Общественно-политическая интернет газета
Azərbaycan Respublikası Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının sülh prosesinə sadiq olduğunu Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında çox dəqiq şəkildə ifadə edib. Dövlət rəsmisi bildirib ki, “Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən məhz Azərbaycan Respublikasıdır”.
Bəli, buna şəkk edən öz varlığına şübhə edir. Həm Qarabağın işğalda olduğu illərdə aparılan danışıqlar, həm 44 günlük müharibəsən sonrakı sülh prosesi Ermənistanın ancaq sülhü tormozlayan funksiyasını yerinə yetirdiyini dəfələrlə təsdiqləyib. Hər danışıqlardan öncə atılan atəşlər də bunun isbatıdır. Sonuncu halda, Münxen danışıqlarından az öncə Zəngilan istiqamətində snayper tətiyi çəkdi, özü də “Yerkrapa” terror təşkilatı tərəfindən, ardınca da Berlin görüşünə bir neçə saat qalmış Laçın tərəfdə, hələ dəqiqləşdirilməmiş şərti sərhəddən ayağını azca o tərəfə qoymuş Azərbaycan hərbçisinə operativ şəkildə 5 maddəlik ittiham elən etməklə necə “sülhə təşnə” olduqlarını ortaya qoydular...
Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev dəfələrlə ölkəmizin sülh tərəfdarı olduğunu bəyan edib, mövqeyini əməli addımlarla sübuta yetirib. Hələ torpaqlarımız işğal altında olduğu illərdə Azərbaycan müharibədən yayınmaqdan ötrü əlindən gələni etdi, bu savaşın baş verməməsi üçün saysız-hesabsız görüşlərə qatıldı, amma Ermənistan və onun havadarları “daşı ətəyindən” tökməyərək prosesləri müharibəyə daşıdılar. Nəticə bəllidir. Azərbaycan qalibdir, amma qalib olduğu halda da təkəbbürlü davranmır, münasibətlərin normallaşması, əbədi sülhün bərqərar olması üçün xoş məram nümayiş etdirir. Elə sonuncu görüşlər, əvvəlcə Münxendə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi, daha sonra onların tapşırığı ilə xarici siyasət idarələrinin görüşünə qərar verilməsi məhz qalib Azərbaycanın sülh marağından irəli gəlirdi. Əks təqdirdə, Nikol Paşinyanın təkcə 2024-cü ilin iki ayında ortaya atdığı bəhanələr, vəziyyətin gərginləşməsinə yönəlik cəhdlər iki tərəf arasındakı böyük fərqi nümayiş etdirir.
Prezidentin köməkçisi Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib ki, Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Tamailə məntiqli və ədalətli yanaşmadır.
Əgər Ermənistanın müstəqillik bəyannaməsində, konstitusiyasında, gerbində Türkiyə, Azərbaycana (Gürcüstana qarşı iddiaları bir kənara qoyaq) qarşı ərazi iddiaları varsa, o halda sülh müqaviləsinin imzalanması nəyi dəyişəcək? Təbii ki, heç nəyi. Ermənistan parlamenti hətta özünün xeyrinə olan Sürix protokollarını vaxtilə ratifikasiya etmədi, həm havadarlarının diktəsi ilə, həm də qanunvericiliyin Türkiyə və Azərbaycana kin qusması səbəbindən. Deyək ki, Paşinyan özündə iradə tapıb, sülhə imza atdı, səhəri gün bu sazişin “Ermənistan konstitusiyasına zidd olduğu qanunla izah olunacaq”. Elə isə kimi aldatmaq istəyirlər?
Antalyada keçirilən diplomatik forumun sessiyasında çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasının məzmununun aydınlaşdırılmasını gözləməsi barədə bəyanatına guya cavab verib. Bildirib ki, Azərbaycanın Ermənistan Konstitusiyasının sülh müqaviləsinin imzalanmasına mane olması ilə bağlı iddiaları iki ölkə liderlərinin ən azı ilkin səviyyədə razılaşdığı prinsiplərlə təkzib olunur. Arqumentin absurdluğuna baxın:
“Ermənistanın Konstitusiyası və hüquqi bazası bizim daxili işimizdir. Bunun sülhə nail olmaq üçün gedən proseslərlə heç bir əlaqəsi yoxdur. Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və bu, hətta Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin birgə bəyanatlarında dəfələrlə qeyd olunub”.
