Общественно-политическая интернет газета
FİFA reytinqində 121-ci yerdə duran milli futbol komandamız 115-ci yerdəki Estoniyanı udmaqla böyük zəfər əldə etmişdir. Güman edirik Braziliyaya daha da yaxınlaşacağıq, çünki bundan qabaq da Estoniya ilə heç-heçə edərkən milli komandamız reytinqdə yerini 3 pillə yaxşılaşdırmışdı.
Təklif edirəm biz indən belə ancaq Estoniya ilə oynayaq. Həm Avropa, həm dünya çempionatlarına seçmə mərhələsi oyunlarını yalnız eston qardaşlarımızla keçirsək hətta qısa müddətdə Avropa və dünya şampionu olmaq mümkündür. Qrupdan çıxandan sonra on altıda bir, səkkizdə bir, nə bilim, yarıfinal və final oyunlarını da Estoniya ilə keçirtməyə bizə nə mane olur? Heç zad.
Qısa riyazi hesablama göstərir ki, əgər Estoniya ilə heç-heçə hər dəfə vəziyyətimizi 3 pillə, qələbə isə 6 pillə qabağa aparsa, 10 heç-heçə (30 pillə) və 15 qələbədən (90 pillə) sonra Argentina ilə dünya liderliyini bölüşməyə yüz faiz imkanlarımız vardır.
Fürsətdən istifadə edərək baş məşqçimiz Canni de Byazi müəllimi, o cümlədən, Estoniyada yaşayan köhnə dostum, “Estonca-Azərbaycanca lüğəti”nin tərtibçisi Vidadi Məmmədovu təbrik edirəm. Hələ bizi qabaqda daha xoş günlər gözləyir. Əsas yolu-yolağanı tapmaqdır. Sonra hər şey yağ kimi gedir. Bu haqda Canni müəllimin yerli mətbuata intervülərində də açıq mesajlar var idi. Məsələn, keçən ay o söyləmişdi ki, hər şey birdən-birə olmur, ev dərhal tikilmir. Bunun üçün zamana ehtiyac vardır. Sitatın sonu.
Ümumiyətlə, hər sahədə belə zaman məfhumu öz rolunu oynayır. Bugünlərdə bizə bir deputatı nümayiş etdirdilər. Parlamentoda çıxış eləmək istəyirdi, əlində kağıza yazılmış mətn tutmuşdu, lakin oxumaqda çətinlik çəkirdi. Kədərlənməyə qəti ehtiyac yoxdur, əsas mətni yaza bilməkdir. İnşallah, bir neçə dəfə də deputat qoysalar üzündən oxumağı da öyrənəcəkdir, çünki bizim yadımıza gəlir, qabaqkı çağırışlarda mətni yaza bilməyən deputatlar olurdu. Əvvəl yazmağı, sonra oxumağı öyrənirsən, axırda hətta xalqın problemləri ilə maraqlanmağa başlayırsan! (Prinsipcə, xalqın problemi-zadı yoxdur, məsəl üçün yazdım. Allaha şükür, hər şeyimiz var).
Sonda aktual temalara da toxunaq. Amerikanın “Politico” nəşri təzəlikcə yalandan yazmışdı ki, guya Baydenin xarici işlər naziri Blinken müəllim Azərbaycan və Türkiyə Ermənistanın Zəngəzur bölgəsini işğal etməyə hazırlaşdığını söyləyibdir. Sonra dövlət departamenti (orda XİN-in adı belə gedir) həmin xəbəri yalanladı, Blinkenin adından uydurulduğunu söylədi. Bəs bu yalanı yaymaqda məqsəd nə idi? Heç zad. Azərbaycanı mənfi tonda göstərmək. Fürsət düşdükcə çirkab atmaq. Dünyada belə axmaqlar, rüşvətxorlar çoxdur. Qara yaxırlar, sonra həmin qaraya istinadən növbəti qaranı yaxırlar. Beləcə davam edir, xalqlar dava edir. Blinkenin adından uydurulan bu xəbər Ermənistanda neçə nəfəri ürək xəstəsi, panik əsəb pozuntusuna düçar edib – bunları düşünən yoxdur.
Növbəti yalan Qarabağdan Ermənistana köçənlərin sayı ilə bağlıydı. Bu haqda dəfələrlə yazılıb, ancaq ortada bir gerçəklik var: əgər 100 min adam Ermənistana köçsəydi, orda ciddi iqtisadi problemlər yaşanmalıydı. Bu qədər adamın işi-gücü, yemək-içməyi, qalmaq yeri, səhhəti, uşaqların məktəbi... Gördüyümüz kimi, ötən müddətdə bu istiqamətlərdə hansısa ciddi problem ortaya çıxmadı.
Fikrimcə, bunun əsasən 2 səbəbi var. Birincisi, o ermənilərin çoxu əslində “arsax vətəndaşı” deyildi, Rusiyadan, Ermənistandan, Livandan-filandan köçürülmələr idi. İndi də əsas ölkələrinə, yaşayış yerlərinə qayıtdılar.
İkincisi, Ermənistanda 2021-ci ilin statistikasına görə 1000-ə yaxın hotel var. Yataqxanaları da toplasaq, 100 min adamın qəfil köçünü bu müvəqqəti yaşayış, qonaqlama fondu hesabına qarşılamaq mümkün deyil. Bizim rayonlar 90-cı illərdə işğal edilərkən hökumət çadır düşərgələri qurmağa məcbur olmuşdu. İndi isə Ermənistanda belə düşərgələr yoxdur. Bəs o “köçkünlər” harda yerləşdirilir? Boş qalmış evlərdə. Azərbaycanlılara məxsus olmuş mənzillərdə. Ermənilərin özləri də Ermənistanı kütləvi tərk edirlər, xüsusilə bölgələrdə çoxlu sayda boş evlər var. Nəticədə “köçkünlər” ərazidə hər hansı sosial gərginliyə səbəb olmadı.
КомментарииОставить комментарий