Amma mən həmişə yarızarafat demişəm ki, İngiltərə 1966-cı ildən bəri ona görə çempion ola bilmir ki, meydanda yan xətt hakimi Tofiq Bəhrəmov deyil. Yeri gəlmişkən, bunu unutmurlar, Tofiq Bəhrəmova çox sayğılıdırlar ingilislər, buna görə sağ olsunlar.

İngilislər Slovakiyanı keçə bilərlər, amma slovakların da gürcülər kimi itirəsi heç nəyi yoxdur, ona görə müqavimət göstərəcəklər. Sloveniya  isə Portuqaliyaya uduzsa, dünya dağılmayacaq. Bir az zəiflər ələnməlidir.

Rumıniya futbol ənənəsi olan ölkədir, stabil komanda yarada biliblər. Onların rəqibləri Niderland millisinin çempionluğa oynadığını demək olmaz, iddia ayrı, reallıq ayrı. Rumınlar onları mübarizədən kənarda saxlamaq gücündədir, şanslar bərabərdir.

ispaniya-stala-edinstvennoj-sbornoj-na-evro-2024-vyigravshej-vse-matchi-gruppovogo-etapa_1719450351902864608.jpg (193 KB)

***

Nəhayət, bu mərhələdə qarşılaşacaq Fransa və Belçika haqda. İkisi də bir-birinə yaxın futbol oynayırlar, amma ikincilər bu çempionatda daha zəifdir.  Belçika nisbətən zəif qrupa düşməsəydi, bəlkə də mərhələ adlaya bilməyəcəkdi. Onların yeni baş məşqçisini  Rusiya çempionatından-”Spartak”ı çalışdırandan izləmişəm. Ağıllı futbol oynatmır. Onun Belçika millisini necə tapşırıblar, maraqlıdır. Bu  həm də o deməkdir ki, bütün Avropanın ürəyinin döyündüyü Belçika üçün milli komanda əsas deyil. Milli ruh yoxdur bu komandada, əvvəlki on illiklərdə meydanda fərqli Belçika görmək olardı, son illər isə  süzülmüş komanda ilə gəlirlər belə çempionatlara. O səbəbdən Fransanın Belçikanı keçməsi çətin olmaya bilər. Fransa da Makron kimi dünyanın üzünə xoruzlansa da, çempion kimi oynamırlar. İddia olunur ki, guya Fransa hələ əsl oyununu göstərmir, güclərini bu mərhələdə göstərəcəklər. Ola bilər.  Yaxşı heyəti var, ingilislərdən sonra ən bahalı oyunçular Fransanın heyətindədir.  Amma Fransa da  yarımfinalda Almaniya ilə qarşılaşa bilər. Yəni Almaniya-İspaniya, Fransa-İspaniya, Almaniya-Fransa finalı olmayacaq! Bu isə finala daha üç komandanın şanslarını artırır. İsveçrə, Avstriya və İngiltərənin...  

 

 

Нет комментариев

Новости автора