Общественно-политическая интернет газета
Ola bilər hökumətimiz Fransanın hansısa bizə məlum olmayan azərbaycanlını türməyə salmasından narahatdır və dəyiş-düyüş üçün fond yaradır, ancaq hər halda, Bakı metrosunun vaqonunu rəngləməyə görə bir fransıza 3 il həbs cəzası kəsilməsi sanki ağır oldu.
Əlbəttə, bizdə ədalət məhkəməsi müstəqildir, “ən humanist məhkəmə də bizimkidir” (bunu sovet vaxtından bilirik), o cümlədən mən siyasətə qarışmıram, ümidvaram əlaqədar orqanlar nəzərə alar.
Burada zəruri qeyd: “qraffiti” adıyla şəhərdə divarları, obyektləri cürbəcür qara-qura, cızmaqara, ilan-qurbağa hərflərlə “bəzəyənlərə” şəxsən mən də nifrət edirəm. Onların küçəyə zibil atan əxlaqsızlardan heç fərqi yoxdur. Guya Benksi-zad olublar başımıza... Barı adam kimi rəsm çəksələr. Buna heç kəsin etirazı yoxdur.
Üstəlik, oradan-buradan çatan xəbərlərə görə fransız və onun digər cinayət ortaqları olan yeni zelandiyalı və avstraliyalı (ölkəmizə qarşı əsl ittifaq, şər oxu qurubmuşlar) metro idarəsinə vurduqları 11 min 755 manat zərəri axırıncı 5 manata qədər ödəyiblər. Bəs necə olur ki, zelandiyalı və avstraliyalı azadlığa buraxılıb, fransız türmədə qalıb? Yoxsa bu daha güclü rəssamdır - vaqona rəngi çox çəkibdir? Mən yuxarıda yazdığım mübadilə versiyasına əsaslanıram. Fransada əziyyət çəkən həmyerlilərimiz çoxdur. Bəzilərini hətta internetdə danışdırırlar. Dəyişdirə bilərik.
Əhvalatın miqyası da məni bir az düşündürdü. Bakı metrosuna ziyan vuran bir müdir vardı. Metronu tunellərdə dolaşan siçovullar kimi sökmüşdü. Sonra MTN generalları da buna çökmüşdü, 3 milyon dollarını əlindən almışdı. Maraqlıdır, metrodan milyonlar oğurlayan o tipə heç 3 sutka həbs cəzası verilmədi, indi 1 vaqona qraffiti çəkən axmaq fransıza 3 il həbs kəsilir.
Qabaqlar “Parisin sirləri” adında bir kino var idi, indi bu cinayət işinin də sirləri çoxdur. Yəqin fransız rejissorları haçansa bu əhvalat əsasında “Nərimanov-Depo arasında sirlər” adlı film çəkər.
İşin sənət dəyəri isə özlüyündə vardır. Elə başabəla fransız “rəssamın” soyadı nəyə desən deyər: Hüqo! (Fransız məhkumumuzun tam adı Teo Klerk Hüqo-dur. Teo - qədim yunanca Tanrı, Allah deməkdir, klerk isə bir çox çağdaş dildə xidmətçi, qulluqçu mənası verir. Yəni, Teo Klerk bizim dildə təxminən Allahqulu deməkdir. Allahqulu Hüqo. Gözəl səslənir). Bəlkə də o, ünlü yazıçının kötücəsi, yadıcası-filandır. Mən uşaq vaxtı Viktor Hüqonun “Səfillər”ini oxuyanda Parisin yeraltı dünyası haqda - Hüqo oranı “kloaka” adlandırırdı - uzun təsvirlərdən bezmişdim. Romanın az qala yarısı kanalizasiyadan bəhs edirdi. Bunun qisası alınmalıydı. Hakimlərimizə minnətdarıq. Hüqonun varisinin Bakı kloakasından əsər yazmağa 3 il vaxtı olacaqdır!
Yaxud bizim türmələrdə xarici dustaqları cinayətlərin xarakterinə görə təsnifləşdirsək, belə çıxacaq ki, iranlılar narkotik alverinə, ermənilər terrora, əfqanlar sərhəd pozuculuğuna görə tutulub, fransız isə qanunsuz rəssamlıq üstündə. Mükəmməldir. Fransa dünya rəssamlığının beşiklərindən biridir. Bu, özünü hər yerdə göstərir. Bəlkə bu Teo Klerk də vaxt gələcək, Matiss, Mone, Renuar, Sezann, Enqr, Delakrua-filan kimi ünlü olacaqdır. Məncə, biz o vaqonu hər ehtimal saxlayaq, gələcəkdə baha qiymətə satarıq. Bulvarda muzeyini də aça bilərik.
Ancaq vaqona ehtiyacımız hazırda da çoxdur. İttihamdan bir cümlə: “Onların hərəkəti nəticəsində metropolitenə maddi ziyan dəyib, qatarı xətdən çıxarmaq məcburiyyətində qalıblar və nəticədə metronun hərəkət qrafikində problem yaranıb, sıxlıq olub”. Sitatın sonu.
Artıq cəzanın sərtliyinin səbəbi mənə bir az aydın oldu. Metroda basabası bunlar eləyiblər. Ax-ax... Nə qədər yaramazdırlar. Dünən özümü “28 May”da vaqona güclə təpəndə lap fransızca söymək istədim.
Ancaq əlbəttə, mədəni insanlarıq, heç öz dilimizdə də söyüş bilmirik.
КомментарииОставить комментарий