Свобода людям, независимость нациям!

Aslanı fikirləşərkən

“Bilmədiyin bilsə kişi, elə bilmiş kimidir”

(Sədi Şirazi)

Dünən bütün dünyada “Maykrosoft” şirkətinin proqramlarını istifadə edən şirkətlər çökmüşdü. Lakin bunun biz tərəflərdə hər hansı qorxusu olmadı. Oğurluq proqramlardan istifadə belə vəziyyətlərdə adamı xilas edir. 

Hər şeyin orijinalı təhlükəlidir. “Kitayski” - başqa məsələ. Hələ “kitayski, ancaq podorqinalnı” deyə anlayış da vardır, bunu bizim telefon aksessuarları satanlar kəşf etmişdir. 

Hətta demokratiyanın da orijinalı xatalıdır. Axırda Sokrata zəhər verib öldürürlər. Ancaq Sokrat Spartada yaşasa onu Elmlər Akademiyasına müdir qoyardılar, altında üç at qoşulmuş araba ilə Peloponnes yarımadasında cövlan edərdi, sahilyanı villalarında zeytun ağaclarının altında uzanıb təzə üzüm çaxırından hortdadardı. 

Elə uzağa getməyək, İbrahim müəllim demişkən, götürək Amerikanı. O boyda dövlət namizəd tapa bilmir. Düşüblər iki ağsaqqalın ardıyca, günlərdir dartışırlar. Çində Si müəllim mütləq buna baxıb qımışır. Sənə “Vindous” lazımdır? Heç kimə lazım deyil. Pəncərə çox olanda evin mənası qalmır, sanki çöldə yaşayırsan. Çalışmaq lazımdır pəncərə ümumiyyətlə olmasın. Balaca, qapının aşağı hissəsində dəmir siyirtməli pəncərəcik qoysan bəsdir. 

Sözgəlişi, mən fikir vermişəm, bizim varlı, nisbətən də guya zövqlü orta-morta təbəqə arasında belə dəb vardır: ev tikəndə ona balaca-balaca damalı, dünyada “İngilis pəncərəsi” adlanan pəncərələr qoyurlar. Halbuki, o pəncərələrin elə balaca olmağı qədimdə şüşənin bahalığı, böyük şüşə “bişirməyin” çətinliyi ilə əlaqədar idi. 

Bir də ingilislərdə 19-cu əsrin ortalarınacan pəncərə vergisi olmuşdur, düşünürəm onu biz hazırda tətbiq etməliyik. Millətin böyük hissəsi pəncərə qabağında oturub boş-boş havaya baxır. Bu, özəlliklə qadınlara və şairlərə aiddir. 

Prinsipcə, tətbiqat üçün ideyalarımız çoxdur və rəhbərliyin təşəbbüslərinə bağlıdır. Məsələn, təzəlikcə xəbər oxudum, deyir camaat parkinqdə maşın saxladığını mobil telefonla qeydə alır, ödəniş edir, bu zaman telefon şirkətləri də əlavə 10 qəpik xidmət haqqı qapazlayırmış. (Örnək üçün, 2 manat dayanacaq üçün ödəsən, hesabdan 2 manat 10 qəpik uçurmuş). 

Əladır. Oxşar əhvalatı ASAN-xidmətdə görmüşəm. Orda hansısa rüsumu ödəyirsən, 40 qəpik də əlavə bank xidməti kimi tuturlar. 

Lakin başqa idarələr niyə fəallıq göstərmir? Parkinqdən çıxıb yola girirsən, qoy hər dəfə yol idarəsinin hesabına 5 qəpik getsin. Telefonda parkinq mesajı yollayırsan, enerji olmasa mümkün olardımı? Təklif edirəm elektrik şirkətinə də 5-10 qəpik ödənsin. 

Elektrik enerjisi qazdan alınırsa qaz idarəsinə, sudan alınırsa su idarəsinə, Günəşdən alınırsa bələdiyyəyə 5 qəpik ödənməlidir. 

Hələ barmağı demirəm!.. Lap deyirəm, niyə demirəm ki?! Vətəndaş mesaj yazanda barmağını işlədirsə, barmağı sürtünüb aşınırsa, bunun müalicəsi üçün gələcəkdə TƏBİB əziyyət çəkəcək. Ona görə yaxşı olardı parkinqdə maşın saxlayanların hər biri səhiyyə sistemimiz üçün də 10 qəpik ödəsinlər.  

Bakı Heyvanat Parkında giriş qiymətləri qalxmış, 7 manat olmuşdur. Sevindirici haldır. Ancaq burada tənzimləmə vacibdir. Necə ola bilər ki, sən 7 manat ödəyəsən, eyni məbləğlə həm dovşanı, həm aslanı izləyəsən? Ədalətsiz yanaşmadır. Heyvan hüquqlarının pozuntusudur. 7 manat bilet pulu qalsın, lakin aslanı izləməyə hər dəfə 10 qəpik əlavə edilsin. 

O vəsaitlə aslana yaxşı ət almaq olar. 

 

Нет комментариев

Новости автора