Общественно-политическая интернет газета
İndi aşağıda oxuyacağınız əhvalat həmkəndlim Şahvələdin əsgərlik xatirələrindən biridir.
Şahvələd haqqında əvvəllər yazmışam, sovet vaxtı Baykonura, Kərim Kərimovun ünvanına məktub göndərən, “Yerdə mənə iş yoxdur, imkan varsa, məni kosmonovtlarla kosmosa göndərin” yazan və iş problemini həll edən adamdır.
Onun tragikomik əsgərlik xatirəsi belədir: Sibir tərəflərdə hərbi xidmətdə olarkən, onların batalyonunda hər millətdən əsgər varmış, azərbaycanlılar da az deyilmiş. Ancaq bizim “zemlyak”lardan biri, necə deyərlər, millətin adını batırırmış, kütləvi davalardan yayınırmış, başqa millətlərdən olan şəxslərə yalakalıq edirmiş, bir də hissə rəhbərliyinə söz aparıb-gətirirmiş.
Hərbi hissəsinin azərbaycanlılardan ibarət olan fraksiyasının rəhbərliyi həmin əsgərə bir dəfə xəbərdarlıq edirlər, ikinci dəfə yüngülvari şillələyirlər, əmələ gəlmir, o, xasiyyətinə uyğun şəkildə “xidmət”inə davam edir. Bir gün “millət rəisləri” əsgəri cəzalandırmaq məqsədi ilə tutur, yerə yıxır, əl-qolunu sarıyırlar. Əvvəlcə istəyirlər onun alnına SUKA kəlməsi həkk eləsinlər, sonra milli hisslər, ana dili sevgisi güc gəlir və əsgərin alnına əvvəlcə G, sonra Ö, daha sonra isə başqa bir kar səsli samit döyürlər. İş tamama yetəndən sonra onu buraxırlar, amma onun alnındakı tatuaj, alın yazısı silinmir. Necə silinsin, mürəkkəbi kor iynə ilə dəri altına yeridiblər, silinərmi?
Şahvələdin sözlərinə görə, bu qədər silinməz təhqirdən sonra əsgər intihara cəhd edir. Onu ipdən alırlar. Şikayət. Təhqiqat. Cəza. Sonra o alnıyazılı əsgərin hərbi hissəsini dəyişirlər və sonrakı taleyindən xəbər çıxmır.
Kəndçimiz bu əhvalatı əsgərlikdəki qəddarlıq və özbaşınalıqlardan söhbət düşərkən danışmışdı. Söhbətə qulaq asanlardan biri dedi ki, əslində həmin əsgər sonradan yandırma üsulu ilə alnındakı yazını pozdura bilər, düzdür, bir az canı ağrıyacaq, amma ta başqa variant yoxdur. Dostlardan biri də dedi ki, qalıb Rusiyada yaşasa, problem olmazdı, papağını başına basıb işini görərdi, o yazını görən başqa millətlər nə biləcəkdilər ki, o üç hərfli sözün mənası nədir.
Bu günlərdə məktəbli qızın özündən iki yaş balaca qızın alnına flomasterlə pis söz yazmasını görəndə yadıma o hadisə düşdü.
Qızın saçının kəsilməsi, başına yumurta vurulması bir başqa qada-bəladır, alnına o cür sözün yazılması isə artıq zurnanın zırt elədiyi yerdir.
Bax, görürüsünüz, o söz ədəbiyyatımızda, Vahidin şeirlərində var, ötən əsrin yazıçılarının, o cümlədən, yazıçı Anarın əsərində (məsələn, “Təhminə” filmində) də işlənir, amma mən onu burada yaza bilmirəm, ataman qız isə onu fağır həmcinsinin alınına yazır. Hələ şükür edək ki, flomasterlə yazılan sözü pozmaq olur, yerə yıxıb döymə də etdirə bilərdi.
Bir damcı uşaq olasan, bu qədər məsuliyyətsiz və qəddar olasan. Mat qalmalı işdir.
Əslində o firon qız bilsəydi ki, sabah o fağır qızın qardaşı, ya atası bu işin dalınca məktəbə gələcək, qələt edər, o işi görməzdi. Hətta məsuliyyətsizlik edib görsəydi, qızın yiyəsi gəlib onu saçından alıb məktəbin həyətində sürüyəndə heç kim harayçılıq etməzdi.
Anadolu türkləri belə məqamlarda gözəl bir söz işlədirlər, zorbalıq edənə deyirlər: “Dağ başıdırmı burası?”
Bu sözü o qıza deyən olmayıb.
Bəziləri deyir ki, məktəblərdə belə şeylər guya köhnə vaxtlarda da olurmuş. Elə şey yoxdur. Bir-birinə atmaca atmaq, ələ salmaq, səhvlərinə gülmək (kütləvi hırıldaşmaq) heç, onlar olan şeylərdir. Amma kiminsə qızının alnına o cür söz yazmaq hadisəsi olsa, şübhəsiz ki, həmin kənd-kəsəkdə qırğın düşərdi, ölüm hadisəsi baş verərdi, kimlərsə xəstəxanaya, kimlərsə türməyə aparılardı. Yiyəsiz qız var?
Hətta bir oğlan şagird iki gün ard-arda pis münasibətə məruz qalardısa, ertəsi gün onun dəlibaş qohumlarından biri mütləq dərs çıxışında özünü qoçu kimi aparan gədələri qapazlayıb it gününə qoyar, ömürlük dərs verərdi. Qoldan güclü, başdan qıvraq şagirdlər biz oxuyan dövrdə də vardı, amma onlar anlayırdılar ki, ən fağır şagirdə qarşı əndazəni aşan hərəkət etsələr, cəzasız qalmazlar. Bunu hər kəs bilirdi.
Fağır qızı incidən qız isə elə güman edib ki, ona bir söz deyən olmayacaq. İndi yaxşı oldumu? Artıq bütün ölkə ona söz deyir.
Belə görünür ki, nadan, cahil, quduz, ləçər, dəlibaş, gönüqalın, əclaf, murdar adamlarla bir ölkədə yaşamaq və onların yol verdiyi qəbih-qəbih hərəkətlərə təəssüflənmək də bizim alın yazımızdır. Özü də bu alın yazısı nə nəm salfet kağızı ilə silməklə pozulur, nə də yandırmaqla yoxa çıxır.
КомментарииОставить комментарий