Ermənistan Konstitusiyasında Türkyənin 6 vilayətinə iddianı özündə ehtiva edən bəndlər var. Ölkənin əsas qanununda Azərbaycanın Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilir. Ermənistan SSR Ali Sovetinin Qarabağın birləşdirilməsi barədə mücərrəd qərarları ləğv edilməyib. Həmçinin gerbində Ağrı dağının əksi. Belə olan halda necə demək olar ki, “Ermənistanın Konstitusiyası və hüquqi bazası bizim daxili işimizdir?”
Qonşu dövlətlərə, xarici ölkələrə iddia irəli sürən ana qanun necə daxili sayıla bilər?! Yaxud sülhə gedən yolda mina olan ərazi iddialarının əksini tapdığı konstitiusiyanı “aydan arı, sudan duru” saymaq hansı ağlın məhsuludur? Necə yəni bunun “sülhə nail olmaq üçün gedən proseslərlə heç bir əlaqəsi yoxdur?” Bunlar nə yeyib, nə içirlər? Hələ utanmaz-utanmaz Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını söyləyirlər. Sərhədləri açmaqda məqsəd nədir? Sülh? Qəti şəkildə! Qanunvericiliyində ərazisinə iddiası əks olunan ölkədən gözlənilən xeyir olmaz olsun. Məntiq onu deyir ki, Ermənistanın Türkiyə ilə sərhəd buraxılış məntəqlərindən biri Marqara qapısını tez-tələsik təmir edib, Ankaradan müsbət cavab gözləməsi yalnız və yalnız məkrli məqsədə xidmət edir. Rusiya ilə münasibətləri pozulan, üstəlik Qərb canişinlərini, “mülki müşahidə” adı altında hərbçilərini, cəsuslarını ərazisinə toplayan Ermənistan İranla əlaqələrini də sual altına qoymuş olub və yeganə “nəfəsliy”inin – Mehri boğazının bağlanması təhlükəsi ilə üz-üzə qalıb. Bu məqamda ona yeni nəfəslik lazımdır, Türkiyə istiqamətindən Avropaya çıxış əldə etməkdən ötrü. Kəsəsi, Sürix protokollarını təsdiqləmədiklərinə görə peşiman olublar.
Amma anlamırlar ki, Şuşa Bəyannaməsi var ortada və qardaş Türkiyə Ermənistan siyasəti ilə bağlı mütləq Azərbaycanın rəyini nəzərə alacaq, bunun üçün təkcə qardaşlıq ənənələri əsas deyil, həm də hüquqi baza, Müttəfiqlik Bəyannaməsi var. Deməli, öncə Zəngəzur dəhlizi açılmalı, bu istiqamətdə nəhayət, addım atılmalıdır, Azərbaycanın 8 kəndinin işğalına son qoyulmalıdır! Yəni Türkiyə ilə münasibətlərini “0”-dan başlamaq istəyən Emənistan əvvəlcə Azərbaycanı görməlidir, sülh istiqamətində real addımlar atmalıdır! Kəsəsi, “örkən doğanaq” məsələsi...Zaman gözləmir! Antalyada nağıl danışmaqla deyil, reallıq başqadır, Rubinyan! Utanmaz-utanmaz Ağrı dağının əksi olan gerblə Türkiyə ərazisinə ayaq basırlar, hələ danışmağa dilləri var...Hələ Antalyaya gedən başqa biri də var, xarici işlər naziri Ararat Mirzoyan, Ağrı dağının erməniləşdirilmiş variantını adında gəzdirən şər maşını. Bunlarla sülh çox çətin olacaq, çox...Ağrı iddiasında olan “yan”ların, Türkiyə və Azərbaycanın varlığına görə ağrıyanların, sancılayanların Antalyadakı cığallığından sonra bir daha bu qənaətim möhkəmləndi.
КомментарииОставить комментарий