Общественно-политическая интернет газета
“Özü ədalətli olanın qazıya ehtiyacı olmaz”
(Azərbaycan ata sözü)
Hardasa yaz ayları olardı, bir qahım məni övladının xeyir işinə dəvət etmişdi. Şadlıq sarayı Əhmədli tərəflərdə yerləşirdi və ismi-şərifi “Movida Plaza” idi. Saraya yetişən kimi qahıma birinci sualım bu oldu ki, movida sözü nə deməkdir? Dedi, vallah, mən də bilmirəm, ümumiyyətlə, nəyinə lazımdır, otur, kababdan ye, araqdan iç. Məclisdəki 200 adamın heç birisi də movida sözünün mənasını bilmirdi. Ancaq oynamağa mane olmurdu.
Keçən həftə isə yenə bir dəstə tanış dəniz qırağına dəvət eləmişdi. Dedilər “Sea Briz”ə çatmamış “Sea life” var, onun yanından sola dönərsən, gəlib “Barbados”a çatarsan, orada “Amor”da düş, get “Diana”ya tərəf... Və sairə.
Mənzərə aydındır eləmi? Biz hansı ölkədə yaşayırıq, bəzən bunu anlamaq çətin olur. Bilmirsən Karib adalarıdır, Monte Karlo-dur, yoxsa İtaliyadır. Lap tutaq ki, mən getdim internetdən zülümlə tapıb “movida”nın ispan dilində “gecə əyləncəsi, qaranlıqda dingildəşmə” mənasında nəsə bir söz olduğunu öyrəndim. Rəhmətliyin uşağı, bunun adını ana dilində qoyanda nə olur? Bəyəm Madriddə, Barselonda, Malyorkada “Tərəkəmə” adında gecə klubu, toyxana-filan vardır? (indi kimsə tapıb Valensiyadakı “Su sonası” sarayının linkini bura ata, bizi biabır eləyə).
Yenə şəhərin mərkəzində, haradasa turistik məkanlarda əcnəbi dildə obyekt adı qoyulmasını bəlkə başa düşmək olar. Ancaq Əhmədlinin dar dalanındakı “Movida” şadlıq sarayında indiyəcən neçə ispan turisti görmüsünüz?
Təbii, oxucular oxu hara atdığımı anlamışdır. Bugünlərdə yenə mədəniyyət və incəsənətə böyük ictimai maraq yaranmışdır. Məsələn, bir həftə karikatura sənətini müzakirə elədik. Sən demə, ölkədə nə qədər rəssamlığı sevən, bu istiqamətdə dərin təhlillər aparmağa qadir insanlarımız varmış... Heyrətamizdir. Məndə olan məlumata görə, Elm və Təhsil Nazirliyi sentyabr ayından orta məktəblərdə rəsm dərsindən əlavə karikatura dərsləri də açmağı planlaşdırır. Xalqımızın yeni Oskar Şmerlinqlərə, Əzim Əzimzadələrə, Rəşid Şeriflərə ehtiyacı vardır.
Ondan da sonra bir rusdilli yazıçı sayılan yoldaş gündəmə gəldi. Adam nəyəsə görə acıq eləyib, deyir çıxıb gedəcəyəm xaricə. Xalq ikiyə bölünüb. Yarısı deyir çıx get, yarısı deyir getmə, amandır. Mən siyasətə qarışmıram, ona görə heç bir tərəfin mövqeyini bölüşmürəm. Sadəcə, yazıçı sayılan yoldaşı ana dilini - Azərbaycan dilini bilməməkdə suçlayanlar şəxsən mənə səmimi gəlmir.
Birincisi, hansı ana dilindən danışırıq? Şəxsən mən “Azərbaycan dili” ifadəsini qəbul etmirəm, türk dili var, ancaq bizim qanunlarda bu dil dövlət dili olaraq göstərilmir.
İkincisi, hamınız uşağı rus sektoruna qoyursunuz, sonra Çingiz müəllim “ruskoyazıçnı” olur, eləmi? Bu nə pəhrizdir, o nə alça turşusu?
Üçüncünü də yuxarıda, əvvəldə yazdım. Ana dilinə hörmət bəsləyən xalq toyxanasını “Movida” adlandırmaz. Movuldamaq bizim dildə ayrı şeyə deyilir, əgər bilməyən varsa kənd adamlarından soruşsun.
Müdriklərin, bəşəriyyətin min illər boyu ortaya çıxartdığı bir qızıl qayda var, hamı ona əməl eləsə, gül kimi yaşayarıq: “Özünə rəva bilmədiyini, başqalarına rəva bilmə”. Mən bundan mükəmməl düstur tanımıram. Dini ehkam kimi məbədlərdə, elmi kəşf kimi məktəblərdə öyrədiləsi kəlamdır. Biz özümüz özümüzə hörmət qoymuruqsa, Çinqız muallim niyə qoymalıdır? Onun buna borcu yoxdur. Temboli.
Mojet bıt var, bilmirəm. Yuxarıda yazdım - hamısı siyasi oyunlardır...
КомментарииОставить комментарий