Свобода людям, независимость нациям!

Artıq şeytan zəncirdən açılıb

Sabirabad rayon mərkəzi xəstəxanasında son 10 gündə 3 körpə ölü doğulub. Ya da doğulandan sonra ölüb. Hər halda, biz səhiyyə idarələrinin verdiyi izahatlara şübhə ilə yanaşırıq. Onlar istəsələr diri doğulanı öldürməkdə böyük həyat təcrübəsinə malikdirlər. Üstəlik, son illər ara qarışıb, məzhəb itib, hansı xəstəxana hara tabedir, hansı həkim harda işləyir – bundan Əzrayıl da baş açmır.

Ancaq ümumi halda yazmaq olar ki, o körpələr kasıbçılıqdan ölüblər. Çünki imkanı olanlar gəlib Bakıda doğur. O cümlədən, hamiləlik dövründə ana və bətnindəki uşağa nəzarət imkanları, vaxtlı-vaxtında analizlər-filan... hamısı puldur. Camaat isə həddən artıq kasıb durumdadır. Bunu, necə deyərlər, əlaqədar orqanlar görmürmü? Vitaminli, sağlam ərzaqlarla qidalanma rayon yerlərində, təəssüf ki, artıq mümkünsüz hala gəlib. (“Hala gəlib” əslində artıq, yersiz ifadə idi, çünki bizim regionlarda elə Sovet vaxtı da ana və uşaq ölümü çox olurdu, sadəcə, o vaxt bunu dilə-dişən salan, yazıb-pozan, statistikasını aparan yox idi).

Əlbəttə, əsas odur Sabirabad rayon mərkəzi xəstəxanasının zırpı bir binası vardır, 2017-ci ildə istifadəyə verilmişdir. Qıraqdan baxarsan, elə sanarsan hardasa İsraildə, Hayfada, nə bilim, Tel-Əvivdə özəl klinikanın binasıdır. Fasad olaraq bizdə hər şey yaxşı görünür axı. İçinə girməyəsən. Molla Nəsrəddin demişkən, eşələmə, qoxusu çıxar.

Molla dedim ağlıma gəldi: hazırda şeytan zəncirdən buraxılıbdır, biləsiniz. Ehtiyatlı olmalıyıq. İldə yalnız 1 ay – Ramazanda şeytanı zəncirləyirlər, qalan aylarda düşür ortalığa, müsəlmanları yolundan azdırır. Lənətə gəlsin onu. Cəhənnəmdə qır qazanını qalamağa qaz limiti keçmiş olsun. Zəqqutum ağaclarını Yaşıllaşdırma idarəsi köklü-köməcli çıxarıb aparsın. Sırat körpüsü remonta bağlansın. İlahi, amin. Bu dünyadakı neqativ halların cavabı mütləq veriləcəkdir.

Maraqlıdır ki, uca millətimiz də vəziyyətin dinlə bağlı olduğunu artıq dərindən dərk etməkdədir. İstər dükanda pomidorun qiyməti olsun, istər xəstəxanada uşaq ölümü, hamısının qərarı Yuxarılarda verilir, burda bizlik bir şey yoxdur, əlac ancaq dua eləməkdir. Üstəlik, bazarda qiymətlərlə ruhani aləm arasında düz mütənasib riyazi əlaqə vardır: biri artanda, o biri də artırmış. Bəlkə buna görə hökumət xalqın kasıb qalmağını istəyir. Varlı olub cəhənnəmə düşüncə, kasıb olub cənnətə vararıq.

Bu təhlili mən özümdən yazmıram, həyat müşahidələridir. Məsələn, təzəlikcə Alatavada evi uçurdulan kişi efirdə belə söyləmişdi: “Tikinti şirkəti bu müqəddəs Ramazan ayında evimizi uçurtdu”. Yəni, gördüyünüz kimi, problemin qanuna uyğun olub-olmadığı, vəziyyətin humanizm prinsiplərini pozması və sairə heç bir əhəmiyyət daşımır. Bəs indi, Ramazan ayı bitəndən sonra evləri uçurtmaq olarmı? Günah dərəcəsi azalırmı və hətta bəlkə yoxa çıxırmı?

Sonda dəxli olmayan bir mövzu. Təzəlikcə bir gənc – ya türkiyəli idi, ya da Güney Azərbaycandan, dəqiq yadımda qalmayıb – İrəvana getmiş, orda vətənpərvər mövzuda klip çəkdirmişdi. Sonra qəzet yazdı ki, bəs, bu soydaşımıza Azərbaycanda yaşamaq izni verilmir. Nəsə sənəd-sünəd problemi var idi. Ancaq belə hadisə ilk dəfə deyil ki? Biz haçandan dünya azərbaycanlıları üçün son ümid, sığınacaq, himayə yeri olmuşuq? 90-cı illərin axırlarında aşıq Araz Elsəs Araz çayını aşıb İrandan qaçmışdı, Bakıya sığınmışdı. Bizim hökumət, nə qədər yalvar-yapış eləsə də Araz Elsəsə Azərbaycan vətəndaşlığı vermədi. İranın xoşuna gəlməz deyə. Axırda Elsəs bezdi, çıxdı getdi Norveçə, ordan sığınacaq, vətəndaşlıq aldı. Bu niyə yadımda belə dəqiq qalıb soruşsanız, o vaxt əhvalat haqda yazmışdım, hətta başlıq da yadımdadır: “İki vətən və Norveç pasportu”.

Нет комментариев

Новости автора