Свобода людям, независимость нациям!

Atlas parçalı şorba

“Bedava yaşıyoruz, dostlar, bedava.

Hava bedava, bulut bedava.

Dere tepe bedava,

yağmur çamur bedava.

Bedava yaşıyoruz, dostlar, bedava"

(Orhan Veli Kanık)

Şanlı deputatlarımız xalqın taleyini düşünməkdən əldən düşmüşlər. Bugünlərdə daha bir təzə qanun düzəldildi, arağın minimum qiyməti müəyyənləşdirildi. Artıq spirtli içkini ucuz satmaq qadağan ediləcəkdir. Nəyə görə? Çünki ucuz arağın çoxu zəhərli olurmuş. Millət içib qırılırmış.

Haşiyə çıxaraq qeyd edim ki, çox zaman belə qərarlar xalqa gec çatır. Deputatı seçməklə deyil ki? Gərək onun səviyyəsinə də uyğun olasan! Məsələn, bir zamanlar qanun çıxmışdı, meşədən özbaşına böyürtkən, göbələk, quşarmudu, dəvədabanı, ayıpəncəsi, dələ qığı və sairə orqanik məhsulları yığmaq qadağan edilmişdi. O zaman xalq bu müdrik qərarı alqışlamaq yerinə nə etdi? Orda-burda, internetdə, tik-tokda, çayxana və taksilərdə zırıldaşdılar. Müxalifət hətta “Əlinizi meşədən çəkin!”, “İmkan verin kolluğa girək!” kimi şüarlarla mitinq və piketlər, yürüş və festivallar keçirmək qərarı qəbul etmişdi. Guya meşə xalqın sərvətidir, orada nə bitirsə yemək olar. Buyur. İki gün qabaq meşədən göbələk yığıb yeyən iki qadın öldü. Bizə bu lazımdırmı? Belə ölümlərin günahı müxalifətin üzərindədir. İndi arağın qiymətinin qalxması müsbət təsir göstərəcəkdir. Elə deputatlardan biri çıxışında bunu vurğulamışdır: “Ucuz ətin şorbası olmaz”. Nə qədər haqlı mövqedir! Düzdür, hazırda nə ucuz, nə baha ət tapırıq, ölkəmiz illik, adambaşına ət istehlakına görə Uqanda səviyyəsindədir, lakin bunun günahı bizim hökumətdə deyil. Hindistanın günahıdır. Orada çox camış yetişdirsələr ətimiz bol olar. Hindistan isə məlum məsələdir, Ermənistanla qardaşlıqdır. Ondan da başqa, hamısı kino çəkib, mahnı oxuyur, camışları cəngəllikdən çıxan pələng aparır. Yenə Tamerlan müəllim orada səfirimiz işləyəndə vəziyyət yaxşı idi, nədənsə Latviyaya göndərdik.

Təbii ki, arağın qiyməti qalxacaqsa, deputatlarımızın maaşı da artmalıdır. Ona görə yox ki, Məclisdə yeyib-içmək verilir. Yox. Sadəcə, bizim qanunlara görə istənilən qiymət artımı zamanı deputatların maaşı artmalıdır. Bu, qanunla belədir, nə etmək olar. Məcburi haldır. Məsələn, 35 nəfər deputat vardır, həm maaş, həm pensiya alırlar, ayda 11 min manat pul eləyir. Əgər araq bahalaşsa, seçiciləri ziyarət edəndə hərəsinə 100 qram almalı olsan, xeyli vəsait lazımdır. Təklif edirəm heç olmazsa aylıq gəliri 15 minə qaldıraq. Xalq kefindən içmir ki? Bir dərdimiz vardır. Şəxsən mən Hondurasdakı vəziyyətdən narahatam.

Başqa idarələr də, hərəsi gücü çatan qədər xalqın qayğısına qalır. Məsələn, Qida Təhlükəsizliyi Agentliyi dönərlə bağlı yeni texniki-hüquqi akt hazırlamışdır. Həmin sənəddə dönərin hansı ətdən düzəldilməsi, içindəki mayonez, aşpazın saqqalının uzunluğu, bıçağın itiliyi, qazın istiliyi və sairə bütün göstəricilər qanuni həllini tapacaqdır.

Sözgəlişi, bəlkə hörmətli oxucular bilmir, bizdə hətta keşnişin dəstəsi üzrə də hüquqi akt vardır. Standartın nömrəsini də yazıram: AZS 168:2024. Burada göyərtini əkmək, yığmaq, yumaq, qurutmaq, gövşəmək və sairə kimi bütün hallar nəzərdə tutulmuşdur.

Qanunsuz heç bir işimiz yoxdur, Allaha şükür. Yeganə bələdiyyə qanunsuz idi, onu da, inşallah, ləğv edəcəyik.

Hərçənd bəzi insanlar narahatdır, deyir dönərin qiyməti nəticədə qalxacaqdır. Hətta ola bilsin dönəri ətdən bişirməyə başladılar. Nə etmək olar, sayın deputatımızın yuxarıdakı sitatını xatırlayın. Bizə ucuzluq yaraşmır. Bu temada bir köhnə lətifə də vardı, deyir, biri gəlir yeməkxanaya, şorba sifariş verir. Şorbadan əski parçası çıxır, ofisiantı çağırıb şikayətlənir: “Bu nədir?” Ofisiant deyir: “Qardaşım, 2 manata şorba almısan, içindən atlas parça çıxmalıydı?”  

 

 

Нет комментариев

Новости автора