Общественно-политическая интернет газета
Yeni dərs ili başlandı, bütün oxucularımızı bu əziz gün münasibətilə təbrik edirəm. Neçə dəfə yazmışam, yenə ərinmirəm: mənim üçün istənilən, uçuq-sökük, hətta ən pis dərs keçilən məktəb belə bütün başqa ictimai binalardan, obyektlərdən əzizdir. Bunu gəlişigözəl ifadə, pafos üçün yazmıram. Əlində gül-çiçək məktəbə gedən “birinciləri” görəndə özümdən asılı deyil, gözlərim dolur. Məktəb qapısı mənim sentimentallığımın pik nöqtələrindən biridir. Səbəblərini hələ heç özüm də dəqiq bilmirəm, anlayanda yazaram.
Ona görə də bugünkü yazımı elə məktəbə həsr etmək fikrindəyəm. Daha dəqiqi, Qafqazinfo.az saytında Nərminə Vəliyevanın “Sevindik və Qızbəs haqda” yazısını oxuyaraq bu qərara gəldim. Yazı əslində məktəbdən çox gender bərabərsizliyi problemlərimizə həsr olunub və içində bir neçə olduqca dəqiq cümlələr vardı. Məsələn: “Uşaq doğulanda oğlana Sevindik, qıza Qızbəs, Kifayət, Bəsti, Yetər qoyulan cəmiyyətlərdə qadın həmişə döyüləcək. Həm də adı yadına salınaraq...”
Buraya mən Bəyəndik oğlan adını da əlavə edərdim. Başa düşən olsa, ağlamalı adlardır.
Yaxud bu cümlə az qala aforizmdir, məsəldir: “Bizdə ərə getməyən evdə qalmır, ərə gedən evdə qalır”. (Müəllif bunu hansısa şərhlərdə oxuduğunu yazır. Müəllif kimdirsə bilmirəm, amma əlindən öpürəm. O qədər dəqiq yazıb ki... Azərbaycanın minlərlə qadınının kölə vəziyyətini göstərir).
Ancaq yazının içində verilən bir skrinşot vəziyyətimizin daha tragik olduğunu isbat edir. Bu, “Azərbaycan müəllimi”: 90 ilin izi" adlı kitabdan səhifənin fotosu idi.
Burada azca qırağa çıxaraq “Azərbaycan müəllimi” qəzetini hələ uşaqlıqdan çox gördüyümü yazım. Müəllim ailəsində böyümüşəm, evimizdə həmişə bu qəzetin uzun səhifələrinə rast gəlinirdi. Hərçənd həmin palaz boyda kağızlarda nəsə təsirli, yaddaqalan şey oxuduğumu xatırlamıram. Yenə də girişdəki söhbətimə istinad eləsəm, müəllimlər temasında qəzetin də ən pisi başqa qəzetlərdən yaxşıdır gözümdə.
Uzun sözün qısası, sən demə, bu il sentyabrın 2-də həmin qəzetin 90 illik yubileyi imiş (təbrik edirəm, səmimi qəlbdən). Bu münasibətlə redaksiya 90 il ərzində çıxan qəzetlərdən 220 məqalə və 35 fotonu seçib, belə toplu, kitab hazırlamışdır. Bunu mən artıq qəzetin rəsmi muallim.edu.az saytından öyrəndim. Sitat: “Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun elmi redaktoru, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin layihə rəhbəri olduğu kitabın müəllif-tərtibçiləri qəzetin əməkdaşları Oruc Mustafayev və Çingiz Səfərlidir”. Sitatın sonu. Niyə nazirliyin mövzunun içində olmasını vurğuladım, özünüz görəcəksiniz.
Nəhayət, gələk həmin skrinşotdakı mətnə: “- Əvvəla, qızlar qız kimi doğulduqları üçün qadın, oğlanlar isə oğlan kimi doğulduqlarından kişi kimi böyüdülməlidir. Qadın və kişi tamdır, bütövdür. Lakin tərbiyə fərqli olmalıdır. Qadın daha çox ağıllı, əxlaqlı, zərif və əlbəttə ki, gözəl olmalıdır. Həm də diplomatik olmalıdır, ərini ruhlandırmağı, həssas, ailə ocağını qoruyub saxlamağı bacaran olmalıdır. Hazırda qadının qarşısında bu öhdəliklər durur. Buna əlavə olaraq həm də ictimai fəaliyyət də var. Kişi isə ailəni saxlayır, onu təmin edir. O, ümid yeridir, dayaqdır, gücdür. O, həm də ailədə qismən də olsa hökmrandır. Həm də xeyirxah hakim rolunu oynayır. Oğlanlar - gələcəyin kişiləri vətənə, ailəyə sədaqət ruhunda tərbiyə olunmalı, onlar öz ailəsini, uşaqları, namusunu qoruyub saxlamağı bacarmalı, fədakarlığa hazır olmalıdır”.
Görəsən, bizim hörmətli Elm və Təhsil Nazirliyi öz patronajlığı altında belə mağara təfəkkürlü, arxaik mətnlərin kitablara salınmasına necə şərait yaradıb? Axı bu cümlələr hazırda Əfqanıstanda hökmran olan Taliban rejiminin bəyannaməsinə bənzəyir. Çoxdan belə düşük, səviyyəsiz, iyrənc mətn oxumamışdım. Elə bil mağaradan çıxıb mamont ovlamağa hazırlaşırıq. Bunu deyən, yazan axmağın (oxuculardan üzr istəyirəm) “məntiqinə” görə oğlanlar qızlardan daha ağılsız və əxlaqsız, lap istəsən çirkin eşşək kimi böyüdülsə yeri vardır. Qadın mütləq ərini ruhlandırmalıdır. Tərsi mümkün deyil. Soruşan yoxdur ki, niyə axı, balam? Namusu, ailəni də yalnız kişi qorumalıymış, zənənlər isə ailə ocağını sönməyə qoymasalar bəsdir.
Ümumiyyətlə, “oğlan və qızlar fərqli tərbiyə olunmalıdır” yazanlar nəyə səsləyir? Qız ayrı, oğlan ayrı oxumalıdırmı? Bunu nəzərdə tutursunuz? Açıq yazın. ETN də mövqeyini bildirsin.
Bax, “ailə ocağını qorumaq” elə o qədimlikdən doğan cümlədir. Qeyd etdim axı, müəlliflər mağaradan təzə çıxıblar.
Ya da heç çıxmayıblar.
КомментарииОставить комментарий