Общественно-политическая интернет газета
15 iyunda Ermənistanın Laçın istiqamətində həyata keçirdiyi xain hücum mənə yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror aktını xatırlatdı. Təkcə ona görə yox ki, İran Qarabağ zəfərimizi heç cür həzm edə bilməyərək, Ermənistanın hələ qeyri-müəyyən olan sərhədlərini özünün “qırmızı xətti” saymaqda davam edir. Həm də ona görə ki, İranda bizim diplomatlarımıza qarşı terror aktı həyata keçirilmişdisə, Ermənistanla şərti sərhəddə də bayrağımızı asmaq istəyən sərhədçimiz hədəfə alındı. Hər iki güllə dövlətimizə, bayrağımıza atıldı...
Düzdür, Ermənistanla hələlik diplomatik münasibətlər mövcud deyil. Lakin Azərbaycan neçə müddətdir səbr edir, danışıqlarda əsəblərini və vaxtını xərcləyir, qarşı tərəfin islah olunacağını gözləyir, sülh müqaviləsinin imzalanacağına, diplomatik münasibətlər daxil, digər dondurulmuş münasibətlərin bərpasına ümid edir. Amma bunun qarşılığında Ermənistan istiqamətindən atəş açıldı. Özü də bu, 44 günlük müharibədən, Nikol Paşinyanın imzaladığı təslimçilik aktından sonra belə, Qazaxdan-Tovuza, Laçından Sədərəyəcən artıq adi hal almış atəşkəs pozulması deyildi, bu, Azərbaycan bayrağının qaldırılması törənində əl atılmış alçaq təxribat idi. Düzdür, hərbçimizi yaralayan snayper sıradan çıxarılıb, amma məsələ bununla bitməməlidir və bitməyəcək də! Əgər Ermənistan istəyirsə ki, Azərbaycan bayrağı Laçındakı sərhəd-nəzarət postunda, yaxud Dığ kəndi ilə üzbəüz yox, məsələn, Gorusun mərkəzində dalğalansın, onda bu, xəstə ölkənin arzularını niyə də yerinə yetirməyək?..
Heç şübhəsiz ki, burada digər maraqlı qüvvələr də var, gərginliyi tətikləyirlər. Ermənistanda Rusiya-Qərb savaşı gedir. Bu oyuncaq ölkəyə hakim olmaq istəyən Qərblə şimal qonşumuz müxtəlif adlar altında “partizan müharibəsi” aparırlar. Məsələn, ABŞ qəfildən Vedibasar bölgəsində peyda olur və deyir mən burada atalar demişkən, “xış kötüyü çıxaracağam”. (Ata-babalarımız bu haqda danışardılar. Biri digərinə sataşmaq üçün gedib ona məxsus meşəliyi qırarmış və deyərmiş ki, mənə torpağı əkmək üçün xış lazımdır, onu da burdakı ağaclardan doğrayıb hazırlayacağam.) Nə baş verdi ki, birdən-birə ABŞ okeanın o tayından gəlib Arazdəyəndə metallurgiya zavodu tikmək eşqinə düşdü? Guya Ermənistana ürəyi yanırmış, burdakı işsizlərə görə töhfə vermək istəyib?
Məsələnin ekoloji tərəfindən çox danışılıb və Azərbaycan rəsmi, qeyri-rəsmi kanallarla etirazlarını davam etdirir. Heç şübhəsiz, burada tikiləcək metallurgiya zavodu Araz çayındakı onsuz da fəlakətli olan durumu daha da ağırlaşdıracaq. Bu da olacaq ABŞ-ın Xəzər dənizinə “töhfəsi”. Azərbaycan dövləti gələcəkdə Xəzərin suyunun şirinləşdirilməsi və içməli hala gətirilməsi layihəsi barədə düşünür. ABŞ isə qəfildən ortaya çıxıb deyir ki, ay Ermənistan, sən almanlarla birlikdə Qafan mis-molobden mədənləri vasitəsilə Oxçuçayın anasını ağladıbsan, mən də gəlim əlimdən, dilimdən, belimdən gələn zəhəri qusum Araza! Bu, nə müttəfiqlik, nə dostluq, yoldaşlıq?!
Görünür
“Arazı ayırdılar,
Lil ilə doyurdular...”
bayatısına amerikasayağı dəyişiklik hazırlanır, bu dəfə lil deyil, yeni zəhərli tullantılardır...Onsuz da Ermənistan on illərdir Araza ən müxtəlif tullantılar axıdır, Iğdırdan Naxçıvana gələrkən Arazın o tayında, Qərbi Azərbaycanın Vedibasar mahalında havaya qalxan zəhərli tüstüləri müşahidə edərkən mənzərəni təxmin eləmişdim. İndi də Amerika...Özü də Naxçıvanın “qulağının dibində”.
Necə olur ki, ABŞ şirkətləri Qarabağda daşı daş üstə qoymağa maraq göstərmirlər, müxtəlif bəhanələr gətirilir, amma... Necə olur ki, ABŞ-ın Bakıdakı elçiliyindən kimsə Şuşaya getmir, amma amerikanların səsi Arazdəyəndən gəlir? Qəti şəkildə şübhə etmirəm ki, zavod məsələsi iqtisadi məsələ deyil, burada daha çox qeyri-iqtisadi motivlər var. Bir zavodla Rusiyanın Ermənistandan çıxarılması, rus şirkətlərinin küncə sıxışdırılması təbii ki, real deyil. Bu zavodun İrana qarşı cəsus şəbəkəsinin toplaşma yerinə çevriləcəyi daha çox inandırıcıdır. Amma maraqlıdır, İsrailin Zəngilanda camışçılıq ferması açmasından təşvişə düşən və yuxusu qaçan İran ABŞ-ın Ermənistandakı zavod oyununa sakit yanaşır. Bəlkə ABŞ-ın bu günlərdə İranın bəzi aktivlərinin “don”unu açmasının qarşılığıdır bu sükut? İran onda ayılacaq ki, görəcək “metallurgiya” zavodunda onun özünə qarşı hərbi əməliyyatlarda istifadə ediləcək sursatlar istehsal olunur, qoy hələ yatsın, dost-düşmənini qarışdırsın...
İrandakı səfirliyimizdəki teraktla bağlı Bakının Tehrana verdiyi notadan məmnun olan paytaxtlar – Vaşinqton başda olmaqla – normalda Azərbaycan sərhədçisinə - özü də sərhəd qapımızda dayanan vətəndaşımıza – qarşı terror törədən Ermənistana qarşı istənilən sərt addımlarımıza da normal mövqe sərgiləməlidir. Kimsə bu terror aktından sonra Azərbaycanı Laçındakı sərhəd qapısını bağlamaqda ittiham edəcəksə, o halda terrorçu Arturun yanında yer almış olacaq.
Elşad Paşasoy,
Musavat.com
КомментарииОставить комментарий