Общественно-политическая интернет газета
Yola saldığımız həftənin ən mühüm hadisəsi ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik oldu. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O'Brayenin “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatına, 907-ci düşəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi O'Brayenin çıxışının tezislərini “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” kimi qiymətləndirib və yüksək səviyyəli Amerika nümayəndələrinin Bakıya səfərlərinə moratorium elan etdi. Vaşinqton-Bakı münasibətləri bunadək də heç də hamar olmayıb, amma 44 günlük müharibədən sonra ilk dəfədir ki, bu səviyyədə gərginləşdi.
Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini Ceyms O’Brayenin fəallığı təkcə tutduğu posta görə deyil, bundan əvvəl də o, ABŞ-ın məhz sanksiyalar siyasəti üzrə koordinatoru olub. ABŞ Senatı onu bu ilin oktyabrında dövlət katibinin köməkçisi vəzifəsinə təsdiqləyib.
2015-2017-ci illərdə (Barak Obamanın administrasiyası dövründə) O’Brayen ABŞ prezidentinin xaricdəki amerikalı girovların azad edilməsi üzrə xüsusi nümayəndəsi işləyib.
1989-2001-ci illərdə isə əvvəl ABŞ dövlət katibi Madlen Olbraytın baş məsləhətçisi, sonra ABŞ Dövlət Departamentinin siyasət planlaşdırma departamentinin rəis müavini və Amerika prezidentinin Balkanlar üzrə xüsusi nümayəndəsi də olub.
Avropa və Avrasiya Bürosu ABŞ-ın Avropa, Türkiyə, Qafqaz regionu və Rusiya üzrə siyasi məsələləri koordinasiya edir. Avropa və Avrasiya Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hak ötən ay regiona səfəri çərçivəsində Bakıda da olub və Prezident Əliyevlə də görüşüb.
Prezident Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə edib. Belə görünür ki, məhz Coşua Hakın bölgəyə səfərindən sonra ABŞ Dövlət Departamenti Azərbaycana münasibətdə sərt xətt tutmaq qərarı verib.
Vaşinqtonun Azərbaycana münasibətdə tutduğu yanlış və qərəzli mövqe ilə paralel Ermənistanın başının sığallanması, yardımlarla bağlı qərarların verilməsi əslində bu prosesin nəyə hesablandığını ortaya qoyur. ABŞ-ın tutduğu mövqeyə görə guya Azərbaycan sülh istəmir, üstəlik Ermənistanın suverenliyini təhdid edir.
Amma əslində, proses tam əksinədir, Azərbaycan sülh üçün iki ildən artıqdır apardığı ardıcıl fəaliyyətə rəğmən İrəvan hər cür bəhanə ilə bu sənədin imzalanmasından yayınır. Belə rəy yaranır ki, Amerika və onun Avropadakı satelleti olan Fransa Azərbaycanı təzyiq altında saxlamaq üçün Ermənistanın sülh sənədi imzalamamağa təşviq edir. Fransa silahlandırır, Amerika isə onu bu cür anti-Azərbaycan qərərarları ilə ürəkləndir.
Burda da təəccüblü heç nə yoxdur, İrəvan indi Qafqazda Qərbin “ikinci Ukrayna”sı roluna həvəslənib.
Hərdən adam düşünür ki, ABŞ-ın strategiyası yanlış siyasət üzərində qurulur ki, sonradan onu düzəltmək üçün cəhdlər etsin. İkinci Dünya müharibəsindən sonra ABŞ dünya hegemonluğu kursunu yeritməyə çalışsa da, Sovet İttifaqı buna mane oldu. Sonra ABŞ strategiyasını dəyişdi, SSRİ-nin müttəfiqlərini və dost ölkələrini sıradan çıxarmağa başladı. ABŞ prezidenti Truman bunu hələ 1947-ci ildə öz doktrinasında açıqlamışdı. ABŞ-ın əsas tarixi uğuru SSRİ-ni və Varşava Müqaviləsi adlı hərbi ittifaqı dağıtması oldu. İndi demək olar ki, bütün Varşava Müqaviləsi ölkələri NATO-ya qoşulub. Hətta keçmiş SSRİ respublikalarından da NATO blokuna olanlar var. Amma strategiyada ciddi yanlış hesablamalar da dərhal özünü göstərdi. Məsələn, 1982-ci ildən Çin Amerika ilə yaxınlaşma kursunu müəyyənləşdirdi. ABŞ və bəzi başqa ölkələrdən yüksək texnologiyalar, investisiyalar alan Çin dünyanın superdövləti səviyyəsinə yüksəldi. Üstəlik Çin nəinki Rusiyanın düşməni, əksinə, dost və müttəfiqi oldu. ABŞ-la isə adına “rəqabət” desələr də, əslində qarşıdurmadadır.
Birləşmiş Ştatlar Asiya və Afrikaya diktə etmək istəyərkən, yenə yanlış strateji nəticəsində təkcə İran, Suriya, Şimali Koreyayaya deyil, qitədəki qonşuları Venesuela, Kuba və Nikaraquaya tamamilə nəzarət əldən verib. ABŞ-ın Ukraynanı Rusiyaya qarşı müharibəyə sürükləməklə də ciddi strateteji yanlış etdiyini deyəsən, indi anlamağa başlayıb, ordan hərbi qoşunları olmasa da, Əfqanıstandakı kimi qaçmağa yollar axtarır. ABŞ strateqlərinin əsas səhv hesablamasıdır ki, indi ölkə daxildən də qlobal böhranla üz-üzədir.
Baydenin günün yarısının anlaqsız olmasından yararlanan strateqlər Bakının üzərinə getməklə də bir neçə hədəf güdürlər. Rəsmi Bakı “3+2” platformasını-Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranı regional təhlükəsizlik üçün prioritet elan edib. Bu isə Vaşinqtonun planlarına uyğun deyil. Çünki İran və Rusiya ABŞ-ın regionda düşmənləri, Türkiyə isə rəqibidir. Ermənistanın isə heç bir potensialı və regionda xüsusi dəyəri yoxdur. Azərbaycanın Ermənistan istisna olmaqla bu ölkələrlə qarşıdurmaya cəlb etmək cəhdləri əbəsdir və bunu ABŞ yaxşı başa düşür.
Qarabağda separatizmin kökünü kəsən və suveren ərazisini tam bərpa edən( Qazaxın 7 kəndi və Kərkinin hələ də işğalda qaldığını unutmamaq şərti ilə) Azərbaycana “erməni kartı” üzərindən təzyiq etmək indi əvvəlki kimi asan deyil.
Minsk Qrupu sıradan çıxıb, ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi formal postdur. Rusiyanın son olaraq Qarabağda anti-Azərbaycan xəttindən tam imtinası da Vaşinqtonu ciddi narahat edib. Hələ bir neçə ay əvvəl Makron açıq demişdi ki, Azərbaycanla Rusiya bölgədə bir-birinə yaxın siyasət aparır. Bu səbəbdən Konqresin komitəsində “Qarabağın gələcəyi” haqda mənasız müzakirələr açmaq, hansısa maliyyə qadağalarını gündəmə gətirmək zərurəti yaranır. ABŞ hələ də elə zənn edir ki, güclü Azərbaycan olmadan Cənubi Qafqaz siyasətində hansısa uğur əldə bilər.
Gürcüstanı böyük ölçüdə ABŞ-ın “statı” olmaq funksiyasını itirib, indi Tiflisdə ofis qurub oturmaq və ümumi Qafqazda siyasəti müəyyən etmək qeyri-mümkündür. Azərbaycan da müstəqil siyasət tərəfdarıdır və ABŞ-ın özünü “patron”u kimi yox, tərəfdaşı kimi qəbul edərək əlaqələrin inkişafını istəyir.
Ermənistan da məlum, 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra özünə gəlməyə çalışır, amma bunun yolunu hər iki tərəf yanlış seçiblər. ABŞ belə hesab edir ki, Ermənistanı gücləndirmək üçün onu Rusiya ilə qarşıdurma həddinə gətirmək və Azərbaycanla sülh prosesini əngəlləməklə mümkün ola bilər. ABŞ “zəif bənd” oyununun qaydasını Qafqazda tətbiq etmək istəyir. Görünür, Bakı-Vaşinqton yolunda atışma “3+2” inkişaf platformasına da təsir edib. Hər halda, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, “bunun fonunda rəsmi Bakı “3+2” formatının (Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İran) regionun təhlükəsizliyi üçün prioritet olduğunu təsdiqləyir və bu səylərə xələl gətirən hər hansı şərh yersizdir. Amerika Azərbaycanı, eləcə də Rusiya və Türkiyəni regionda zəiflətmək üçün Fransa kimi Avropa İttifaqını da, onun müvafiq qurumlarını da güclü bəndlərə qarşı “birləşdirmək”istəyir. Avropa İttifaqı dünənədək sülh danışıqlarında qismən obyektiv moderator rolunu oynaya bilirdisə, ABŞ-ın ağlına uyandan sonra bu missiyasını ciddi şəkildə zədələliyb. Şübhə yoxdur ki, Amerika və Avropa Azərbaycanı Rusiya ilə yaxınlığına görə də cəzalandırmaq istəyir.
Amerika əvvəlki ucalıqdan çoxdan yıxıldığı reallığını qəbullana bilmir. Amma fakt odur ki, dünya təkcə ABŞ-dan deyil, hətta 5-dən də böyükdür. İndi 1945-ci ilin avqustu deyil ki, Yaponiyaya atom bombası atasan. Ya hamıyla dil tapmağa çalışmalısan, ya da özünə aid olmayan işlərə burnunu soxmamalısan. ABŞ-ın Qarabağda nə işi var axı? İndi belə güclü, sözükeçəndirsə, Yaxın Şərqdə ən yaxın müttəfiqi İsrailin cəlb olunduğu müharibəni dayandırsın. ABŞ Azərbaycana münasibətdə yanlışını əlbəttə, anlayacaq. Ümid edək ki, o zaman Vaşinqton üçün o qədər də gec olmayacaq...
КомментарииОставить комментарий